Məhkəmə qərarları › İş №e-2-1(114)-4410/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-4410/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-4410/2025 03.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan üçüncü şəxslər X2 və X3 həmin ünvandan pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Atatürk prospekti 237,1 №-li bina (yataqxana) onun balansına aiddir. Həmin binanın 47 №-li otağında qeydiyyatda olan şəxslər X2 və X4 uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları haqqında Birlik tərəfindən Cavabdehnə müraciət edilmiş, Cavabdeh Birliyə ünvanladığı xx.xx.2025 tarixli 3-13-57/2-16649/2025 saylı məktubla həmin şəxslərin pasport qeydiyyatından çıxarılmalarına imtina cavabı verərək məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

3. Məhkəmə sorğusu əsasında Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-2399/2025 nömrəli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2007-ci il tarixli 561 nömrəli ölüm akt qeydinə əsasən X5 xx.xx.2007-ci il tarixdə ölmüşdür.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

Əsaslandırma hissəsi:

5. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır.

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48. Məhkəmənin və inzibati məhkəmə icraatı iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 4. Aidiyyət 4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 №-li qərarı ilə təsdiq olunmuş «İnzibati orqanların Təsnifatı»nın İİİ hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, İİ hissəsinin 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri - inzibati orqanlar sırasına aid edilmişdir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 12.1. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

10. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

11. İş materialları ilə müəyyən edilir ki, iddia tələbi mənzildə qeydiyyatda olan şəxslərin oradan qeydiyyatdan çıxarılması üzrə yaranmış mübahisədir və iş üzrə subyektiv tərkib inzibati orqanlardır.

12. Məhkəmə diqqətə çatdırır ki, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmələr həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir. Belə ki, inzibati məhkəmələrin məqsəd və təyinatı inzibati orqanların öz aralarında yaranan mübahisələri həll etmək deyil, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq üçün inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir.

13. Həmçinin nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında şəxsi subyektiv hüquqların müdafiəsinə yönəlmiş iddialar mümkün iddialar sayılır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçı şəxsi subyektiv hüquqa malik deyil, həmin hüququn daşıyıcısı qismində iddiaçının təmsil etdiyi icra hakimiyyəti və bunun üzərindən dövlət çıxış edir. Bu qayda cavabdehə münasibətdə də keçərlidir. Bu mənada icra hakimiyyəti özüözünə qarşı inzibati məhkəmədə mübahisə aça bilməz.

14. Yuxarıda istinad edilən qanunvericilik normalarında iki inzibati orqan arasındakı hazırkı mübahisəyə baxılmasının qanunla, başqa icraat qaydası müəyyən edilmişdir ki, belə olan halda da, bu iddianın İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddialara (o cümlədən, 2.2.3-ci maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddialara) aid edilməsi və inzibati məhkəmə icraatının mümkün sayılması istisna edilir.

15. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddia tələbi inzibati məhkəmə araşdırmasının predmeti ola bilməz. Çünki qanun özlüyündə inzibati orqanlar arasında olan mübahisənin həlli mexanizmini müəyyən etmişdir.

16. Məhkəmə diqqətə çatdırır ki, inzibati münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.

17. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2404/2023 nömrəli qərarlarında və xx.xx.2023-cü il tarixli 2-1(102)-2562/2023 nömrəli qərardadında oxşar mövqe əks etdirilmişdir.

18. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamalıdır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar