Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-4664/2024 22.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehə məxsus olan malların müsadirə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış ümumi alış dəyəri 126 manat olan 139 ədəd tütün məmulatlarının müsadirə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus pərakəndə ticarət obyektində operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin, aksiz markaları ilə markalanmamış 139 ədəd tütün məmulatlarının satış üçün saxlanılması halı aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi Cavabdeh barəsində “Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların markalanmadan və ya saxta markalarla markalanmaqla satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından çıxarılmasının aşkar edilməsi barədə” akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullara “Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların vergi ödəyicisindən götürülməsi haqqında” Protokol tərtib edilərək götürülmüşdür. İşin halları 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********8500 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, Bərdə rayonu, Bərdə şəhəri, Həzi Aslanov küçəsində yerləşən vergi ödəyicisi Cavabdeh məxsus köşkdə aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 000454 nömrəli aktdan görünür ki, operativ vergi nəzarət tədbiri zamanı Bərdə şəhəri, Həzi Alsanov küçəsində yerləşən vergi ödəyicisi Cavabdeh məxsus köşkdə aksiz markası ilə markalanmalı olan, lakin üzərində aksiz markası olmayan 126 manat dəyərində tütün məmulatlarının satış məqsədilə saxlanılması faktı aşkar edilmişdir. Markalanmamış, (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 000464 nömrəli Siyahısından görünür ki, Bərdə şəhəri, Həzi Aslanov küçəsində yerləşən vergi ödəyicisi Cavabdeh məxsus köşkdə aksiz markası ilə markalanmalı olan, lakin üzərində aksiz markası olmayan aşkar edilmiş mallar siyahıya alınmışdır. Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 000634 nömrəli protokola əsasən, Bərdə şəhəri, Həzi Aslanov küçəsində yerləşən vergi ödəyicisi Cavabdeh məxsus köşkdə aksiz markası ilə markalanmalı olan, lakin üzərində aksiz markası olmayan aşkar edilmiş mallar götürülmüşdür. Markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 000143 nömrəli aktdan görünür ki, Bərdə şəhəri, Həzi Aslanov küçəsində yerləşən vergi ödəyicisi Cavabdeh məxsus köşkdə aksiz markası ilə markalanmalı olan, lakin üzərində aksiz markası olmayan aşkar edilərək götürülmüş mallar saxlanılması üçün təhvil verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 212. Müsadirə Müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.2-2. vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq, digər vəzifələri həyata keçirməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi Maddə 1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-203/2024 nömrəli Qərarı
Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı iddia tələbi ilə cavabdehə məxsus siyahıya alınmış malların müsadirə edilməsini xahiş etmiş, tələbinin əsası kimi, Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin olduğunu qeyd etmişdir. İlk öncə qeyd edilməlidir ki, Mülki Məcəllənin 212-ci maddəsində müsadirənin anlayışı verilərək göstərilmişdir ki, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Göründüyü kimi, müsadirə əmlakın mülkiyyətçidən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır ki, bu məcburiyyət tədbiri yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə tətbiq edilə bilər. Digər tərəfdən, Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin olması hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Belə ki, inzibati məhkəmə icraatının qaydaları Vergi Məcəlləsi ilə deyil, İPM-lə və İPM-də başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda isə MPM-lə tənzimlənir. İPM və MPM-də isə əmlakın müsadirə edilməsi qaydası müəyyən edilməmişdir. Həmçinin digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Ona görə də məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehə məxsus olan malların müsadirə edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehə məxsus olan malların müsadirə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva