Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4760/2023 13.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 mart 2022-ci il tarixli, **********155312 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 28 mart 2022-ci ildə başlanılmış, 29 sentyabr 2023-cü ildə başa çatdırılmışdır. Həmin yoxlamanın nəticəsi olaraq **********155913 saylı, 29 sentyabr 2023-cü il tarixli səyyar vergi yoxlama aktı tərtib edilmiş və həmin aktda iddiaçının cəmi 1.700.997,17 manat məbləğdə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176888 nömrəli qərarına əsasən iddiaçıya əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə isə 373.739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 manat borc hesablanmışdır. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq içki və tütün məmulatları da daxil olmaqla, ərzaq mallarının topdan satışı, ixtisaslaşdırılmış mağazalarda sair pərakəndə satış, içki və tütün məmulatları da daxil olmaqla ixtisaslaşdırılmış mağazalarda ərzaq məhsullarının pərakəndə satışı ilə məşğul olmuşdur. Cavabdeh təşkilatın həmin qərarı aşağıda qeyd olunanlara əsasən tamamilə qanunsuz və əsassızdır və buna görə də ləğv edilməlidir. İ. Vergi orqanının 11 mart 2022-ci il tarixli, **********155312 saylı qərarında iddiaçinin Gəncə şəhəri, Tağı-Arani küçəsi, İmperial şadlıq sarayının yanı və ünvan 1 ünvanlarda yerləşən 2 mağazasında yoxlama aparılması nəzərdə tutulsa da cavabdeh vergi orqanının işçiləri kobud qanunsuzluğa yol verərək, qərardan kənara çıxmış və iddiaçının 4 mağazasında yoxlama aparmışlar. Bundan başqa, iddiaçının mağazalarında satılan aşağıdakı 4 sahə üzrə – Aksiz markaları ilə markalanmalı olan materialların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi (50.1.2.), əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (50.1.3.), Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (50.1.7.) və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi (50.1.12.) məsələləri üzrə yoxlama keçirilməsi nəzərdə tutulduğu halda cavabdeh təşkilat qanunsuz olaraq sahibkarın bütün fəaliyyəti üzrə, yəni digər sahələr üzrə də yoxlama aparmış və bu hissədə də qərardan kənara çıxmışdır. Bundan başqa, cavabdeh iddiaçıdan həmin mallara dair bütün sənədlərin dərhal təqdim edilməsini təkidlə tələb etmişdir. Halbuki, bu tələb qanunsuz olmaqla yanaşı, həm də həmin sənədlərin dərhal təqdim olunması praktiki olaraq mümkün deyildir. Buna baxmayaraq cavabdeh təşkilatın işçiləri iddiaçıya ciddi təzyiqlər göstərmiş, hədə-qorxu gəlmiş, onun mağazalarındakı kompyuterlərə qanunsuz olaraq müdaxilələr etmiş və digər qanunsuz hərəkətlərə yol vermişdir. Nəticədə iddiaçı bu qanunsuz hərəkətlərdən stress keçirmiş, təzyiqi yüksək həddə çatmış, vəziyyəti pisləşmiş və təcili tibbi yardıma ehtiyacı yaranmışdır. Cavabdeh təşkilatın işçiləri hətta sahibkara təcili tibbi yardım göstərilməsi üçün həkimlərin çağırılmasına da bir müddət imkan verməmişlər. Cavabdeh təşkilatın işçiləri nəinki iddiaçıya tibbi yardım göstərilməsinə mane olmuş, eyni zamanda onun həmin vəziyyətindən sui-istifadə edərək özünə məlum olmayan bir çox sənədləri onun qarşısına qoyaraq, həmin sənədələrə imza atdırmışlar. Baş verən bu özbaşınalıqlardan sonra iddiaçının sağlamlığı ciddi şəkildə pozulmuş və nəticədə şəkər xəstəliyinə tutulmuşdur. Bundan başqa, vergi orqanının işçiləri sahibkarın kompyuterlərinə qanunsuz daxil olmuş və guya oradan qara mühasibatlığa aid olan fayl aşkar etmişlər. Lakin həmin faylı iddiaçıya təqdim etməmişlər. Həmin faylın nədən ibarət olduğu, kimin tərəfindən hazırlandığı, haradan götürüldüyü və orada hansı məlumatların qeyd olunduğu da məlum deyildir. Cavabdeh təşkilat bu barədə heç bir araşdırma da aparmadan həmin sənədləri sahibkara məxsus olan qara mühasibatlıq sənədi kimi dəyərləndirmiş və həmin sənədə, həmçinin digər saxta sənədlərə əsaslanaraq iddiaçıya əsassız vergilər hesablamışdır. İddiaçı yoxlama aparılan 4 mağaza üzrə götürdüyü və tərtib etdiyi sənədlərin surətlərinin tanış olmaq üçün ona verilməsini cavabdehdən tələb etsə də, həmin sənədlər ona verilməmişdir. Buna görə də sahibkar indiyədək həmin sənədlərdən məlumatsızdır. Cavabdeh təşkilatın tərtib etdiyi sənədləri indiyədək əldə edə bilmədiy üçün məhkəməyə həmin sənədlərlə bağlı əsaslı məlumatları və sübutları təqdim edə bilmir. Əgər cavabdeh təşkilat vergi yoxlamasını qanunvericiliyin tələblərinə uyğun qaydada keçirsəydi və iddiaçının vergidən yayınma faktlarını müəyyən edib qanuni şəkildə əsaslandırılmış qərar qəbul etmiş olsaydı, iddiaçı bunu normal qəbul edər və vergi öhdəliklərini qanun çərçivəsində icra edərdi. Lakin cavabdeh təşkilatın nümayəndələrinin bütün qanunsuz hərəkətləri və özbaşınalıqları onu göstərir ki, onlar iddiaçıya qarşı qərəzlidirlər və ona borc hesablanması barədə qəbul etdikləri qərar da tamamilə qanunsuz və əsassızdır. Cavabdeh təşkilatın nümayəndələrinin bu və digər qanunsuz hərəkətlərinin video görüntülərinə dair materialları işə mahiyyəti üzrə baxılan zaman məhkəməyə “fləş –kart” da təqdim edəcəyik. İİ. Cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlaması üzrə tərtib olunan aktlar araşdırılarkən də ciddi uyğunsuzluqların və qanuna zidd hesablamaların aparıldığı müəyyən olundu. Belə ki, səyyar vergi yoxlamasının nəticəsi olaraq cavabdeh tərəfindən əvvəlcə 06 iyun 2023-cü il tarixli akt tərtib edilmiş və həmin aktda vergi və maliyyə sanksiyaları ilə birlikdə ümumilikdə 11.737.398.5 manat dəyərində vergi kənarlaşması olduğu qeyd olunmuşdur. Lakin sonradan həmin akt cavabdeh təşkilatın özü tərəfindən təkrar araşdırılmış və istinad edilən bütün müddəaların səhv olması səbəbindən elə cavabdeh təşkilatın özü tərəfindən də ləğv edilmişdir. Bundan sonra cavabdeh səyyar vergi yoxlamasının nəticəsi olaraq 29.0.2023-cü il tarixli yeni akt tərtib etmiş, lakin həmin aktda da ciddi qanunsuzluqlara yol verilmişdir. Yoxlama ilə iddiaçıya aprel 2019/Yanvar 2022-ci illər üzrə 760.258,64 manat ƏDV, 2020/2021-ci illər üzrə 373.739,47 manat gəlir vergisi olmaqla 1.133.998,11 əlavə vergi hesablanmışdır. Yoxlama aktında əlavə vəsaitlərin hesablanması əsası kimi, aşağdakı səbəblərə istinad olunmuşdur: 1) İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi (bundan sonra VCİABİ) tərəfindən keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı məxsus təsərrüfat subyektindən 05 aprel 2022-ci ildə götürülmüş 4 qutu, 7 ədəd fayl dövriyyə cədvəlləri və 1 ədəd fləş-kard olmaqla elektron fayllar və kağız daşıyıcılarda götürülmüş materiallar üzrə göstəricilər ödəyicinin bəyannamə göstəriciləri ilə müqayisə olunarkən ödəyicinin satış dövriyyələrini hesabatda tam əks etdirməməsi. Bu əsasa görə İddiaçı vergitutulan dövriyyəsi 2020-ci ilin yanvar ayı üzrə 99.810,2 manat, may ayı üzrə 15.828,1 manat, avqust ayı üzrə 474.580,77 manat, oktyabr ayı üzrə 220.212,86 manat, noyabr ayı üzrə 275.296,4 manat, 2021-ci ilin yanvar ayı üzrə 637.278,66 manat, fevral ayı üzrə 227.498,54 manat, mart ayı üzrə 298.022,88 manat, avqust ayı üzrə 40.888,67 manat, sentyabr ayı üzrə 270.024,85 manat olmaqla cəmi 2.559.442,93 manat məbləğində dövriyyəni azaltması qənaətinə gəlməklə, 2020-ci il üzrə 195.431,1 manat, 2021-ci il üzrə 265.268,63 manat olmaqla, cəmi 460.699,72 manat ƏDV hesablanmışdır. Həmçinin, bu əsasa görə gəlir vergisi üzrə dövriyyənin 2020-ci il üzrə 985.918,13 manat, 2021-ci il üzrə 1.473.714,6 manat, cəmi 2.459 632,73 manat azaldılması qənaətinə gəlməklə, 2020-ci il üzrə 197 183,61 manat, 2021-ci il üzrə 176 555,86 manat, cəmi 373 739,47 manat gəlir vergisi üzrə əlavə vəsait hesablanmışdır. Bu zaman vergi orqanı tərəfindən kompyuter yaddaşındakı mənbəyi məlum olmayan məlumatlar mahiyyətinə görə “qara mühasibatlıq” sənədlərinə aid edilərək, İddiaçı maliyyə-sahibkarlıq fəaliyyətini əks etdirməsi əsası ilə dəyər hissəsində toplanmış və alınmış məbləğ aparılmış əməliyyatların dəyəri kimi qiymətləndirilmişdir. Vergi orqanı bu məlumata istinadən belə qənaətə gəlmişdir ki, İddiaçı tərəfindən vergi tutulan əməliyyatların dəyəri düzgün müəyyən edilməmiş və nəticədə gəlir vergisi və ƏDV-nin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdır. Halbuki, həmin sənədlərdə ümumi şəkildə satılması planlaşdırılan (ehtimal edilən) malların ümumi siyahısı tərtib edilmiş, bu malların satış tarixləri, alıcı vergi ödəyiciləri, alqı-satqı müqaviləsi, malların təhvil verilməsi, ödənişi, tərtib edilmiş qaimə-faktura barədə heç bir məlumat olmamışdır. Göstərilən məlumatları özündə əks etdirməyən elektron yaddaşa istinad etməklə verginin hesablanması isə Vergi Məcəlləsinin 12.1-ci və 83.2-ci maddələrinin tələblərinə zidd olmuşdur. Belə ki, VM-nin 12ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 1. vergitutma obyekti; 2. vergitutma bazası; 3. vergi dövrü; 4. vergi dərəcəsi; 5. verginin hesablanması qaydası; 6. verginin ödənilməsi qaydası və müddəti. Vergitutma obyekti indiki halda gəlir, mənfəət, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsidir. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Lakin, elektron məlumatda malların faktiki satışını təsdiq edən heç bir rəsmi məlumat olmadığından, hər hansı gəlir, mənfəət, malların əlavə edilmiş dəyəri, ticarət əlavəsi mövcud olmamışdır. Bu maddənin tələblərindən də bəlli olur ki, vergi yalnız o halda hesablana bilər ki, sadalanmış elementlərin mövcudluğu müəyyən edilmiş olsun. Yəni əgər maddədə sadalanan şərtlərdən biri mövcud deyildirsə, bu halda müəyyən edilməmiş vergilərin tutulmasına yol verilə bilməz. Bu elementdən birinə isə vergitutma obyekti aiddir. Vergitutma obyekti müxtəlif hüquqi faktlar barədə məlumatları bildirir. Hüquqi fakta həmçinin malların təqdim edilməsi aiddir. İddiaçıya münasibətdə nənfəət vergisi, ƏDV və aksiz vergisinin hesablanmasının əsasını malların satılması və iqtisadi faydanın əldə edilməsi barədə ehtimalları təşkil edir. Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Göründüyü kimi, bu maddədə verginin hesablanma əsası kimi mənbəyi bəlli olmayan, heç bir rəsmi sənədlə təsdiq edilməyən elektron məlumat göstərilməmişdir. VMnin 83.2.4-cü maddəsinə əsasən, qanuna əsasən, mənbəyi bəlli olan məlumat dedikdə, özündə vergi ödəyicisinin fəaliyyəti İlə əlaqədar məlumatları əks etdirən, eləcə də vergi ödiyicisinə məxsusluğu təkzibolunmaz sübutlarla təsdiq olunan məlumatlar başa düşülməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi cavabdeh vergi orqanı iddiaçıya vergi hesablayarkən bu normaların tələblərinə əməl etməmiş, vergilərin hesablanması zamanı həmin normalarda təsbit edilmiş əlaqələri məlumatlara deyil, götürülmüş kompyuter avadanlığının yaddaşında olan möhürsüz, imzasız, ciddi hesabat blankı hesab edilməyən sənədləri əsas götürmüşdür. Götürülmüş kompyuter yaddaşındakı mənbəyi məlum olmayan məlumatlar vergilərin hesablanması üçün o zaman əsas kimi qəbul edilə bilərdi ki, həmin məlumatlar və qeydlər rəsmi və əlaqəli məlumatlarla, məsələn cavabdehin mülahizəsinə görə, İddiaçı satış aparmış olduğu ehtimal edilən hüquqi və ya fiziki şəxslərdən götürülmüş sənədlərlə (əlaqəli məlumatlarla) məcmu şəkildə təsdiq edilmiş olardı. Həmin fayllardakı məlumatların hansı qaydada bilavasitə vergitutma məqsədləri üçün malların təqdim edilməsi kimi qiymətətləndirildiyi məlum deyil. Baxmayaraq ki, formalaşmış məhkəmə təcrübəsinə görə həmin sənədlər və məlumatlar yalnız digər sübutlarla məcmu şəklində öz təsdiqini tapdığı halda vergitutma məqsədləri üçün istifadə edilə bilər. İddiaçı tərəfindən ekspertizaya yoxlamanın predmetinə aid 01.02.19-cu il tarixdən 31.01.22-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, o cümlədən müqavilələr, alqı-satqı sənədləri, mal-material hesabatları, bank və xəzinə sənədləri, gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri və yoxlamanın keçirilməsi üçün zəruri digər sənədlər təqdim edilmişdir. Qeyd edək ki, həmin sənədlər səyyar vergi yoxlaması aktının 4-cü səhifəsində qeyd olunduğu kimi, iddiaçı tərəfindən tam olaraq yoxlamaya təqdim edilmiş və yoxlama aktında da hər hansı sənədin iddiaçı tərəfindən yoxlamaya təqdim edilməməsi ilə bağlı hər hansı bir qeyd olmamışdır. Həmin sənədlər iddiaçının dövriyyəsini, vergi öhdəliyini müəyyən etmək üçün kifayət etdiyi halda, vergi orqanı bu sənədlərdən deyil, mənbəyi bəlli olmayan elektron və kağız daşıyıcısında olan məlumatlardan istifadə etməklə əsassız vergilər hesablamışdır. İddiaçının təqdim etdiyi həmin sənədlərin ekspert tərəfindən araşdırılması zamanı vergi tutulan dövriyyəni və vergi öhdəliyini düzgün müəyyən etdiyi təsdiq edilmişdir. Bundan başqa, həmin elektron və kağız daşıyıcısında olan məlumatlar “Mühasibat uçotu haqqında” AR Qanunun 2.1.10 və 2.1.11-ci maddələrinə əsasən dövriyyənin müəyyən edilməsi və verginin hesablanması zamanı istifadə olunan ilkin mühasibat uçotu sənədi kimi də qəbul edilə bilməz. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il Q-01N-li əmri ilə təsdiq edilmiş “X1 standartlara və kommersiya təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına və Kommersiya təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. İlkin uçot sənədləri əməliyyatın baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyat başa çatdıqdan sonra tərtib edilməlidir. İndiki halda, elektron və kağız daşıyıcısında olan məlumatlarda yuxarıda göstərilən rekvizitlərin heç biri mövcud olmamışdır. Göründüyü kimi, mühasibat uçotu haqqında qanunvericilikdə “fləş -karta” və ya “qara mühasibatlığa” dair hər hansı bir qeyd və istinad mövcud deyildir. Bununla yanaşı VM-də də “qara mühasibatlıq” anlayışı verilməmişdir. Həmçinin vergi orqanı tərəfindən VM-nin 67.1-ci maddəsində göstərilən hallarda digər əlaqəli məlumatlardan istifadə etməklə, vergi hesablana bilərdi ki, indiki halda bunların heç biri mövcud olmamışdır. Yoxlama zamanı vergi orqanının tələb etdiyi bütün sənədlər yoxlamaya təqdim edilmiş, mühasibat uçotunun aparılmaması və ya mühasibat uçotunun müəyyən edilmiş qaydada aparılmaması, uçot və hesabat sənədlərinin məhv olunması (itirilməsi) kimi hallar müəyyən edilməmişdir. Nə “fləşkart” məlumatlarında, nə də səyyar vergi yoxlaması aktında təqvim ayları üzrə malların anbara mədaxil və məxarici barədə də hər hansı açıqlama verilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, yoxlama aktında “fləşkarta” istinad edilən dövriyyədən gəlir vergisinin hansı qaydada hesablanması qaydası açıqlanmamışdır. Yoxlama aktının 14-cü səhifəsində 2020-ci il üzrə “fləş-kart”a əsasən müəyyən edilən 985 918,13 manat əlavə dövriyyəyə görə 197 183,61 manat əlavə gəlir vergisinin hesablandığı göstərilir. Rəqəmlərin təhlilindən belə nəticəyə gəlinir ki, bu zaman 985 918,13 manatın 20%-i miqdarında gəlir vergisi hesablanmışdır ki, bu hesablama qaydası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə zidd olmuşdur. Belə ki, həmin maddəyə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 96-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Hazırkı halda isə, heç bir xərc araşdırılmadan və nəzərə alınmadan bütün dövriyyəyə 20%-lə gəlir vergisi hesablanmışdır. 2021-ci il üzrə “fləş-kart”a əsasən müəyyən edilən 1.473.714,6 manat əlavə dövriyyəyə görə 176 555,86 manat əlavə gəlir vergisi hesablanmışdır ki, bu halda hesablanan vergi dövriyyənin 12%-ni təşkil edir. Halbuki, Vergi Məcəlləsinin 101.3cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. 2021-ci il üzrə də əlavə gəlir vergisi hesablanarkan, yoxlama aktında verginin hesablanma qaydası açıqlanmamış, xərclərin nəzərə alınıb-alınmaması nəzərə alındığı halda hansı xərclərin və hansı məbləğdə nəzərə alındığı yoxlama aktında göstərilməmişdir. Vergi orqanının hesablamanın əsası kimi istinad etdiyi “İddiaçı məxsus kompyuterlərin bazasından və obyektdə yerləşən serverdən alınan məlumatlar üzrə vergi ödəyicisinin dövriyyəsi barədə məlumat”da (elektron cədvəldə) 2019-2022-ci illər üzrə ümumi şəkildə rəqəmlər göstərilmişdir. Cədvəlin sütunlarında həmin rəqəmlərin obyektlər üzrə bölgüsü aparılmışdır. Lakin, həmin rəqəmlərin hansı ilkin uçot sənədləri əsasında yığıldığı qeyd olunmamış, müvafiq ilkin uçot sənədlərinin siyahısı (qaimələrin seriya, nömrə və tarixləri qeyd olunmaqla) əks olunmamışdır. Bundan başqa, rəqəmlərin obyektlər üzrə bölgüsünü də təsdiq edən heç bir mühasibat sənədinə istinad olunmamışdır. Belə ki, obyektlərdə qeydiyyatda olan nəzarət kassa aparatı üzrə müvafiq “Z” hesabatları çıxarılmamış, həmin aparatlar üzrə dövriyyələr kassa aparatının hesabatları ilə araşdırılmamış, yalnız ümumi şəkildə, heç bir sənədli əsaslandırma olmadan dövriyyələr müəyyən edilməklə obyektlər üzrə qeyri-müəyyən bölgü aparılmışdır. Həmçinin, vergi orqanı məhkəməyə elektron şəkildə əlyazmalar təqdim etmişdir ki, həmin əlyazmalarda da ümumi şəkildə dövriyyə rəqəmləri göstərilmiş, həmin dövriyyələri də təsdiq edən heç bir ilkin uçot sənədinə istinad olunmamışdır. Digər elektron cədvəldə isə ümumi dövriyyə, maya dəyəri, mənfəət göstərilmişdir. Cədvəldə göstərilən dövriyyə, maya dəyəri də heç bir ilkin mühasibat sənədi ilə təsdiq olunmamış, heç bir alıcı, satıcı barədə məlumata istinad olunmamışdır. Halbuki, vergitutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları VMnin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi VM-də nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Bundan başqa, həmin elektron məlumatlardakı dövriyyələr vergi orqanının qərarı ilə keçirilmiş xronometraj metodu ilə müşahidə zamanı qeydiyyata alınmış dövriyyədən də kəskin şəkildə fərqlənmişdir. Belə ki, xronometraj metodu ilə müşahidənin nəticəsi barədə xx.xx.2020-ci il tarixli 006032 nömrəli yekun akta əsasən 05–19 mart 2020-ci il tarixlərində keçirilmiş müşahidə zamanı 40.916,44 manat orta günlük satış dövriyyəsi müəyyən edilmişdir. Xronometraj metodu ilə müşahidənin nəticəsi barədə xx.xx.2020-ci il tarixli 006033 nömrəli yekun akta əsasən İddiaçı digər obyektində (“Əminə Gold”) 05–19 mart 2020-ci il tarixlərində keçirilmiş müşahidə zamanı 7.997,68 manat orta günlük satış dövriyyəsi müəyyən edilmişdir. Xronometraj metodu ilə müşahidənin nəticəsi barədə xx.xx.2020-ci il tarixli 006026 nömrəli yekun akta əsasən İddiaçı digər obyektində (Gəncə ş. Tağı-Arani küç-də yerləşən “X9”də) 05–19 mart 2020-ci il tarixlərində keçirilmiş müşahidə zamanı 51.945,57 manat orta günlük satış dövriyyəsi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə isə “fləşkard” məlumatlarına istinad etməklə 2020-ci ilin mart ayı üzrə xronometraj metodu ilə müşahidə ilə qeydiyyata alınmış dövriyyədən əlavə 135.000 manatadək dövriyyə müəyyən edilmişdir. Bu halda belə qənaətə gəlinir ki, xronometraj metodu ilə müşahidə zamanı vergi əməkdaşları 135.000 manatlıq dövriyyəni müşahidədən yayındırmışlar. Göründüyü kimi, vergi orqanının eyni dövr üzrə yoxlama aktları arasında ziddiyyət yaranmışdır (hesablama cədvəli əlavə olunur). Yuxarıda göstərilən hallar vergi orqanının hesablamasının nə hüquqi, nə də iqtisadi əsalandırmasının olmadığını göstərir. 2. SVY aktı ilə ƏDV üzrə əlavə vəsaitin hesablanmasının digər səbəbi kimi vergi ödəyicisinin bir dəfə əvəzləşdirməyə vermiş olduğu elektron qaimə fakturaları növbəti dövrlərdə təkrarən əvəzləşdirməyə verərək əmtəəsiz əməliyyat aparması göstərilmiş və bu əsasa görə 2019-cu il üzrə 35 329,4 manat, 2020-ci il üzrə 171 396,48 manat, 2022-ci il üzrə 22 922,03 manat, cəmi 229 647,91 manat ƏDV hesablanmışdır. Lakin yoxlama aktında məhz hansı elektron qaiməfakturalar üzrə təkrar əvəzləşdirmə verilməsi, həmin elektron qaimə-fakturaların tarixləri, seriya və nömrələri, əvəzləşdirmənin ilk dəfə hansı hesabat dövründə (təqvim aylarında), təkrar hansı hesabat dövründə verildiyi göstərilməmişdir. Bu səbəbdən də təkrar əvəzləşdirməyə görə yoxlama ilə 229 647,91 manat ƏDV hesablanması əsassız olmuşdur.
3. SVY aktı ilə ƏDV üzrə əlavə vəsaitin hesablanmasının digər səbəbi kimi, SVY zamanı vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfar subyektlərində keçirilmiş inventarizasiya zamanı vergi ödəyicisinin sahibliyində olan malların ümumi dəyəri 5.637.716,27 manat (ƏDV-siz) göstərilsə də 405.948,18 (ƏDV-siz) manat dəyərində malların əskik gəlməsi göstərilmişdir. Bu zaman əskik gələn mallar yoxlama dövrünün sonuncu hesabat dövrünə, yəni 2022-ci ilin yanvar ayının ƏDV bəyannaməsinə təqdim edilmiş malların dəyərinə əlavə edilməklə 69.911 manat məbləğində əlavə vergi hesablanmışdır. İnventarizasiyanın təyin edilməsi üçün VM-nin 38.5.1, 38.5.2, 38.5.3 və 38.5.4-cü maddələrinə və Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 82N-li qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydalarının 2.2, 2.4 və 2.5-ci bəndlərinə əsasən heç bir hüquqi əsas olmadığı halda SVY zamanı 12 saylı ƏVBİ-nin 25.04.22-ci il tarixli **********156942N-li qərarı ilə inventarizasiya təyin edilmişdir. Nəticədə İddiaçı məxsus təsərrüfat subyektlərində inventarizasiyanın keçirilməsi haqqında qanunsuz və əsassız qərar çıxarılmışdır. Qeyd edilməlidir ki, vergi orqanının tərtib etmiş olduğu malların siyahısında Qaydalarda göstərildiyi kimi mədaxil və məxaric sənədləri və ya maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlara deyil, “barkod” məlumatlarına istinad olunmuşdur. Bir sıra hallarda isə cədvəlin “barkod” sütunu boş saxlanılmaqla, heç bir məlumat göstərilməmişdir. Halbuki, nə Vergi Məcəlləsində, nə də yuxarıda qeyd olunan Qaydalarda “barkod”a istinad olunmaqla inventarizasiyanın aparılması barədə heç bir müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, inventarizasiya siyahıları da Qaydalarda göstərildiyi kimi mürəkkəblə və ya diyircəkli qələmlə aydın və dəqiq yazılmaq əvəzinə elektron qaydada “excel” proqramında işlənilmişdir ki, nəticədə də həmin cədvələ yoxlayıcı tərəfindən sonradan qeyri-məhdud şəkildə dəyişiklik, düzəliş edilməsi imkanı yaranmışdır. Qanunvericilik məhz siyahıya sonrakı düzəlişin qarşısının alınması üçün onun mürəkkəblə və ya diyircəkli qələmlə aydın və dəqiq yazılmalı olduğunu təsbit etmişdir. İndiki halda siyahının qanunvericilikdə göstərilən şəkildə tərtib edilməməsi, onun düzgünlüyünü, siyahıya sonradan hər hansı düzəlişin edilməməsini şübhə altına almış olur. İddiaçı səyyar vergi yoxlaması aktını imzalaması və yoxlama aktı ilə hesablanmış məbləğin müvafiq qrafiklə ödənilməsinə razılıq verməsi ilə bağlı isə bildirilir ki, əvvəla iddiaçı qeyd olunan akta imza atmağa məcbur edilmişdir. Belə ki, səyyar vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən 06 iyun 2023-cü il tarixli akt tərtib edilmiş və həmin aktda vergi və maliyyə sanksiyaları ilə birlikdə ümumilikdə 11.737.398.5 manat dəyərində vergi kənarlaşması olduğu qeyd olunmuşdur. Həmin məbləğlə bağlı ona vergi orqanı tərəfindən mütəmadi olaraq təzyiqlər göstərilmiş və sonradan, yəni 29 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş səyyar vergi yoxlaması aktında qeyd olunan 1.700.997,17 manat məbləğlə razılaşmadığı halda ona birinci vergi yoxlama aktında göstərilən məbləğdə əlavə vergilərin hesablanacağı ilə təhdid olunmuşdur. Buna görə də o, həmin akta imza atmağa məcbur olmuşdur. Həmçinin nəinki aktın imzalanması, hətta yoxlama aktı ilə hesablanmış verginin ödənilməsi belə vergi ödəyicisini yoxlama aktının nəticələrindən şikayət vermək hüququndan məhrum etmir. Bu baxımdan iddia tələbinin təkzib edilməsi əsası kimi vergi orqanının ödəyicinin aktı imzalaması və hesablanmış verginin ödənilməsi ilə bağlı qrafikə imza etməsinə istinad etməsi əsassız və qanunsuz olmuşdur. Bundan başqa, İddiaçı tərəfindən iddia ərizəsinin xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində vergi orqanı hesablamanın əsasını təsdiq edən heç bir rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bundan sonra, İddiaçı verginin hesablanma əsası kimi səyyar vergi yoxlaması aktında göstərilən əsasları təsdiq edən sənədlərin, yəni VCİABİ tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus olan mağazalardakı kompyuterdən götürüldüyü iddia edilən “fləşkart” elektron faylların və kağız daşıyıcısında götürülmüş materialların, yoxlama aktında 2 dəfə əvəzləşdirməyə verilməsi bildirilən elektron qaimə-fakturaların siyahısının (nömrə, tarix və məbləğ göstərilməklə), əvəzləşdirmənin 1-ci dəfə və təkrar (2-ci dəfə) verildiyi hesabat dövrlərinin siyahısı, inventarizasiya siyahılarının təqdim edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin vergi orqanı tərəfindən yuxarıda qeyd olunan və heç bir rəsmi sənədə istinad olunmayan, ümumi şəkildə rəqəmlər göstərilmiş cədvəllər təqdim edilmişdir. İş üçün əhəmiyyət kəsb edən sənədlər - ƏDV əvəzləşdirməsinin təkrar verilməsi ilə bağlı tələb olunan siyahılar, hesabat dövrləri barədə məlumatlar isə ümumiyyətlə təqdim olunmamışdır. Vergi orqanı tərəfindən həmin sənədlərin məhkəməyə təqdim edilməməsi bir daha təsdiq edir ki, vergi orqanının əldə etdiyi mənbəyi məlum olmayan fayllar vergi ödəyicisi tərəfindən hazırlanmamışdır və ona aid deyildir. Bundan başqa, X2 04 dekabr 2023-cü il tarixli, 138/1 nömrəli rəyi ilə də vergi orqanının fərdi sahibkar barəsində tərtib etdiyi 29 sentyabr 2023-cü il tarixli, **********155913 nömrəli səyyar vergi yoxlaması aktının, həmçinin mübahisələndirilən qərarın tamamilə qanunsuz və əsassız olduğu müəyyən edilmişdir. Həmin rəy etiraza əlavə olunur. İİİ. Yoxlamanın keçirilməsi müddətinin əsassız uzadılması barədə yuxarıda qeyd olunan qanun pozuntuları ilə yanaşı yoxlamanın qanunla müəyyən edilmiş müddətləri də vergi orqanı tərəfindən pozulmuşdur. Belə ki, səyyar vergi yoxlaması 28 mart 2022-ci ildə başlanılmış, 29 sentyabr 2023-cü ildə başa çatdırılmışdır. Göründüyü kimi yoxlama 18 ay davam etdirilmişdir. Yoxlamanın müddəti hər biri 30 gün olmaqla iki dəfə - xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarla uzadılmışdır. Yoxlama həmçinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023- cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli qərarlarla ümumilikdə 271 gün olmaqla, 17 dəfə dayandırılmışdır. Bundan başqa, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtib olunması üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə isə səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtib olunma müddəti qanunda göstərilən konkret hallarda və yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən 30 iş günündən çox olmayan müddətə uzadıla bilər. Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtib olunma müddəti 26 aprel 2023-cü il tarixli qərarla 30 gün müddətinə uzadılmış, sonradan əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 07 avqust 2023-cü il tarixli qərar qəbul edilərək, səyyar vergi yoxlaması əlavə olaraq 60 gün müddətinə də uzadılmışdır. Göründüyü kimi, hazırki iş üzrə səyyar vergi yoxlaması 17 ay müddətində davam etmiş və həmin müddət ərzində nitəddüM“ uzadılması barədə” və “Yoxlamanın dayandırılması barədə” dəfələrlə qərarlar qəbul olunmuş, lakin həmin qərarların qəbulunun zəruriliyi nə həmin qərarlarda, nə səyyar vergi yoxlaması aktında, nə də həmin akt əsasında qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli qərarda əsaslandırılmamış, nəticədə vergi qanunvericiliyinin tələbləri ciddi şəkildə pozulmuşdur. Səyyar vergi yoxlamasının bu qədər əsassız olaraq uzadılması “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli 2257 nömrəli Sərancamına və həmin Sərəncamla təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin müddəalarına da ziddir. Həmin Sərəncamın 2-ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin (2.3). Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Bundan başqa, hazırda iddiaçının 253 nəfər işçisi var, onun bir aylıq əmək haqqı fondu, məcburi ödənişlər də daxil olmaqla, 138 000 (bir yüz otuz səkkiz min) manat təşkil edir. Nəzərə alınmalıdır ki, 253 nəfər işçi, həm də 253 ailə deməkdir. Deməli iddiaçının sahibkarlıq fəaliyyəti nəticəsində 253 ailə öz dolanışığını təmin edir. Bundan başqa, iddiaçı öz fəaliyyətini təmin etmək üçün banklardan külli miqdarda kredit götürmüşdür. Hazırda onun banklara təqribən 1.500.000 manat kredit borcu vardır. İddiaçıya qarşı belə bir qərəzli münasibət göstərilərək qanunsuz vergilərin hesablanması və həmin vergi məbləğinin alınması iddiaçının kredit öhdəliklərinin icra edilməməsinə, fiziki və hüquqi şəxslər qarşısında olan öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olacaq ki, bu da onun sahibkarlıq fəaliyyətinin tamamilə dayandırılmasına gətirib çıxaracaqdır. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi, həmçinin iddia ərizəsində və ərizəyə əlavədə qeyd olunan məzmunda izahat verdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixli vergi yoxlamasının keçirilməsi barədə qərarda iddiaçının bütün obyektlərində yoxlama aparılması qərara alınmışdır, ona görə də 4 obyektdə yoxlamanın qanunsuz aparılması barədə iddiaçının dəlilləri əsassızdır. Bundab başqa, gəlir vergisinin 20% miqdarında hesablanması barədə dəlillər də əsassızdır. Yoxlama zamanı iddiaçının kompüterindən götürülmüş məlumatlardan, həmçinin digər sənədlərdən istifadə edilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı sahibkarlıq fəaliyyəti üzrə 2019, 2020 və 2021-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. KY221722250 saylı "Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış"da qeydlər mövcuddur. Səyyar vergi yoxlaması əlavə dəyər vergisi üzrə 2019-cu ilin fevral-2022-ci ilin yanvar aylarını, gəlir vergisi üzrə 2019, 2020,2021-ci illəri, sadələşdirilmiş vergi üzrə 2019-cu ilin 1-ci, ödəmə mənbəyində tutulan vergi 2019-cu ilin 2, 3 və 4-cü, 2020 və 2021-ci ilin 1-4-cü rübləri, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2019, 2020 və 2021-ci illəri, məcburi dövlət sosial sığorta haqları üzrə 2019-cu ili əhatə etmişdir. Səyyar vergi yoxlaması şəxsən iddiaçının iştirakı ilə və vergi ödəyicisinin təqdim etdiyi sənədlər "Hesabat və Axtarış" informasiya sisteminin məlumatları, müəssisədə keçirilən operativ vergi nəzarəti zamanı götürülmüş elektron fayllar, bank əməliyyatları barədə rəsmi məlumatlar əsasında aparılmışdır. İddiaçı səyyar vergi yoxlamasının nəticəsi olan xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktını imzalamaqla həmin yoxlama ilə müəyyən edilmiş halların həqiqiliyini və cavabdeh tərəfindən müəyyən edilmiş vergi öhdəliyinin düzgünlüyünü qəbul etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı da iddiaçı imzalamış və bununla da onun tərəfindən hazırkı iddia tələbi əsasında mübahisələndirilmiş qərarın hüquqi nəticələri qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“İddiaçı məxsus kompüterlərin bazasından və obyektdə yerləşən serverdən alınan məlumatlar üzrə vergi ödəyicisinin dövriyyəsi barədə məlumat” cədvəlindən görünür ki, şaquli sütunlarda 2019-2022-ci illər, Hiper 1, Hiper 2,Kəpəz, Kəklikotu yazılmış və həmin sütunlarda göstərilən rəqəmlərin cəmi qeyd edilmişdir. İddiaçı 69 səhifədən ibarət olan, ona məxsus kompüterlərdən götürülmüş həmin cədvəllərdəki məlumatların düzgünlüyünü təsdiq edərək imzalamışdır. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə 373739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat vergi borcu hesablanmışdır.
Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ilə İddiaçı əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə 373739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat vergi borcu hesablanmışdır.İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İlk növbədə cavabdehin mübahisələndirilən qərarınının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. -48.2.8-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Mübahisələndirilən qərarın qanunsuz olması və ləğv edilməsi əsasları:-
1. Vergi orqanının hesablamanın əsası kimi istinad etdiyi iddiaçıya məxsus kompyuterlərin bazasından və obyektdə yerləşən serverdən alınan məlumatlar üzrə vergi ödəyicisinin dövriyyəsi barədə məlumat”da (elektron cədvəldə) 2019-2022-ci illər üzrə ümumi şəkildə rəqəmlər göstərilmişdir. Lakin həmin rəqəmlərin hansı ilkin uçot sənədləri əsasında yığıldığı qeyd olunmamış, müvafiq ilkin uçot sənədlərinin siyahısı (qaimələrin seriya, nömrə və tarixləri qeyd olunmaqla) əks olunmamışdır. Obyektlərdə qeydiyyatda olan nəzarət kassa aparatı üzrə müvafiq “Z hesabatları çıxarılmamış, həmin aparatlar üzrə dövriyyələr kassa aparatının hesabatları ilə araşdırılmamış, yalnız ümumi şəkildə dövriyyələr müəyyən edilməklə obyektlər üzrə qeyri-müəyyən bölgü aparılmışdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. -2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. -2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 9-cu bəndinə əsasən bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı, “İstehsal ehtiyatlarının alış aktı, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası, “Alış sifarişi”, “Hazır məhsulların təhvilqəbul aktı, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaiməfakturası, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Lakin cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən elektron qovluğa istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərarlar qəbul etmişdir. Hazırkı mübahisəyə Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi həmin Məcəllənin 67.1-ci maddəsinin digər müddəalarının (67.1.1- 67.1.8-ci maddələrin) ümumi kontekstindən kənar tətbiq olunmalı deyil. Belə ki, 67.1.1-67.1.8-ci maddələrdə göstərilən əlaqəli məlumatların mənbəyini qanunverici aşkar olaraq göstərmiş və həmin mənbələrin rəsmi xarakter daşıdıqlarını, buradan, məhz bu mənbələrdən əldə edilən məlumatların mötəbərliyini təsbit etmişdir. Vergi Məcəlləsinin 67.1, 67.1.9-cu maddələrinin məqsədləri üçün vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar da, həm əldə edilmə mənbəyinə görə, həm də öz məzmununa görə bütün şübhələrdən kənar sübutlarla təsdiq olunmalıdır. Həmçinin qeyd olunur ki, iddiaçıya məxsus kompüterdən götürülmüş məlumatların düzgünlüyünün təsdiq edilməsi barədə iddiaçının iradə ifadəsi hələ həmin məlumatların iddiaçının bütün dövriyyəsini əhatə etməsi anlamına gəlməməklə yanaşı, vergi orqanına yalnız həmin sənədlərə istinadən vergi borcu hesablamağa əsas vermir. Həmçinin iddiaçının yoxlamanın nəticələrinə dair sənədləri imzalaması və yaxud hesablanmış vergi məbləğini ödəyəcəyi barədə vəd verməsi onu həmin məbləği və yoxlamanın nəticələrini mübahisələndirmək hüququndan məhrum etmir.
2. 29 sentyabr 2023-cü il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2022-ci il tarixli qərarla həmin tarixdən başlamasına baxmayaraq yoxlama zamanı Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinə zidd olaraq əlavə dəyər vergisi üzrə borc 2019-cu ilin fevral ayından hesablanmışdır.
3. 29 sentyabr 2023-cü il tarixli səyyar vergi yoxlaması aktının 14-cü səhifəsində 2020-ci il üzrə “fləş-kart”a əsasən müəyyən edilən 985.918,13 manat əlavə dövriyyəyə görə 197.183,61 manat əlavə gəlir vergisinin hesablandığı göstərilir. Bu zaman 985.918,13 manatın 20%-i miqdarında gəlir vergisi hesablanmışdır ki, bu hesablama qaydası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə zidd olmuşdur. Belə ki, həmin maddəyə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 96-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Cavabdeh tərəfindən isə xərc məbləği araşdırılmadan və nəzərə alınmadan bütün dövriyyəyə 20%-lə gəlir vergisi hesablanmışdır.
4. 29 sentyabr 2023-cü il tarixli səyyar vergi yoxlaması aktı ilə “Xronometraj metodu ilə aparılan müşahidələrin nəticəsi barədə” aktlar müqayisə edilərək müəyyən edildi ki, cavabdehin istinad etdiyi elektron məlumatlardakı dövriyyələr xronometraj müşahidəsi zamanı qeydiyyata alınmış dövriyyədən kəskin şəkildə fərqlənir. Belə ki, xronometraj metodu ilə müşahidənin nəticəsi barədə xx.xx.2020-ci il tarixli 006032 nömrəli yekun akta əsasən 05–xx.xx.2020-ci il tarixlərdə keçirilmiş müşahidə zamanı 40.916,44 manat orta günlük satış dövriyyəsi, xx.xx.2020-ci il tarixli 006033 nömrəli yekun akta əsasən digər obyektində (“Əminə Gold”) 05–xx.xx.2020-ci il tarixlərdə keçirilmiş müşahidə zamanı 7.997,68 manat orta günlük satış dövriyyəsi, xx.xx.2020-ci il tarixli 006026 nömrəli yekun akta əsasən digər obyektində (Gəncə ş. Tağı-Arani küç-də yerləşən “X9”də) 05– xx.xx.2020-ci il tarixlərdə keçirilmiş müşahidə zamanı 51.945,57 manat orta günlük satış dövriyyəsi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə isə 2020-ci ilin mart ayı üzrə xronometraj metodu ilə müşahidə ilə qeydiyyata alınmış dövriyyədən əlavə 135.000 manatadək dövriyyə müəyyən edilmişdir. Bu hal bir daha onu deməyə əsas verir ki, vergi orqanının yoxlama nəticəsində gəldiyi qənaət dəqiq məlumatlara və hüquqi sənədlərə söykənmir.
5. İddiaçının müvafiq vəsatəti əsasında verginin hesablanma əsası kimi səyyar vergi yoxlaması aktında göstərilən əsasları təsdiq edən sənədlərin, yəni VCİABİ tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus olan mağazalardakı kompyuterdən götürüldüyü iddia edilən “fləş-kart” elektron faylların və kağız daşıyıcısında götürülmüş materialların, yoxlama aktında 2 dəfə əvəzləşdirməyə verilməsi bildirilən elektron qaimə-fakturaların siyahısının (nömrə, tarix və məbləğ göstərilməklə), əvəzləşdirmənin 1-ci dəfə və təkrar (2ci dəfə) verildiyi hesabat dövrlərinin siyahısı, inventarizasiya siyahılarının məhkəməyə təqdim edilməsi barədə cavabdeh orqana müvafiq sərəncam göndərilsə də məhkəməyə ümumi şəkildə rəqəmlər göstərilmiş cədvəllər təqdim edilmiş, yoxamanın gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən zəruri sənədlər:- ƏDV əvəzləşdirməsinin təkrar verilməsi ilə bağlı siyahılar, hesabat dövrləri barədə məlumatlar təqdim olunmamışdır. Vergi orqanı tərəfindən həmin sənədlərin məhkəməyə təqdim edilməməsi bir daha onu deməyə əsas verir ki, vergi orqan mənbəyi bəlli olmayan sənədlər və ehtimallar əsasında vergi hesablamışdır. Qeyd edilməlidir ki, İPM-in 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Çünki inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fikrət Hüseynov