Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-4837/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1976-cı il tarixdə Kəlbəcər rayonu, Lev kəndində anadan olmuş, hazırda Kəlbəcər rayonu, Qalaboyun kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Güloğlular kənd İƏD üzrə Cəyirli kəndində yaşayır.
2. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının övladları X3 AA seriyalı, 508884 nömrəli, X4 AA seriyalı 508885 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - cavabdeh) xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək məcburi köçkün vəsiqəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ərizəyə şəxsiyyət vəsiqəsinin surəti, ata və ananın ölüm kağızı, atasının şəxsiyyət vəsiqəsinin surəti, nikahın pozulması haqqında şəhadətnamə və qətnamə əlavə edilmişdir.
4. Cavabdeh iddiaçıya ünvanladığı məktubda bildirmişdir ki, Qaydaların tələblərinə görə məcburi köçkün olduğunu təsdiq edən sənədlərin əsillərini Komitənin Bərdə rayon bölməsinə təqdim edilməlidir. Aidiyyəti üzrə sənədlər təqdim olunduqdan sonra iddiaçıya məcburi köçkün statusunun verilib-verilməməsi məsələsinə baxılacaqdır.
5. İddiaçı cavabdehə qarşı xx.xx.2025-ci il tarixli elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixdə Kəlbəcər rayonu Qalaboynu kəndidnə andan olmuşdur. İddiaçının atası X5 1933-cü ildə Kəlbəcər rayonu Lev kəndində anadan olmuşdur. Kəlbəcərin işğalından sonra isə onlar Bərdədə Cəyirli kəndində məskunlaşmışdır. X5 20 iyul 2009-cu ildə Bərdə rayonu Cəyirli kəndində vəfat etmiş və Bərdə rayonu Qaradəmirçi kəndində dəfn edilmişdir. İddiaçının mərhum valideyenləri anası X1 və atası X5 1960-cı il 01 apreldə nikahlarını rəsmiləşdirmişdilər. İddiaçının atası 1964-cü ildə Kəlbəcər rayon hərbi komissarlığından sovet ordusunun sıralarına həqiqi hərbi xidmətə çağrılmışdır. İddiaçının anası 25 may 2006-cı il tarixdə beyninə qan sızmadan Bərdə rayonunda vəfat etmişdir. İddiaçı X6 ilə arasında olan xx.xx.2001-ci il tarixli 16 saylı qeydlə Bərdə rayonu Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş nikahı Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(021)-325/2015 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2001-ci il təvəllüdlü X8 iddiaçının yanında saxlanılmışdır. Hər iki övladının məcburi köçkün vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə məcburi köçkün statusunun verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin təssüf ki, cavabdeh qurum Vətəndaşların müraciətləri haqqında AR Qanunun10.1.-ci maddəsinin tələblərini pozaraq, (Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2- 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.) iddiaçının yazılı müraciətinə rəsmi yazılı cavab verməmişdir. Bununla da cavabdeh orqan həmçinin İnzibati icraat haqqında Qanunun 52.1.-ci maddəsinin (Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbuledir.) tələblərini də pozmuşdur.
8. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir.
9. Cavabdeh xx.xx.2025-ci il tarixdə təqdim etdiyi etirazında bildirmişdir ki, hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə belə bir imtina mövcud deyildir. Belə ki, İddiaçı müraciətinə dair Komitənin cavab məktubunda şəxsə heç bir imtina verilməmiş, əksinə aidiyyəti üzrə tələb olunan sənədlərin təqdim edilməsi istənilmişdir. İddiaçı yalnız aidiyyəti üzrə tələb olunan sənədləri təqdim etdikdən sonra ona məcburi köçkün statusunu təsdiq edən sənədin qanunvericiliyə müvafiq olaraq verilibverilməməsi məsələsinə baxıla və şəxsə müvafiq cavab məktubu ünvanlana bilərdi. Həmin cavab məktubu imtina xarakterli olduğunda və şəxs imtina ilə razılaşmadığında həmin qərardan məhkəməyə müraciət etmək hüququ yaranardı. Qeyd olunanlara əsasən, iddia tələbinin mümkünsüz hesab olunmasını xahiş etmişdir.
10. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
11. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Yuxarıda qeyd edilən normaların tələbindən də göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki olaraq hüquqi marağı tələb edilən ona məcburi köçkün adı və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan da iddiaçı tərəfindən aidiyyəti üzrə sənədlər təqdim olunduqdan sonra iddiaçıya məcburi köçkün statusunun verilib-verilməməsi məsələsinə baxılacağını bildirmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozuntusuna yol verilməmişdir. Belə ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmadığı üçün iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Zəfər Quliyev