Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-5111/2025 14.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbi üzrə aidiyyət məsələinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2025-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12014.34 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 17000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:
1. Cavabdeh (bundan sonra mətndə cavabdeh və ya vergi ödəyicisi) xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Cavabdeh xx.xx.2014-cü il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ünvanı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
3. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyekt ünvan 3 ünvanında yerləşən “Eva Sanitary” mağazasıdır.
4. Vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 12,014.34 manat (muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 9,205.95 manat və faizlər üzrə 2,808.39 manat) məbləğində borcu vardır.
5. xx.xx.2025-ci il tarixli bildiriş ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır.
6. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin edilmədiyindən vergi orqanının xx.xx.2025-ci il tarixli, **********3 nömrəli qərarı əsasında xx.xx.2025-ci il tarixli **********3 nömrəli protokolla cavabdehə məxsus vahidinin qiyməti 17000 manat olan 1 ədəd 2015-ci il istehsal ili olan tünd-boz rəngli “Fond Escape” markalı ** BQ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır.
7. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
8. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixə borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12014.34 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 17000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-4/2-378065/2025 nömrəli “müraciətə baxılması barədə” məktuba əsasən, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən Cavabdeh (VÖEN: **********) xx.xx.2014-cü il tarixdə 12 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınması və hazırda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat müəyyən edilmişdir.
10. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu nəzərə alınaraq məhkəmə iclasına onların iştirakı olmadan baxılması xahiş edilmişdir.
11. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsə də, məhkəmə iclasında iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh gəlməmiş, səbəbləri barəsində məlumat verməmişdir.
12. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.
14. Məhkəmə hesab edir ki, mübahisənin ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-561/2022 nömrəli qərarına əsasən, vergi ödəyicisinin dövlət büdcəsi qarşısında yaranmış öhdəliklərinin ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının satılması barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, məhkəmə qeyd edir ki, sözügedən mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, habelə tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. Belə olan halda iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır.
18. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələbi cavabdehin siyahıya alınmış əmlakın satılması ilə bağlıdır.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
20. Beləliklə, qanunun mənasından da göründüyü kimi şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun hələ həmin ünvanda yaşaması anlamına gəlmir.
21. Hazırkı iş üzrə məhkəmə sorğusuna Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubuna əsasən, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən Cavabdeh (VÖEN: **********) xx.xx.2014-cü il tarixdə 12 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınması və hazırda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat mövcuddur.
22. Beləliklə, siyahıya alınmış əmlakının satılması tələb edilən Cavabdeh Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, ev E-6, mənzil 10A ünvanında qeydiyyatda olsa da, vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu olduğundan və “vergi ödəyicisi kimi” hazırda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotda olduğundan, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinin tələblərinə əsasən cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən məhkəmələrə ünvanlanmış 27 noyabr 2024-cü il tarixli, 1-8-10/2-2194/2024 saylı icmal məktubunda İPM-nin 8.1.2-ci maddəsinin ikinci cümləsində qeyd edilən hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yeri və olduğu yer anlayışlarına izah verilərək göstərilmişdir ki, “Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin, o cümlədən “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının müddəalarının ümumi təhlili onu göstərir ki, vergi ödəyiciləri olduqları yer, təsərrüfat subyektlərinin olduqları yer və ya iqtisadi maraqlar mərkəzinin yerləşdiyi uçota alına bilər. Başqa sözlə, vergi ödəyicisinin uçotunun aparılmasında rəhbər tutulan meyar kimi əsas onun sahibkarlıq fəaliyyətinin daha çox bağlı olduğu yer çıxış edir. Vergi qanunvericiliyinin məqsədləri baxımından vergi ödəyicilərinin vergi uçotuna alındıqları ünvanın həlledici olduğu nəzərə alınmaqla ərazi aidiyyətinin həlli məsələsində İPM-nin 8.1.4-cü maddəsinin nəzərdə tutulmuş “şəxsin yaşayış yeri və ya olduğu yer” ifadəsi vergi ödəyicisinin vergi uçotuna alındığı yer anlamında təfsir olunmalıdır. Odur ki, vergi mübahisələri ilə bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmə yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.”
24. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
25. Cavabdeh Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi, ev E-6, mənzil 10A ünvanı üzrə qeydiyyata olduğu yer Gəncə şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil olsa da, iddia verilən anda vergi uçotuna alındığı, yəni uçotda olduğu vergi orqanı (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) Bakı şəhərində yerləşməklə Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir.
26. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 944/2025 saylı, xx.xx.2025-ci il tarixli “ərazi aidiyyətinin mübahisələndirilməsi” haqqında qərarında və xx.xx.2025-ci il tarixli, 2-1(102)-1975/2025 nömrəli qərardadında da oxşar mövqe əks etdirilmişdir.
27. Cavabdeh “vergi ödəyicisi” kimi Bakı şəhəri, Nəsimi rayonu üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə uçota alındığından, inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
28. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
29. Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir.
30. Məcəllənin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 8 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2025-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12014.34 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 17000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nurəli Hüseynov