Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-5241/2025 31.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X9 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər Mənzil-X4 Birliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 157 nömrəli orderinə əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1 ünvanında yerləşən 30 nömrəli mənzil yaşamaq üçün İddiaçı və ailə üzvlərinin daimi əsaslarla istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli 770(531)/4 nömrəli arxiv arayışında göstərilir ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 775 nömrəli sərəncamından çıxarışa əsasən Gülüstan qəsəbəsi, 3cü mikrorayon, 1 nömrəli binanın 20 nömrəli sahəsi 57,59 kv.m olan 5 (dörd) otaqlı mənzilin verilməsi haqqında Gəncə şəhər Polis İdarəsinin müdriyyəti və həmkarlar komitəsinin xx.xx.1994-cü il tarixli birgə iclasının 07 nömrəli protokolunun qərarına əsasən Gəncə şəhər Polis İdarəsinin DYP şöbəsinin müfəttişi 1982-ci ildən mənzil növbəsində dayanan sıra nömrəsi 22 olan İddiaçı Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 30 nömrəli sahəsi 57,59 kv.m olan 5 (beş) otaqlı mənzilinin verilməsinin təsdiq edilməsi, həmin şəxsin adına 7 (yeddi) nəfər ailə üzvləri ilə birlikdə order yazılması qərara alınmışdır.
3. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan məlum olur ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır.
4. İddiaçı nümayəndəsi vasitəsilə həmin sənədləri cavabdeh orqana təqdim etməklə, ünvan 2 ünvanında yerləşən mənzil üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-3-33/2-6208/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizədə qeyd olunan mənzilin yerləşdiyi bina yarımçıq tikili olduğu üçün istismara qəbul edilməmişdir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərilmişdir.sorğuya cavab məktubunda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 saylı binanın Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 balansına qəbul edilmədiyi qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
5. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli 5-1-1/2-658/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 30 nömrəli mənzili barədə Birliyin mərkəzləşmiş mühasibatlığının elektron sistemində əlavə sənəd mövcud deyildir.
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2836/2024 nömrəli qərarı ilə ünvan 3 ünvanında yerləşən mənzil iddiaçı X7 adına özəlləşdirilməklə, onun mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini aldıqdan sonra icra edilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikorayon, ev 1də yerləşən 30 saylı mənzilin İddiaçı adına özəlləşdirilməklə, mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 157 nömrəli orderinə əsasən, beş otaqlı yaşayış sahəsi 57,59 m2 olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1 ünvanında yerləşən 30 saylı mənzil iddiaçının və onun ailə üzvlərinin daimi əsaslarla istifadəsinə verilmişdir. İddiaçı uzun illərdir ki mühahisəli mənzildə yaşayır. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 yuxarıda qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən cavabdehin hüquq subyektləri qarşısında öhdəliyi var ki, o, iddiaçının hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalıdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-6208/2024 nömrəli imtina bildirişində qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, ərizədə qeyd olunan mənzilin yerləşdiyi bina istismara qəbul edilmədiyi və binanın Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 balansına qəbul edilmədiyini əsas gədirərək ərizənin icrasından imtina olunmuşdur. Nəzərinizə çatdırıram ki, mübahisəli mənzil uzun illərdir ki, iddiaçının sahibliyində və istifadəsindədir. Bu vaxta qədər heç kəslə mənzil ilə bağlı hər hansı bir mübahisəli hal olmamışdır. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozaraq mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır. Buna görə də, göstərilənlərə əsasən məcburiyyət qarşısında qalıb məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. İlk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli 770(531)/4 nömrəli arxiv arayışında göstərilir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 775 nömrəli sərəncamından çıxarışa əsasən Gəncə şəhər Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin müfəttişi İddiaçı Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 30 nömrəli sahəsi 57,59 m2 olan 5 (beş) otaqlı mənzilin verilməsi haqqında Gəncə şəhər Polis İdarəsinin müdriyyəti və həmkarlar komitəsinin xx.xx.1994-cü il tarixli birgə iclasının 07 nömrəli protokolunun qərarına əsasən Gəncə şəhər Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin müfəttişi 1982-cü ildən mənzil növbəsində dayanan sıra nömrəsi 22 olan İddiaçı Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 30 nömrəli sahəsi 57,59 m2 olan 5 (beş) otaqlı mənzilinin verilməsinin təsdiq edilməsi, həmin şəxsin adına 7 (yeddi) nəfər ailə üzvləri ilə birlikdə order yazılması qərara alınmışdır. Eyni zamanda tərəfimdən aparılmış araşdırma nəticəsində Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2358/2023 nömrəli qərarı ilə ünvan 4 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası lqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-637/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. X13 Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(114)-2836/2024 nömrəli qərarı ünvan 3 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Sözügedən məhkəmə qərarları icra olunaraq cavabdeh inzibati orqan tərəfindən müvafiq çıxarışlar verilmişdir. Bununla yanaşı Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 12 nömrəli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 9 nömrəli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 11 nömrəli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 24 nömrəli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 21 nömrəli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 37 nömrəli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli binanın 20 nömrəli mənzilləri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hesab edir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə şəhər Mənzil-X4 Birliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakınıtəmin etməmiş, bunun üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 4). Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 157 nömrəli orderi; - Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2022-ci il tarixli 770(531)/4 nömrəli arxiv arayışı; - Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli nömrəli arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6208/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli 5-1-1/2-658/2025 nömrəli cavab məktubu; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2836/2024 nömrəli qərarı.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 157 nömrəli orderinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı və onun ailə üzvlərinə yaşamaq üçün verilmiş, sonuncu həmin tarixdən sözügedən mənzilə köçərək orada yaşamağa başlamışdır. İddiaçı nümayəndəsi vasitəsilə ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-6208/2024 nömrəli məktubu ilə mənzilin yerləşdiyi binanın istismara qəbul edilməməsi və binanın Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 balansına qəbul edilmədiyini əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.
22. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
24. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli xalq deputatları Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 20. Dövlət və ictimai mənzil fondunun idarə olunmasında və onun qorunmasının təmin edilməsində ictimai təşkilatların, əmək kollektivlərinin və vətəndaşların iştirakı Həmkarlar ittifaqları, başqa ictimai təşkilatlar, əmək kollektivləri SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə, ictimai təşkilatların nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq, habelə vətəndaşlar dövlət və ictimai mənzil fondunun idarə edilməsində və onun qorunmasının təmin olunmasında iştirak edirlər. Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Maddə 46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
25. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991ci il tarixli 372 nömrəli Fərmanı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin.
2. "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"- təsdiq edilsin.
3. İndiki çağırış rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetləri "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər.
4. Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.
5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər.
6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam. verilir.
26. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
27. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
28. Hazırkı işdə də iddlaçıya mənzil verilən dövrdə qüvvədə olan mənzil qanunvericilliyinə tam müvafiq olaraq Gəncə şəhəri Nizami Rayon lcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 157 nömrəli orderinə əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, 1 nömrəli yaşayış binasından dövlət mənzil fonduna məxsus 5 (beş) otaqlı mənzil 30 nömrəli mənzil yaşamaq üçün verilmişdir.
29. Cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, mənzilin yerləşdiyi bina yarımçıq tikili olduğu üçün istismara qəbul edilmədiyini əsas götürmüşdür.
30. Lakin hazırkı iş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2836/2024 nömrəli qərarı ilə ünvan 3 ünvanında yerləşən mənzil iddiaçı X7 adına özəlləşdirilməklə, onun mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini aldıqdan sonra icra edilmişdir.
31. Həmin qərarla həmçinin müəyyən edilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2358/2023 nömrəli qərarı ilə müəyyən edilir ki, məhkəmə X5 ünvan 4 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair işə baxan zaman da cavabdeh orqanın imtinasının dəlilləri hazırkı imtinanın əsasını təşkil edən dəlillərlə eyni olmuş, yəni mənzilin yerləşdiyi binanın yarımçıq tikili olduğu üçün istismara qəbul edilməməsi əsası olmuşdur. Məhkəmə cavabdeh orqanın imtinasının əsaslı olubolmamasını araşdırmaq məqsədilə mübahisəli mənzilin yerləşdiyi binaya yerində baxış keçirmiş və müəyyən etmişdir ki, cavabdehin imtina aktında qeyd etdiyindən fərqli olaraq sözügedən bina yarımçıq tikili deyil, vizual baxışla görünür ki, binanın bütün mənzillərində yaşayış var, bina qaz, su, elektrik təchizatı ilə təmin edilmişdir.
32. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlardan məlum olur ki, sözügedən ünvanda bir neçə mənzil üzərində digər şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır.
33. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir.
35. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.
34. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
35. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir.
36. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə və qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyi üçün, cavabdehin mübahisə olunan hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.
39. İkinci tərəfdən isə, cavabdeh imtina məktubunda istinad etdiyi halı təsdiq edən hər hansı sənəd təqdim etməmişdir.
40. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
41. Məhkəmə onu da qeyd edir ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 157 nömrəli orderinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil yaşamaq üçün İddiaçı və ailə üzvlərinə verilsə də, Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli nömrəli arayışı ilə müəyyən edilir ki, həmin şəxslərdən yalnız İddiaçı həmin ünvanda qeydiyyatdadır.
42. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə özəlləşdirilməsini nəzərdə tutulduğundan və iddiaçıya verilmiş orderdə adı qeyd edilən şəxslər həmin mənzildə faktiki olaraq yaşamadıqlarından onların yazılı razılıqlarının alınmasına zərurət yoxdur.
43. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
44. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
45. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.
46. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına özəlləşdirilməklə, onun mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva