Məhkəmə qərarları › İş №e-2-1(114)-5497/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-5497/2025

13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-5497/2025 13.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı övladı xx.xx.2008-ci il təvəllüdlü X1 Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyətinin tanınması barədə Azərbaycan Respublikası Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixə qəbul etdiyi ******* nömrəli qərarının qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi barədə və qızları X1 Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2008-ci il təvəllüdlü X1 Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyətinin tanınması barədə Azərbaycan Respublikası Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixə qəbul etdiyi ******* nömrəli qərarının qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi barədə və qızları X1 Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilata övladları X2 şəxsiyyət vəsiqəsinin verilməsi və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün müraciət etmiş və müraciətlərinə cavab olaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi Azərbaycan Respublikası vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsinin tanınmaması barədə qərar qəbul edilmişdir. Lakin qərar onlara təqdim edilməmiş və gödərilməmişdir. Müraciətlərinin nəticəsi ilə maraqlandıqda onlara xx.xx.2025-ci il tarixdə rəsmi cavab göndərərək məlumat verilmişdir ki, artıq xx.xx.2024-cü il tarixdə ******* nömrəli qərarla vətəndaşlıq mənsubiyyətinin tanınması barədə hüquqi və qanuni əsası olmayan qərar qəbul etmişlər.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər.

4. Məhkəmə tərəfindən iddiaçılara xx.xx.2025-ci il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək, bildirilmişdir ki, onlar hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyillər. Müvafiq iddianı xx.xx.2008-ci il təvəllüdlü X3 qaldırmaqla, iddia ərizəsində iddiaçı qismində onun adı göstərilməli, bu zaman o, yetkinlik yaşına çatmadığı üçün onu məhkəmədə təmsil etmək qanuni nümayəndələri olan valideynləri vasitəsilə həyata keçirilməlidir. Bundan başqa cavabeh qismində göstərilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tələbə cavab verməli orqan deyildir, həmin səlahiyyət Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə aiddir və cavabdeh qismində Xidmətin özü qeyd edilməli olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

5. İddiaçı tərəfindən iddia ərizəsi dəqiqləşdirilməmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

1. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

2. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

3. İddia ərizəsindən göründüyü kimi, iddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü X1 Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyətinin tanınması barədə Azərbaycan Respublikası Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixə qəbul etdiyi ******* nömrəli qərarının qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi barədə və qızları X1 Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. Halbuki, iddiaçılar iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyillər. Belə ki, müvafiq iddianı xx.xx.2008-ci il təvəllüdlü X3 qaldırmaqla, iddia ərizəsində iddiaçı qismində onun adı göstərilməli, bu zaman o, yetkinlik yaşına çatmadığı üçün onu məhkəmədə təmsil etmək qanuni nümayəndələri olan valideynləri vasitəsilə həyata keçirilməlidir. Həmçinin cavabeh qismində göstərilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tələbə cavab verməli orqan deyildir, həmin səlahiyyət Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə aiddir.

5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 4-cü bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

6. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

7. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

8. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

9. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar