Məhkəmə qərarları › İş №e-2-1(114)-5701/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-5701/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-5701/2025 03.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqların qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Ağstafa şəhəri Yeni qaydalarala ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarış əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək Ağstafa şəhəri, Adil Tatarov küçəsi, giriş 21 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-2463/2025 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və texniki pasport sənədinin tərtib edilməsi üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən, həmin əmlakın faktiki olaraq bir neçə mənzildən ibarət apartman tipli yaşayış binası olduğu və ya tikintisinə icazə tələb olunan qeyri-yaşayış binası olması müəyyən edilmişdir. Bu kimi hallarla bağlı məsələyə aydınlıq gətirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub ünvanlanmış, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavab məktubunda həmin daşınmaz əmlak obyektlərinin məlumatlandırma icraatı qaydasının predmeti olmadığı qeyd edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayş evi üzərində onun xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Təyinatı yaşayş məqsədli olan onun mülkiyyətində olan müvafiq torpaq sahəsində AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq,“Məlumatlandırma icraatı ” qaydasında sahəsi 899,46 m2 olan hündürlüyü 11,60 m, 3 mərtəbəli fərdi yaşayış evini inşa edib. Lahiyə xx.xx.2024-cü il tarixdə Ağstafa RİHB-nin Aparatı ilə razllaşdırılmışdır. Sözügedən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliyə uyğun olaraq sənədləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh xx.xx.2025-ci il tarixli bildirişlə həmin əmlakın faktiki olaraq bir neçə mənzildən ibarət “apartman tipli’ yaşayş binası olduğu və ya tikintisinə icazə tələb olunan qeyri-yaşayış binası olmasını bəhanə edərək (əsas gətirərək) daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizənizin icrası ilə bağlı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və texniki pasport sənədinin tərtib edilməsi üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən, həmin əmlakın faktiki olaraq bir neçə mənzildən ibarət “apartman tipli’ yaşayş binası olduğu və ya tikintisinə icazə tələb olunan qeyri -yaşayş binası olması müəyyən edilmişdir. Bu kimi hallarla bağlı məsələyə aydınlıq gətirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub ünvanlanmış, Dövlət Şəhərsalma və Arxitektura Komitəsən cavab məktubunda həmin daşınmaz əmlak obyektlərinin məlumatlandırma icraatı qaydasının predmeti olmadığı qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1. -ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə huququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədinə əsasən aparılır. İddiaçının nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək,məlumatlandırma icraatına əsasən fərdi yaşayış evi tikilmiş, Tovuz Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, nümayəndələr tərəfindən baxış keçirilmişdir, normalara uyğun tikildiyi müəyyən edilmişdir,evin hündürlüyü 11 metrdən,aşırımı isə 6 metrdən hündür deyildir, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilməsini və ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, orqan tərəfindən verilmiş imtinada əmlakın faktiki olaraq bir neçə mənzildən ibarət apartman tipli yaşayış binası olduğu və ya tikintisinə icazə tələb olunan qeyri-yaşayış binası olması qeyd edilmişdir, fərdi yaşayış evinə müayinə baxışı keçirilmiş, akt tərib edilmiş, akt ilə də, imtinadakı hal öz təsdiqini tapmış, ölçülərdə cuzi fərq olduğu qeyd olunmuşdur, oxşar iş üzrə məhkəmə praktikası kimi cavabdeh qismində orqanın çıxış etdiyi Şəki İnzibati Məhkəməsinin icraatında olan eynitipli iş üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmiş, cavab məktubunda qeyd edilmişdir ki, çoxmənzilli (apartman tipli) binaların məlumat icraatının predmeti olmadığı bildirilmişdir.Sorğu əsasında bu məlumat əldə edilə bilər, etirazda istinad olunan hallardan bu aradan qalxsa da, şəkillərə əsasən çoxmənzilli olması müəyyən olunur, qeyd olunanlara əsasən iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçının hüquqi marağı ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, cavabdeh orqan həmin əmlakın faktiki olaraq bir neçə mənzildən ibarət apartman tipli yaşayış binası olması və ya tikintisinə icazə tələb olunan qeyri-yaşayış binası olması və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub ünvanlanmış, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavab məktubunda həmin daşınmaz əmlak obyektlərinin məlumatlandırma icraatı qaydasının predmeti olmasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Məhkəmə qeyd edir ki, cavabdeh orqan imtinasında tikintinin çoxmənzilli yaşayış binası olmasına istinad etsə də, məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış zamanı bu halın öztəsdiqini tapmadığı müəyyən olunmuş, tikintinin fərdi yaşayış evi olduğu müəyyən olunmuşdur. Sorğu əsasında əldə edilmiş iş materiallarına əsasən müəyyən edilir ki, eyni tipli fərdi yaşayış evinə dair X1 mülkiyyət hüququ qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıya məxsus yaşayış evi 899,46 kv.m təşkil etsə də, X3 məxsus fərdi yaşayış evi 1166,7 kv.m olmaqla,iddiaçıya mıxsus yaşayış evindən sahəsi böyük olsa da, fərdi yaşayış evi kimi mülkiyyət hüququ qeydə alınaraq çıxarış verilmişdir. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə və qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyi üçün, cavabdehin mübahisə olunan hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır Göründüyü kimi cavabdeh orqanın imtinası əsassız olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar