Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-5854/2025 03.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehnə qarşı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2/1(104)-46/2010 saylı qərardadı ilə təsdiq edilmiş və tərəflər arasında olan barışıq sazişinin cavabdeh tərəfindən təmin edilməsi, artıq dörd mərtəbəsi inşa edilmiş yaşayış binası və tutduğu əraziyə dair İddiaçı MMC tərəfindən qanunvericiliyə uyğun olaraq hələ alınmamış aidiyyatı üzrə digər sənədlərin alınması – razılaşdırılması, dörd mərtəbəsi inşa edilmiş yaşayış binasının yerləşdiyi torpaq sahəsinin və binanın ehtiyacları üçün torpaq sahəsənin (cəmi 1350 kv.m) əraziyə uyğun olaraq yeri və ölçülərinin plan – cizgiyə əsasən dəqiqləşdirilərək yeni sərəncamla İddiaçı MMC-yə verilməsi, tikilməsi nəzərdə tutulan yeni binanın Naftalan şəhərinin yeni memarlıq üslubuna uyğun (binanın fasad hissəsinin) tikintisinin davam etdirilməsinə etiraz edilməməsi, həmçinin yarımçıq qalmış tikili və yeni ayrılan sahədə şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-nin maraqlarının üçüncü şəxslər qarşısında qorunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2/1(104)-46/2010 saylı qərardadı ilə X2 Məhkəməsinin 16 fevral 2009-cu il tarixli 2-1(84)-1 saylı qətnaməsi tamamilə ləğv edilmiş, işin icraatına xitam verilmiş, tərəflərin barışıq sazişi aşağıdakı şərtlərlər təsdiq edilmişdir: Cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə, şəhadətnamə, sənədin etibarsız hesab edilməsi və yaşayış binasının öz hesabına sökülməsi üzrə iddia tələbindən imtina edir, "xxxx" MMC isə Cavabdehnə qarşı vurulmuş ziyanın ödənilməsi və s. qarşılıqlı iddiasından imtina edir. "xxxx" MMC ona ayrılmış 3340 (üç min üç yüz qırx) kv.m torpaq sahəsini X1 geri qaytarır. Barışıq sazişinə əsasən "xxxx" MMC-yə torpaq sahələrinin icarəyə verilməsi barədə Naftalan şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı və xx.xx.2007-ci il tarixli 02 saylı qərarları, Naftalan şəhər bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005ci il tarixli 224 saylı və xx.xx.2007-ci il tarixli 224/3 saylı torpağın icarə müqavilələri, Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli 08 saylı Sərəncamı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsi tərəfindən "xxxx" MMCyə verilmiş "Torpaqdan müvəqqəti istifadə hüququna dair" xx.xx.2005-ci il tarixli JN-7282 saylı 51000002 kodlu Şəhadətnamə və "Torpaq sahəsinin planı və ölçüsü" barədə xx.xx.2007-ci il tarixli A002091 saylı sənədlər ləğv edilir və artıq dörd mərtəbəsi inşa edilmiş yaşayış binası və tutduğu əraziyə dair "xxxx" MMC tərəfindən alınmış Mərkəzi və Yerli dövlət qurumları ilə olan razılaşmalar və digər sənədlər qanunamüvafıq qaydada hüquqi qüvvələrində qalır və "xxxx" MMC qanunvericiliyə uyğun olaraq hələ alınmamış aidiyyatı üzrə digər sənədləri qanunvericiliyə uyğun olaraq alınmasını və razılaşdırılmasını təmin edir. Cavabdeh "xxxx" MMC tərəfindən dörd mərtəbəsi tikilmiş yaşayış binasının yerləşdiyi torpaq sahəsini və binanın ehtiyacları üçün torpaq sahəsini (cəmi 1350 kv.m) əraziyə uyğun olaraq yeri və ölçülərinin plan - cizgiyə əsasən dəqiqləşdirilərək yeni sərəncamla "xxxx" MMC-yə icarəyə verir (plan - cizgi əlavə olunur), artıq alınmış rəy və razılaşdırmaları qanunamüvafıq qaydada hüquqi qüvvəli hesab edir, onların yeni sərəncama uyğunlaşdırılmasını təmin edir, obyekt qeydiyyata alınmaqla tikintisinə başlanmasına dair icazə sənədləri aldıqdan sonra tikintisinə başladığı bir binanın Naftalan şəhərinin yeni memarlıq üslubuna uyğun (binanın fasad hissənin) tikintisinin davam etdirilməsinə etiraz etmir və sənədləşmə işində qanunamüvafiq qaydada köməklik göstərir. Cavabdeh "xxxx" MMC tərəfindən X1 geri qaytarılan 1990 (bir min doqquz yüz doxsan) kv.m torpaq sahəsinin əvəzinə şəhərin eyni yerləşmə statuslu digər bir yerində 1990 (bir min doqquz yüz doxsan) kv.m torpaq sahəsindən az olmayan sahəni öz sərəncamı ilə ağlabatan müddətdə "xxxx" MMC-yə verir və "xxxx" MMC tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunması şərtilə həmin ərazidə yaşayış binasının tikintisinə etiraz etmir, həmçinin yarımçıq qalmış tikili və yeni ayrılan sahədə İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-nin maraqları üçüncü şəxslər qarşısında qorunur. II. Məhkəmədə icraat
2. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2/1(104)-46/2010 saylı qərardadı ilə təsdiq edilmiş və tərəflər arasında olan barışıq sazişinin cavabdeh tərəfindən təmin edilməsi, artıq dörd mərtəbəsi inşa edilmiş yaşayış binası və tutduğu əraziyə dair İddiaçı MMC tərəfindən qanunvericiliyə uyğun olaraq hələ alınmamış aidiyyatı üzrə digər sənədlərin alınması – razılaşdırılması, dörd mərtəbəsi inşa edilmiş yaşayış binasının yerləşdiyi torpaq sahəsinin və binanın ehtiyacları üçün torpaq sahəsənin (cəmi 1350 kv.m) əraziyə uyğun olaraq yeri və ölçüləri plan – cizgiyə əsasən dəqiqləşdirilərək yeni sərəncamla İddiaçı MMC-yə verilməsi, tikilməsi nəzərdə tutulan yeni binanın Naftalan şəhərinin yeni memarlıq üslubuna uyğun (binanın fasad hissəsinin) tikintisinin davam etdirilməsinə etiraz edilməməsi, həmçinin yarımçıq qalmış tikili və yeni ayrılan sahədə şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-nin maraqlarının üçüncü şəxslər qarşısında qorunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Həmin qərardad aralarındakı barışıq sazişini təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli məktuba şəhərin baş memarı tərəfindən verilən müsbət xarakterli olmamışdır. Belə ki, müraciətinin mahiyyəti kənarda qalmış, əksinə mövcud qanunvericilik qaydasında onlara ayrılması və adlarına rəsmiləşdirilməsi nəzərdə tutulan, lakin rəsmiləşdirilməyən torpaq sahəsinə görə icarə haqqı tələb edilmişdir. Həmin cavabla razılaşmayaraq cavabdehə növbəti məktub göndərilmişdir. Həmin məktubda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq edilən barışıq sazişindən sitatlar verilmişdir ki, : - “3. ....... və artıq dörd mərtəbəsi inşa edilmiş yaşayış binası və tutduğu əraziyə dair İddiaçı MMC tərəfindən alınmış Mərkəzi və yerli dövlət qurumları ilə olan razılaşmalar və digər sənədlər qanunamüvafiq qaydada hüquqi qüvvələrində qalır və İddiaçı MMC qanunvericiliyə uyğun olaraq hələ alınmamış aidiyyatı üzrə digər sənədləri qanunvericiliyə uyğun olaraq alınmasını və razılaşdırılmasını təmin edir. Cavabdeh İddiaçı MMC tərəfindən dörd mərtəbəsi tikilmiş yaşayış binasının yerləşdiyi torpaq sahəsini və binanın ehtiyacları üçün torpaq sahəsəni (cəmi 1350 kv.m) əraziyə uyğun olaraq yeri və ölçülərinin Plan – cizgiyə əsasən dəqiqləşdirilərək yeni sərəncamla İddiaçı MMC-yə icarəyə verir (Plan – cizgi əlavə olunur), artıq alınmış rəy və razılaşmaları qanunamüvafiq qaydada hüquqi qüvvəli hesab edir, onların yeni sərəncama uyğunlaşdırılmasını təmin edir, obyekt qeydiyyata alınmaqla tikintisinə başlanılmasına dair icazə sənədləri aldıqdan sonra tikintisə başladığı bir binanın Naftalan şəhərinin yeni memarlıq üslubuna uyğun (binanın fasad hissəsinin) tikintisinin davam etdirilməsinıə etiraz etmir və sənədləşmə işində qanunamüvafiq qayda köməklik göstərir. Cavabdeh İddiaçı MMC tərəfrindən X1 geri qaytarılan 1990 kv.m. torpaq sahəsinin əvəzinə şəhərin eyni yerləşmə statuslu digər bir yerində 1990 kv.m torpaq sahəsindən az olmayan sahəni öz sərəncamı ilə ağlabatan müddətdə İddiaçı MMC-yə verirvə İddiaçı MMC tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunması şərtilə həmin ərazidə yaşayış binasının tikintisinə etiraz etmir, həmçinin yarımçıq qalmış tikili və yeni ayrılan sahədə şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-nin maraqları üçüncü şəxslər qarşısında qorunur”. Göründüyü kimi məhkəmə tərəfindən təsdiqlənmiş müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliklər var. Onlar üzərlərinə götürdükləri və ilkin mərhələdə icrası zəruri olan öhdəliyi yerinə yetirmişlər, onlara ayrılan torpaq sahəsinin 2/3 hissəsini X1 geri qaytarmışlar və tikinti hasarının əhatə etdiyi torpaq sahəsini dərhal buna müvafiq olaraq kiçiltmişlər. Lakin Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, istifadələrində qalan torpaq sahəsinin yeni sərəncamı verilməmiş, artıq dörd mərtəbəsi tikilmiş yaşayış binasının ehtiyacları qədər olan torpaq sahəsinin plan və cizgisi təqdim olunmamış, ayrılmış və tikinti aparılmasına yetərli olan torpaq sahəsinə görə icarə müqaviləsi imzalanmamış, yeni sərəncam verilmədiyinə görə, əllərində olan rəy və razılaşdırmaların həmin sərəncama uyğunlaşdırılması təmin olunmamış və sənədləşmə işində onlara köməklik edilməmişdir. Həmçinin, şəhərin eyni yerləşmə statuslu digər yerində ümumi sahəsi 1990 kv.m dən az olmayan torpaq sahəsi onlara ayrılmamışdır. Göstərilənlərə əsasən bir daha xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək, xahiş etmişlər ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadında nəzərdə tutulan məsələlər həll edilsin, dörd mərtəbəsi inşa edilmiş yaşayış binası sahəsində və yeni ərazidə bizə ayrılması nəzərdə tutulan torpaq sahələrinin rəsmiləşdirilməsi təmin edilsin və tikintisi yarımçıq qalmış binanın inşasının tamamlanmasına şərait yaradılsın. Lakin müraciətlərə cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət edilməsinə zərurət yaranır.
Əsaslandırma hissəsi:
4. Məhkəmə iddia (şikayət) ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.
8. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair bir çox qərarlarında ifadə etdiyi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir.
9. Hazırkı iş üzrə İddiaçı MMC-nin tələbi Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2/1(104)-46/2010 saylı qərardadı ilə təsdiq edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında olan barışıq sazişinin icra edilməsi ilə bağlıdır. Bu halda İddiaçı MMC tərəfindən barışıq sazişinin icra edilməsi ilə bağlı tələbi müstəqil iddia tələbi kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verilməklə mübahisələndirilə bilər. Çünki, yuxarıda da qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 26cı maddəsində göstərilən şikayətə baxan məhkəmənin elə icra sənədini verən (eyni zamanda icraya nəzarət etməli olan) məhkəmədir.
10. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasındakı mübahisəyə iqtisadi (kommersiya) mübahisə olaraq X2 Məhkəməsində baxılaraq, qətnamə çıxarılmış, sonradan Gəncə Apellyasiya Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasının xx.xx.2010-cu il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilməklə, barışıq sazişi imzalanmışdır.
11. "İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
12. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC barışıq sazişinin icra olunması üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir.
13. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva