Məhkəmə qərarları › İş №e-2-1(114)-609/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-609/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-609/2022 19.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Gəncə şəhər 2 saylı Poliklinika) qarşı cavabdehin onun əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılmaqla onun əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi göstərilməsini və ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılmaqla onun əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəlinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona xx.xx.2017-ci il tarixə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. O xx.xx.2022-ci ildə yenidən qiymətləndimədən keçməli idi. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “ürək xronik işemik xəstəliyi, gərginlik stenokardiyası lll fs. Aterosklerotik kardioskleroz. Aorta və tac amarlarının aterosklerozu.Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, Qan dövranı çatmamazlığı ll dərəcə. Hipertoniya xəstəliyi ll B mərhələ, ürək beyin forması, tez-tez baş verən krizlərlə” qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdqini tapmışdır. Lakin sonra ona məlum olmuşdur ki, DSMF tərəfindən ona təyin edilmiş pensiya dayanırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiə Naziliyinin “əlillik” altsistemində etibarsız hesab edilmişdir. Bu barədə cavabdehə müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, ona məxsus müalicə məlumatları səhiyyə müəsisisəsi tərəfindən rəsmiləşirilmiş göndəriş əsassız hesab edildiyindən əlilliyi əlillik Alt sistemində etibarsız edilmişdir. Ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə ona hər hansı məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına Tibbi Sosial Ekspert Komissiyasına 0495003AAhJW nömrəli göndəriş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub, xx.xx.2017-ci il tarixli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumat, cavabdehin etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. 0495003AAHJW nömrəli, Göygöl Rayon Xəstəxanası tərəfindən verilmiş X1 xx.xx.2017-ci il tarixdən Ürəyin xroniki işemik xəstəliyi Gərginlik stenokardiyası lll fs. Aterosklerotik kardioskleroz. Aorta və tac damarlarının aterosklerozu” Əsas diaqnozu, “Qan dövranı sisteminin digər və dəqiqləşdilməmiş pozğunluqlar qan dövranı çatmamazlığı ll dərəcə” ağırlaşma diaqnozu və “(durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hiertenzi (hipertoniya) xəstəlik Hipertoniya xəstəliyi ll B mərhələ ürək-beyin forması tez-tez baş verən krizlərlə” diaqnozları qoyulmuşdur. xx.xx.2017-ci il tarixli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatda İddiaçı Ürəyin xroniki işemik xəstəliyi Gərginlik stenokardiyası lll fs. Aterosklerotik kardioskleroz. Aorta və tac damarlarının aterosklerozu” Əsas diaqnozu, “Qan dövranı sisteminin digər və dəqiqləşdilməmiş pozğunluqlar qan dövranı çatmamazlığı ll dərəcə” ağırlaşma diaqnozu və “(durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hiertenzi (hipertoniya) xəstəlik Hipertoniya xəstəliyi ll B mərhələ ürək-beyin forması tez-tez baş verən krizlərlə diaqnozu qoyulmuş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2022-ci il göstərilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı məktubda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Gəncə şəhər 2 nömrəli poliklinikasında 0495003AAHjW saylı göndəriş əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilməsi və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əliliiyin təyini barəsində verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 02/0245 nömrəli məktubu ilə İddiaçı rəsmiləşdirilmiş göndərişin etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar əlilliyinə dair qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Bakı İnzibati Məhkəməsindəki icraat zamanı məhkəməyə ünvanlanmış cavabdehin etiraz məktubunda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Gəncə 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli, 0495003AAHJW saylı göndəriş əsasında qiymətləndirilmiş, daha sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, 02/02-45 nömrəi məktubuna Əlillik siyasəti şöbəsində aidiyyəti üzrə baxılmışdır. Məktubda qeyd edilmiş 105 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlər Azərbaycan Respublikasının Səhiyə Naziliyi tərəfindən etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar olaraq, 105 nəfərin əlillik müayinələrinin Əlillik altsitemində etibarsız edilməsinə dair müraciət daxil olmuş və xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsini göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsitemində aid qiymətləndiirlmə etibarsız hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanuynun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5-ci bənd. 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlirənin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədəməlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbuledildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədəTSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Sadalanan normaların məzmunundan görünür ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Göründüyü kimi, cavabdeh qanunazidd hərəkətə yol vermədiyini, “İnzibati icraathaqqında” Qanunun tələblərini pozmadığını iddia etsə də, yuxarıda sadalanan hallar cavabdehin inzibati icraatın aparılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmədiyini təsdiq edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılmaqla onun əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa olunması barədə iddia tələbi təmin edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar