Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-636/2023 04.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********4824 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2013-cü il tarixdə **********VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********3464 nömrəli qərarı ilə iddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qərar xx.xx.2022ci il tarixdə KY221747199 yoxlama kodu ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İddiaçıya məxsus Gəncə şəhəri, Nizami 46 ünvanda yerləşən obyektdə aparılan yoxlama zamanı cəmi 209.244,6 manat dəyərində mal aşkar edilmiş və bu malların 123.44,50 manat dəyərində olan malların elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal gömrük əsasında alınmayan mal olduğu müəyyən edilmişdir. Cavabdehin **********4825 nömrəli tələbnaməsinə əsasən iddiaçıdan büdcəyə ödənilməli olan 12.314,45 manat vəsaitin xx.xx.2022-ci il tarixədək Gəncə YXO-nun AZ44CTRE******************** nömrəli hesaba ödənilməsi tələb edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********713200 nömrəli qərarı ilə cavabdehin xx.xx.2022-ci il tarixli, **********4824 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli **********4825 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən “cavabdehin xx.xx.2022-ci il tarixli, **********4824 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının iddia ərizəsinə xx.xx.2023-cü il tarixli vəsatətlə münasibəti zamanı İnzibati Prosesual məcəllənin 67.3-cü maddəsinin dispozisyası demək olarki , tamamilə səhv və bilərəkdən təhrif olunmuş formada şərh edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib etmiş olduğu akta görə hesablanan maliyyə sanksiyyası bank hesablarında olan cari Azn hesabından vergi məcəlləsinin 65-ci maddəsinə əsasən onun iradəsinə zidd olaraq məcburi qaydada dövlət nəfinə silinmişdir . Bundan əlavə olarq bildirir ki, istənilən halda hesablanma xüsusiyyətindən asılı olmayaraq cari vergi, maliyyə sanksiyyası və faizlərin dövlət nəfinə ödənilməsi sonrdan vergi orqanlarının əməkdaşlarının hərəkət və hərəkətsizliyindən və eləcədə qanunazidd hərəkətlərindən şikayəti istisna etmir. Bunu sadə və praktik olaraq onunla da izah edə bilər ki, vergi orqanın kameral və səyyar vergi yoxlamaları zamanı hesablamış olduğu vergi öhdəliyi sonradan vergi məcəlləsinin 85.4 və 85.5-ci maddələrinin verdiyi imkanlar ( hüquqlar əsasında geriyə 3 il müddəti üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək mübahisələndirilə bilir . Eyni imkan maliyyə sanksiyalarının hesablanması zamanı da keçərli hesab edilir. Cavabdehin vəsatətində İnzibati Prosesual məcəllənin 67.3-cü maddəsi kobudcasına, bilərəkdən təhrif edilmişdir. Belə ki, eyni məcəllənin 67.3-cü maddəsində qeyd edilir ki, bu məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edə bilər. Göründüyü kimi maddənin dispozisyası cavabdehin vəsatətində şərh etdiyindən tamamilə başqa şərti şərh edir. İPM-nin 67.2 maddəsində iddiaçının tələbinin təmin olunması və ya yeni inzibati aktın qəbul edilməsi və ya qanunla nəzərdə tutulmuş qaydada başqa tədbirin görülməsi şərt olaraq 67.3-cü maddə üçün əsas arqument hesab edilir. Göründüyü kimi 67.2-ci maddədə sadalanan hallardan heç biri olmadığı halda cavabdeh orqan İPM-nin 67.3-cü maddəsinin ikinci abzasını məhkəməyə sırımağa çalışmışdır. Bundan əlavə vergi məcəlləsinin 63.2-ci maddəsinin ikinci abzasında vergi ödəyicisinin şikayətinə baxılan müddət ərzində maliyyə sanksiyyasını ödəməmək vəzifə öhdəliyi kimi deyil , hüquq olaraq qeyd edilir. Buna görə də İPM-nin 67,3-cü maddəsi belə olan halda işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı qənaətə istinad etmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, **********505800 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, mübahisələndirilən qərar Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmişdir. Sözügedən qərarla 12.314,45 manat məbləğində maliyyə sanksiyası olmaqla iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslı və qanuni formada qəbul edilmişdir. Həm işin faktiki halları, həm də hüquqi əsaslarına görə qeyd edilməlidir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********3464 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarı əsasında həyata keçirilmişdir. **********3464 nömrəli qərarla Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221747199 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə iddiaçının (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Nizami 46 ünvanında yerləşən "Forte" mağazasında operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 123.144,50 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədləri olmadığı aşkar edilmiş, VM-nin 58.8.2-ci maddəsinə əsasən belə hala təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün iddiaçı barəsində 12.314,45 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Bu faktla bağlı tərəfimizdən xx.xx.2022-ci il tarixli DXV seriyalı 007050 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. İddia ərizəsinə nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsaslı hal yoxdur. İddiaçı cavabdehin qanuni səlahiyyətləri daxilində qəbul etdiyi qərarı mübahisələndirməklə tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək, mövcud vergi öhdəliyini yerinə yetirməmək niyyətini ehtiva etdirmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "fəaliyyət göstərdiyi obyektdə mövcud olan malları qaimə-fakturalar və idxal əsasında əldə etmiş, Türkiyə Respublikasının İstanbul şəhərində rəsmi qeydiyyatdan keçmiş tədarükçülər vasitəsilə malları tədarük etmiş, tədarük etdiyi mallar birbaşa ixracatçının adına yazılması və göndərilən malların həcminin çox olması səbəbindən tədarük etdiyi mallar heç biri eyni markaya aid olmamış, vergi orqanı əməkdaşlarına bu halı göstərmiş, vergi orqanı tərəfindən VM-nin 58.8-ci maddənin dispozisiyasına əməl edilməmişdir." Həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi qanunvericiliyinin tələbləri gözlənilmişdir. Operativ vergi nəzarəti tədbiri ilə əlaqədar iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 təqdim etdiyi arayış və izahatda mağazada olan bütün malların iddiaçıya məxsus olduğunu, ona məxsus digər yerlərdə və ya yolda olan malların olmadığını, mağazada olan malların alış və satış qiymətlərinin onun iştirakı ilə yazıldığını, malların adlarının siyahıda qeyd edilən adlarla eynilik təşkil etdiyini, siyahıda qeyd edilən malların firma adları malların etiketlərində yazılmış firmalarla eynilik təşkil etdiyini, geyim mallarının rentabellik faizinin 57 faiz, uşaq oyuncaqlarının rentabellik faizi 52 faiz təşkil etdiyini bildirmişdir. Tərəfimizdən həyata keçirilmiş operativ vergi nəzarəti zamanı mağazada olan malların vergi ödəyicisinin (hazırki işdə iddiaçının) səlahiyyətli nümayəndəsi X2 arayış və izahat təqdim etmişdir. Həmin sənədlərdə R.İbrahimov mağazada olan malların onun iştirakı ilə sayıldığını və siyahıya alındığını, mağazada olan malların marka adlarının siyahıda qeyd edilmiş malların marka adları ilə eyni olduğunu qeyd etmişdir. Tərəfimizdən həmçinin müəyyən olunmuşdur ki, yük gömrük bəyannamələri və elektron qaimə-fakturalarda qeyd edilmiş malların adları ilə operativ vergi nəzarəti tədbiri zamanı siyahıya əlavə edilmiş malların faktiki göstəriciləri (malın adı, fərqləndirici əlamətləri) ilə alış sənədləri arasında fərqlər mövcuddur. Bu baxımdan yük gömrük bəyannamələri və elektron qaimə-fakturalar əsasında alınmamış mallara görə iddiaçı vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi "Forte" mağazasında ümumilikdə dəyəri 131.525,46 manat olan mal aşkar olunmuş, həmin mallardan 8380.96 manatlıq hissənin vergi qanunvericiliyində əks olunmuş sənədlər əsasında alındığı müəyyən edilmişdir. 123144.50 manat dəyərində müxtəliş çeşidli malların isə vergi qanunvericiliyində əks olunmuş sənədləri (yük gömrük bəyannamələri, elektron qaimə-fakturalar elektron alış aktları, alış aktları) mövcud olmamışdır. Mübahisələndirilən qərarın ləğvi ilə bağlı iddiaçı şikayət instansiyasına (lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) müraciət etmiş, onun inzibati şikayəti əsassız olduğundan təmin olunmamış və bu barədə xx.xx.2022-ci il tarixli **********713200 nömrəl "İnzibati şikayətin təmin edilməməsi haqqında" Qərar qəbul olunmuşdur. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən göründüyü kimi, mübahisələndirilən inzibat akt üzrə yaranmış 12314.45 manat məbləğində vergi borcu (maliyyə sanksiyası) onun tərəfindən ödənilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərarın ləğvi üçün iddiaçının heç bir tutarlı dəlili mövcud deyil. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli nömrəli əlverişsiz inzibati aktın ləğvi məqsədini güdür. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, həmin qərardan verilmiş inzibati şikayətə yuxarı vergi orqanında xx.xx.2022-ci il tarixdə baxılmış, iddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Hazırkı mübahisə cavabdehin xx.xx.2022-ci il tarixli, **********4824 nömrəli qərarının ləğvi ilə bağlıdır. Vergi Məcəlləsinin: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71- 1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. Maddə 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən; 71-1.5.4. malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən. Maddə 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.3-cü, 50.1.7-ci və 50.1.13-cü maddələrinə əsasən vergi nəzarəti tədbiri keçirilmiş, iddiaçının nümayəndəsi operativ vergi nəzarəti tədbiri zamanı yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxslərinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli izahatında yoxlama keçirilən obyektdə malların iddiaçıya məxsus olduğunu, digər ərazidə mal olmadığını bildirmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin qeyd etdiyi fakt təsdiqini tapmış və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə nöqsan aşkar edilərək, nəticəsi xx.xx.2022-ci il tarixli DVX seriyalı 007050 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmçinin akta əlavə edilmiş siyahıda Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi olmadan alınmış sənədlərin siyahısı əlavə edilmiş və həmin siyahı vergi ödəyicisinin özü tərəfindən təsdiqlənmişdir. Operativ vergi nəzarətinin nəticələrinə müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4824 qərar qəbul edilmiş və həmin qərarla vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, 12.314,45 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana daxil olmaqla müəyyən edilmiş qaydada yoxlamanı həyata keçirmiş, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib etmişlər. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilmiş və vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Bu zaman İPM-in 14.1-ci maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan vergi məsuliyyətinə cəlbetmə haqda qərarın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir Beləliklə, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, bununla da, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********4824 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(114)-636/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-636/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver