Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-6362/2025 12.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq sənədlərin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.m, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Akt formasında tərtib edilmiş müqavilə adlı sənəddən görünür ki, X2rşılıqlı müqavilə və şəxsi istəyi üzrə öz şəxsi evini Erm. SSR, Ararat rayonu, Xalisa kəndində yaşayan İddiaçı şəxsi evi ilə dəyişmişdir. Sənəd şahidlərin iştirakı ilə imzalanmışdır.
2. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciətinə həmin İdarənin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, fərdi yaşayış evi üzərində 0.08 ha torpaq sahəsi ilə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizəyə əlavə etdiyi sənədlər əsaslı deyildir. Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. Mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri yerinə yetirilməklə tərəfindən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə hüquqmüəyyənedici sənədlərlə müraciət olunarsa, dayanma və ya imtinaya səbəb olan hallar olmadığı təqdirdə, müraciətə qanuna müvafiq qaydada baxılacağı bildirilmişdir.
3. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1028/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notariat Ofisi, Tərtər rayon Bəyimsarov kənd İƏD-i və Tərtər rayon Bəyimsarov Bələdiyyəsi olmaqla notarial qaydada təsdiq edilmiş dəyişmə müqaviləsinə əsasən 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdiyi 37 il müddətində faktiki olaraq istifadəsində və sahibliyində olan Tərtər rayon Bəyimsarov kəndində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir.
4. X1 xx.xx.2025-ci il tarixli 2(104)-1836/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-1028/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayonunun Bəyimsarov kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.m, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq onlar 1988-ci ildə Ermənistan Respublikasından deportasiya edilərək qaçqın düşərək Tərtər rayonun Bəyimsarov kəndində məskunlaşmışlar. Həmin vaxtı Bəyimsarov kəndinin erməni əsilli sakinlərindən biri olan X3 və onun ailə üzvləri onun ailə üzvləri ilə qarşılıqlı müqavilə imzalayaraq şəxsi istəyi ilə Bəyimsarov kəndində yerləşən öz şəxsi evini onların ailəsinin Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində olan evləri ilə dəyişmişdir (bu faktı təsdiq edən notarial qaydada təsdiq edilmiş müqaviləni bu ərizəyə əlavə edir). Beləcə, o və ailə üzvləri Ermənistan Respublikamızdan qaçqın düşdükləri 1988-ci ildən Tərtər rayonun Bəyimsarov kəndində erməni ilə dəyişdiyi 2(iki) mərtəbəli, sahəsi 160 kv.m, 5 (beş) otaqlı fərdi yaşayış evində məskunlaşıb yaşayırlar (bu faktı təsdiq edən kənd icra nümayəndəliyinin arayışını və təsərrüfatbaşına kitabdan çıxarışı, xx.xx.2012-ci ildə tərtib edilmiş əmlakın qiymətləndirilməsi və torpağın inventarlaşdırılmasına dair hesabat cədvəlinin surətini bu ərizəyə əlavə etmişdir). O və ailə üzvləri1988-ci ildən indiyədək keçən 37 ərzində həmin fərdi yaşayış evində yaşayır və həmin evə dair bütün kommunal xərcləri ödəmiş və ödəməkdə də davam edir. Onu da qeyd etmişdir ki, hələ sovet dövründə tikilmiş və onların qanuni istifadəsində və sahibliyində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi əvvəllər dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən onların ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və onlar ev şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində evlərindən və həyətyanı torpaq sahəsindən maneəsiz və fasiləsiz istifadə etmişdir. Bu illər ərzində onların orada yaşamağına nəinki maneçilik törədilməmiş, əksinə yuxarıda qeyd etdiyi kimi, onlardan torpağa görə əmlak vergisi, həmin evde rahat yaşamaqları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafiq haqq alınmışdır. Göstərilən orqanlar onlara müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onların həmin torpaq sahəsindən və 1988-ci ildən Tərtər rayonun Bəyimsarov kəndində erməni ilə dəyişdikləri 2(iki) mərtəbəli, sahəsi 160 kv.m, 5(beş) otaqlı fərdi yaşayış evindən istifad etməklərinə öz razılıqlarını bildirmişlər. Lakin bütün bunlara bütün bunlara baxmayaraq həmin fərdi yaşayış evi indiyədək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və bu səbəbdən də onlar torpaq və ev üzərindəki mülkiyyət hüquqlarından səmərəli istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, hələ 1988-ci ildən Tərtər rayonun Bəyimsarov kəndində erməni ilə dəyişdiyi onun qanuni istifadəsində və sahibliyində olan 0.08 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 2(iki) mərtəbə sahəsi 160 kv.m, 5(beş) otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmalı və buna dair müvafiq sənədlər (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki Pasport) verilməlidir. Belə ki, qeyd etdiyi kimi həmin dəyişmə müqaviləsinə əsasən, indiyədək 37 ildir ki, Bəyimsarov kəndində yerləşən evdə daimi olaraq yaşayır, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən evin qeydiyyatı üzrə çıxarış verilməsində çətinlik yaradır və bunu mülkiyyət huququnu təsdiq edən sənədin olmadığı ilə əsaslandırır. Halbuki, o, bu evə qanuni yollarla, notarial qaydada rəsmiləşdirilmiş dəyişdirilmiş dəyişmə müqaviləsinə əsasən sahib olmuş və 37 ildir ki, fasiləsiz, maneəsiz, aşkar və daimi şəkildə istifadə edir. Bu qanunvericiliyə əsasən tələbinin qanuni və əsaslı olduğuna dəlalət edir.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
8. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
9. Hazırda iddiaçının hüquqi marağı Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.m, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatından ibarətdir.
10. Cavabdeh orqan isə hüququnun qeydiyyatından imtinasını sözügedən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırmış və hüquqmüəyyənedici sənədlər təqdim olunacağı halda müraciətə baxılacağını bildirmişdir.
11. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
12. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
13. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin əmlaka dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
14. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
15. Hazırki işdə isə iddiaçının Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.m, 5 otaqlı fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir.
16. İddiaçı sözügedən daşınmaz əmlakı notarial qaydada rəsmiləşdirilmiş dəyişmə müqaviləsinə əsasən əldə etdiyini bildirsə də, iş materiallarında qanunda nəzərdə tutulmuş qaydada bağlanılmış və rəsmiləşdirilmiş hər hansı müqavilənin olması müəyyən edilmir.
17. İddiaçının iş materiallarına əlavə etdiyi akt formasında tərtib edilmiş müqavilə adlı sənəd isə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə olmadığından hüquqmüəyyənedici sənəd qismində qəbul edilə bilməz.
18. Hüquqmüəyyənedici sənəd dedikdə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
19. Həmin əsaslar həm Mülki Məcəllənin 139-1.1-ci maddəsində, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər. iddiaçının isə hazırda mübahisə predmeti olan daşınmaz əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil.
20. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
21. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
22. Məhkəmə qeyd edir ki, iddiaçının Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.m, 5 otaqlı fərdi yaşayış evinə dair hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o, həmin daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.
23. Məhkəmə onu da qeyd edir ki, iddiaçı öz hüquqi marağına uyğun olaraq ya əqdin etibarlı sayılması (bağlanılmış hesab olunması) tələbi ilə yaxud daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizə ilə müvafiq ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva