Məhkəmə qərarları › İş №e-2-1(114)-645/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-645/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-645/2023 17.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı “X4 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı “X4 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X4 Stansiyası” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, **********659600 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının və hesablanmış 22.236 (iyirmi iki min iki yüz otuz altı) manat 10 (on) qəpik vergi borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 01 yanvar 2020-ci il tarixdən 2021-ci ilin iyun ayı da daxil olmaqla olan dövr ərzində səhmdar cəmiyyət tərəfindən malların (iş və xidmətlərin), yəni enerji satışından gəliri təqdim edilmiş e-Qaimə fakturaları üzrə ƏDV-siz 745203.44 manat olmuşdur. ƏDV-i məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxt Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. 01 yanvar 2020-ci il tarixdən etibarən təqdim edilən mallara (işlər və xidmətlərə) görə ƏDV-i tutulan əməliyyatların vaxtı həmin malların (iş və xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi vaxtla müəyyən edilir. Eləcə də təqdim ediləcək mallara görə avans qaydasında (əsas məbləğ daxil olmadan) ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDVnin hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq müəyyən edilir ki, ƏDV-nə cəlb olunan dövriyyə depozit hesaba daxil olmuş vəsaitlə müəyyən edilmir, faktiki hesablaşma hesabına daxil olmuş vəsaitlə müəyyən edilir. Belə ki, 01 yanvar 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək cəmiyyətin hesablaşma hesabına 688938.18 manat vəsait daxil olmuşdur, yəni bu dövr üzrə ümumilikdə ƏDV hesabatlarında əks etdirilməli olan ƏDV-nə cəlb olunan dövriyyənin ümumi məbləği 688938,18 manat, ƏDV tutulan əməliyyatlar üzrə ƏDV-nin ümumi məbləği isə 124008.88 manat olmalıdır. Lakin həmin dövrə səhmdar cəmiyyətin ƏDV depozit hesabına 166577.3 manat vəsait daxil olmuşdur. Bu vəsaitin 124008.88 manatı yuxarıda qeyd edildiyi kimi, ƏDV-nə cəlb edilən 688938.18 manat dövriyyənin (688938.18*18%=124008.88) ƏDVsi, qalan 42568.42 manat isə depozit hesabına daxil olmuşdur. Depozit hesabına daxil olan 42568.42 manat ƏDV-nin (5 noyabr 2020-ci il tarixda 7200 manat, 23 dekabr 2020-ci il tarixdə 2880 manat) cəmi 10080.0 manatı "xxxx" ASC-yə verilmiş avans məbləğinin qaytarılmasından daxil olan ƏDV-i, 32488.42 manatı isə əsas məbləği ödənilmədən ƏDV-i üzrə depozit hesabına ödənilmiş avans ƏDV-dir. Avans olaraq daxil olan ƏDV-nin 10200.0 manatı (Azenco ASC-yə 21 oktyabr 2020-ci il tarixdə 3200.0 manat, "xxxx" Group MMC-yə 07 noyabr 2020-ci il tarixdə 7000.0 manat) qaytarılmış, 22288.42 manat avans məbləğlərini ödəyən cəmiyyətlər əsas məbləği ödəyə bilmədiyi üçün əməliyyat başa çatmamış alqı-satqı aparılmamış, e-Qaimə faktura təqdim edilməmişdir. Nəticədə əməliyyat yarımçıq qaldığı (başa çatmadığı) yəni, hesablaşma hesabına və digər hesablara, o cümlədən kassaya vəsait daxil olmadığı, həmçinin qarşılıqlı hesablaşma yolu ilə də vəsait daxil olmadığı üçün ƏDV-i üzrə depozit daxil olan ƏDV-i məbləğinə görə Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən büdcəyə hesablama verilməmişdir. Qeyd edilən dövrlər üzrə ƏDV-i bəyannamələri təqdim edilən zaman yuxarıda qeyd etdiyikləri əsas götürərək əsas məbləğ daxil olmayan ƏDV-nə görə büdcəyə hesablamalar verilməmiş və ƏDV-i 22288.42 manat azaldılmamışdır. Ona görə də 2021-ci ilin iyun ayı üzrə təqdim edimiş ƏDV-i bəyənnaməsində qeyd edilən uyğunsuluq nəzərə alınmamalıdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim etdikləri iddia tələbinə dair yazılı etirazda qeyd edilənləri müdafiə edərək, bildirmişdir ki, vergi ödəyicisinin 2021-ci il iyun ayı dəqiqləşmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilən zaman qarşılıqlı əlaqələrin təhlil nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək (2021-ci ilin iyun ayı da daxil olmaqla) olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 166577.3 manat olduğu və həmin məbləğdən 10200 manat ƏDV məbləğinin geri qaytarıldığı, habelə təqdim edilmiş 2021-ci ilin iyun ayı ƏDV bəyannaməsində cari ayın sonuna cari debitor məbləğinin 10132,32 manat ƏDV məbləği yekunda qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 124008,88 manat olmağı, təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə - 22236.1 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********402900 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2021-ci ilin iyun ayı üçün 22236.10 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********659600 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********659600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın surətindən görünür ki, ümumilikdə 22236.1 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir; -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********402900 nömrəli məktubundan görünür ki, “X4 Stansiyası” Açıq Səhmdar Cəmiyyətindən hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün beş gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim olunması tələb edilmişdir. -işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 04/GR nömərli məktubundan görünür ki, "xxxx" MMC-i ilə "xxxx" ASC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Səhmdar cəmiyyətə məxsus bir ədəd Körpülü kran bizim cəmiyyətə satılmalı olmuş və müqavilənin şərtinə görə malın dəyərinin 100 faizini əvvəlcədən "xxxx" MMC ödəməli idi. Ona görə də 2020-ci ilin oktyabr-noyabr aylarında ƏDV-i üzrə depozit hesabından 28753.0 manat avans olaraq ƏDV-i ödənilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş 15 oktyabr 2020-ci il tarixli 07-10/Ç-2020 saylı alqısatqı müqaviləsindən görünür ki, "xxxx" ASC satıcı qismində “Köprülü kran” adlı malı satmağı, "xxxx" MMC isə malı almağı öhdəsinə götürmüşdür. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********659600 nömrəli qərarının qanuniliyinin yoxlanılmasıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubu ilə “X4 Stansiyası” Açıq Səhmdar Cəmiyyətindən hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün sənədlərin vergi orqanına təqdim olunması tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməmiş və 2021-ci ilin iyun ayı üçün 22236.10 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********659600 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. -23.1.1-ci maddəsinə əsasən Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -78.3-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata, bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata, vergi yoxlaması materiallarına və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlardan birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır -173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDVsiz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində təqdim ediləcək mallara görə avans qaydasında (əsas məbləğ daxil olmadan) ƏDV depozit hesabına ödənilmiş məbləğlər üzrə ƏDV-nin hesablanmasının qanunvericiliklə nəzərdə tutulmamasını göstərmişdir. Bununla da iddiaçı tərəf qanunvericiliyi birtərəfli qaydada şərh edərək ziyanına olan halları göstərməkdən yayınmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 oktyabr 2020-ci il tarixli 07-10/Ç-2020 saylı alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, alıcı, yəni "xxxx" MMC şərtləşdirilmiş malın dəyərinin 100 faizini ödəməli idi. Həmçinin "xxxx" MMC-nin məktubu ilə də təsdiq olunur ki, bağlanmış müqaviləyə və müqaviləyə əlavə edilmiş qiymət razılaşma protokoluna görə satılacaq “Körpülü kranın” qiyməti (ƏDV-siz) 159783.0 manat, ƏDV-i 28752.84 manat, ümumi dəyəri 188490.84 manat razılaşdırılmışdır. Müqavilənin şərtinə görə malın dəyərinin 100 faizi əvvəlcədən ödənməli olduğundan 2020-ci ilin oktyabr-noyabr aylarında ƏDV-i üzrə depozit hesabından 28753.0 manat avans olaraq ƏDV-i ödənilmişdir. Lakin Cəmiyyətin hesablaşma hesabında vəsait olmadığından əsas məbləğ ödənilməmiş, müqavilənin şərtinə əməl edilməmiş və əməliyyat yarımçıq qalmışdır. Əməliyyat başa çatmadığı üçün avans olaraq ödənilmiş məbləğ Səhmdar cəmiyyət tərəfindən hissə-hissə qaytarılmış hazırda isə 11753.0 manat qalmışdır. Yəni iddiaçı ƏDV-nin depozit hesabına edilmiş ödəməni qaytarmalı olduğunu bilmiş, buna uyğun olaraq da həmin məbləğin bir qismini hissə-hissə qaytarmışdır, lakin bu halla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli quruma məlumat verməmiş, əksinə həmin məbləği hesabında saxlamaqla əməliyyatlar həyata keçirmişdir. İddiaçının alqı-satqı müqaviləsi əsasında ƏDV sub-uçot hesabına edilən ödəmənin avans olmasını bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilədə birmənalı olaraq məbləğin birdəfəlik ödənilməsi qeyd edilmişdir. Digər bir tərəfdən qeyd olunan normaların məzmunundan da görünür ki, avans malın ƏDV-siz dəyərinin hissə-hissə ödənişi olduğundan ödənilmiş məbləğ avans hesab edilə bilməz. Məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi dəlilləri iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla qarşılıqlı təhlil edərək o qənaətə gəlmişdir ki, iddiaçının dəlilləri heç bir hüquqi əsası olmayan, məsuliyyətdən boyun qaçırma məqsədi daşıyır. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********659600 nömrəli qərar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən iddiaçı “X4 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “X4 Stansiyası” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar