Məhkəmə qərarları › İş №e-2-1(114)-732/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-732/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-732/2022 10.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona təyin olunmuş yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialına qarşı 26.07.2021-ci il tarixli aktın ləğv edilməsi və ona təyin olunmuş yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bundan sonra, iddiaçının vəkili Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən bilavasitə iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin dayandırılması və iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Samux rayonunda anadan olmuşdur. O, 06.11.1974-cü il tarixdən 04.09.1978-ci il tarixədək Xanlar sovxozunda fəhlə (3 il 10 ay), 04.09.1978-ci il tarixdən 15.10.1997-ci il tarixədək mühasib (19 il, 1 ay 11 gün), 02.02.1998-ci il tarixdən 18.03.2000-ci il tarixədək “Merkuri-96” mebel şirkətində xadimə ( 2 il, 1 ay ) işləmişdir. Beləliklə, ona 10.02.2019-cu il tarixdə ümumi 25 il 10 gün əmək stajı omaqla yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdehin “Əmək pensiyasının ləğv edilməsi barədə” 08.12.2021-ci il tarixli aktından və 24.08.2021ci il tarixli bildirişindən məlum olmuşdur ki, onun yaşa görə əmək pensiyası ləğv olunmuşdur və 10.02.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək atrıq ödənilmiş 6679,27 manat məbləğin fondun hesabına geri bərpa olunması tələb olunmuşdur. Cavabdehin 18.12.2021-ci il tarixli məktubundan isə görünür ki, onun 1975-ci il tarixdən 1995-ci ilin dekabr ayınadək 15 il 6 ay sığorta stajı müəyyən olunmuşdur. Samux rayon Dövlət Arxivinin təqdim etdiyi əmək haqqı arayışından onun 1995-ci ilin dekabr ayınadək əmək haqqı aldığı məlum olmuşdur. Tələb olunan 25 il stajın tamamlanmaması nəticəsində 26.07.2021-ci il tarixli akta əsasən onun yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdən ləğv olunmuşdur. Həmçinin, Samux rayon Dövlət Arxivinin təqdim etdiyi əmək haqqı arayışı da cavabdeh tərəfindən araşdırılmışdır. Hazırda isə cavabdeh tərəfindən onun yaşa görə əmək pensiyasının ləğv olunmasını qərəzli bir addım kimi qiymətləndirir. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının ləğv edilməsi barədə heç bir müddəa yoxdur. Həmçinin, 10.02.2019-cu il tarixdən 31.08.2021-ci il tarixədək ona ödənilmiş 6679,27 manat artıq ödənilmiş məbləğ deyil, ona təyin olunmuş pensiya məbləğidir. Qanunvericilikdə təyin olunmuş pensiyanın geri tələb edilməsi də nəzərdə tutulmamışdır. Qanuna görə pensiya ya təyin olunur, ya da pensiyanın təyin olunmasından imtina olunur. Qanunda təyin olunmuş pensiyanın sonradan ləğv olunması və məbləğin geri tələb olunması hesab edir ki, korrupsiya pozuntusudur. Hesab edir ki, ona yaşa görə təyin olunmuş əmək pensiyası bərpa olunmalıdır. Çünki, onun əmək fəaliyyəti əmək kitabçası, arxiv arayışı və digər sənədlərlə tam təsdiq edilir. İddiaçı və nümyəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 10.02.2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxlaması əsasında 18 saylı regional ərazi filialında aparılan araşdırma zamanı Samux rayon Dövlət Arxivində saxlanılan sənədlər üzrə qarşılıqlı yoxlama həyata keçirilmiş, iddiaçının sığorta stajının qanunvericiliklə tələb olunan sığorta stajını ödəməməsi aşkara çıxmış və bu səbəbdən yaşa görə əmək pensiyası hüququ olmadığından əmək pensiyası ləğv edilmişdir. Belə olan halda, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 10.02.2019cu il tarixdən 31.08.2021-ci il tarixədək artıq ödənilmiş əmək pensiyasının (6679.27 manat) Fondun hesabına geri bərpa olunması iddiaçıdan tələb olunmuşdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, iddiaçının pensiya işinin surəti, 17.04.2019-cu il tarixli, 351 nömrəli qərarının surəti, 10.04.2019-cu il tarixli ərizənin surəti, Samux rayon Dövlət Arxivinin 30.07.2021-ci il tarixli, 157 və 158 nömrəli arxiv arayışlarının surətləri, 15.04.2019-cu il tarixli, 76 arayışının surəti, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 15.11.2021-ci il tarixli, 1248(371)-3 nömrəli arxiv arayışının surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialının 24.08.2021-ci il tarixli, **********5 nömrəli bildirişinin və 18.12.2021-ci il tarixli, **********9 nömrəli məktubunun surəti surəti, 15.07.2021-ci il tarixli aktın təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələb olunan 25 il iş stajının tamamlanmadığı əsas gətirilərək, 26.07.2021-ci il tarixli aktla iddiaçının yaşa görə əmək pensiyası, hüququ yarandığı 10.02.2019-cu il tarixdən dayandırılmışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 06.11.1974-cü il tarixdən 01.11.1995-ci il tarixədək (20 il 11 ay 25 gün) Samux rayonu “Y.Qaqarin” adına və 01.11.1995-ci il tarixdən 15.10.1997-ci il tarixədək (01 il 11 ay 14 gün) “S.Ağayev” adına üzümçülük sovxozunda, 02.02.1998-ci il tarixdən 28.03.2000-ci il tarixədək (02 il 01 ay 26 gün) “Merkuri-96” şirkətində işləməsi iddiaçıya məxsus 15.07.1975-ci il tarixli əmək kitabçasında öz təsdiqini tapmışdır və cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Məhkəmə iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır. Məhkəmə hesab edir ki, iddiaçının 20 il 11 ay 25 gün Samux rayonu “Y.Qaqarin” adına, 01 il 11 ay 14 gün “S.Ağayev” adına üzümçülük sovxozunda və 02 il 01 ay 26 gün “Merkuri-96” şirkətində işlədiyi müddət daxil olmaqla, ümumilikdə 25 il 02 ay 05 gün sosial sığorta stajı olduğundan pensiya hüququ yaranmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının dayandırılması əsassız olmuşdur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun:- - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi mənasına malikdir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. - 58.2-ci maddəsinə əsasən İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 59.1.5-ci maddəsinə əsasən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatda əks olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 26.07.2021-ci il tarixli aktın yuxarıda sadalanan maddi hüquq normalarının tələbi baxımından yoxlayarkən həmin inzibati akt qəbul edilərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmadığını, həmçinin diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə tam, hərtərəfli həyata keçirilmədiyi qənaətinə gəlmişdir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarında məhkəmə belə qərara gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26.07.2021-ci il tarixli aktı inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququ yarandığı 10.02.2019-cu il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı 10.02.2019-cu il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar