Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-733/2022 06.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndisi (vəkili) Vəkil iştirakları ilə İddiaçı cavabdeh Tovuz rayonu Xatınlı bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Tovuz rayonu Xatınlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Xatınlı Bələdiyyəsinin mülkiyyətində olan 8.6 ha torpaq sahəsinə dair onunla uzun müddətli icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı 14 mart 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tovuz rayonu Xatınlı Bələdiyyəsinin 24 dekabr 2021-ci il tarixli, 17 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 14 mart 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mülkiyyətində Tovuz rayon Xatınlı kəndi ərazisində ümumi sahəsi 391 kv.m olan tikililər var və o, həmin tikilidə ev quşları saxlamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ona məxsus tikililər dörd müxtəlif ərazilərdə yerləşir və həmin tikililərin yerləşdiyi ərazinin ətrafındakı torpaqlar Xatınlı bələdiyyəsinin mülkiyyətində olan torpaqlardır. Tikililərin ətrafında olan torpaqlar bələdiyyə mülkiyyəti olduğu üçün mülkiyyətində olan tikililərdən istifadə edə bilmir, eyni zamanda da o, sahibkarlıq fəaliyyətini genişləndirərək digər sahibkarlıq fəaliyyəti, bağçılıq, maldarlıq və digər fəaliyyətlə məşğul olmaq istəyir. Ona məxsus tikililərin ətrafında yerləşən Xatınlı bələdiyyəsinə məxsus 8.6 ha torpaq sahəsinin 4 ha hissəsi keçmiş SSRİ dönəmində bağ sahəsi olmuşdur, hazırda da həmin ağacların kötükləri durur. O, xarici ölkələrdən çox sayda müxtəlif növ ağac tingləri gətirmişdir ki, həmin ərazidə əkmişdir. Məqsədi də həmin 4 ha torpaq sahəsini əvvəlki illərdə olduğu kimi bağ sahəsi almaqdır. Digər 4.6 ha torpaq sahəsində isə maldarlıqla məşğul olmaq məqsədi var. Onu da qeyd bələdiyyəyə məxsus olan 8.6 ha torpaq sahəsi uzun müddətdir onun sahibliyində və istifadədədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Qazax ərazi şöbəsi tərəfindən verilmiş rəydə də mübahisəli torpaq sahələrinin elektrik, rabitə, nəqliyyat, qaz, su, və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyi, torpaq sahəsinin mülkiyyətə, icarəyə və istifadəyə verilməsinin mümkün olması qeyd olunur. O, qeyd olunan torpaq sahəsinə dair uzun müddətli icarə müqaviləsinin bağlanması ilə əlaqədar Xatınlı bələdiyyəsinə müraciət etsə də cavabdeh onunla icarə müqaviləsi bağlamaqdan imtina etmişdir. Bələdiyyə qərarında həmin torpaq sahəsinin guya əhalinin ümumi istifadəsində olduğunu və kənd əhalisinin etiraz etdiyini əsas gətirərək torpaq sahəsinin icarəyə verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 06 iyun 2022-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Tovuz rayonu Xatınlı Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.2008ci il qeydiyyat tarixli, ********** nömrəli şəhadətnamənin surətləri; - 05.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında » daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti; - 503011009666-12301 reyestr nömrəli texniki pasportun surəti; - Tovuz rayonu Xatınlı Bələdiyyəsinin 24 dekabr 2021-ci il tarixli, 17 nömrəli iclas qərarından çıxarışın surəti; - 14 dekabr 2021-ci il tarixli və 03 noyabr 2021-ci il tarixli ərizələrin surətləri. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə Tovuz rayonu Xatınlı Bələdiyyəsinə müraciət edərək, Tovuz rayonu, Xatınlı kəndində yerləşən 8.6 hektar torpaq sahəsinin icarəsinə verilməsini xahiş etmiş, lakin Tovuz rayonu Xatınlı Bələdiyyəsinin 24 dekabr 2021-ci il tarixli, 17 nömrəli qərarı ilə həmin torpaq sahəsinin kənd əhalisinin ümumi istifadəsində olduğu əsas gətirilərək, iddiaçının icarəsinə verilməsindən imtina edilmişdir. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati akt, aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Hazırki iş üzrə isə bələdiyyə tərəfindən mübahisələndirilən inzibati akt (qərar) qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya əlavə sübut tələb edilməmiş, kənd əhalisinin ərizəsinə əsasən birbaşa inzibati akt qəbul edilmişdir. Halbuki, bələdiyyənin yeganə sübut kimi istinad etdiyi kənd əhalisinin ərizəsi, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsindən imtina üçün kifayət qədər əsaslı deyil. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati icraat haqqında qanunvericiliyin normaları pozulduğundan, cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, 17 saylı qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Tovuz rayonu Xatınlı Bələdiyyəsinin 24 dekabr 2021-ci il tarixli, 17 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Tovuz rayonu Xatınlı Bələdiyyəsinin 24 dekabr 2021-ci il tarixli, 17 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-733/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-733/2022
06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver