Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-734/2022 14.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı "xxxx" Xüsusi Kiçik müəssisəsinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə nümayəndəsi X3, Üçüncü şəxs Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Xüsusi Kiçik müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər İdarəsinə (üçüncü şəxs Göygöl rayon İcra Hakimiyyəti) qarşı qərarların ləğv edilməsi və qanunsuz hesablanmış vergi borcunun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Xüsusi Kiçik müəssisəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********38800 nömrəli, xx.xx.2020-ci il tarixli, **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli, **********930600 nömrəli qərarların ləğv edilməsi və qanunsuz hesablanmış 1007,59 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və qanunsuz hesablanmış vergi borcunun silinməsi barədə iddia tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə Göygöl Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Xüsusi Kiçik Müəssisəsini yaradaraq sahibkalıq fəaliyyəti ilə məşğul olur (VÖEN **********), sahibkarlıq fəalliyyətilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti ilə torpaq icarə müqaviləsi bağlayaraq 700 ha qış və yay otlaq sahsini 15 il müddətinə icarəyə götürmüş, icarə müqaviləsinin 3.4-cü bəndinə əsasən hər il torpaq vergisi nəzərə alınmaqla icarəyə verənə 805 manat icarə haqqı ödəməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq o, hər il illik 805 manat icarə haqqını ödəmiş və ödədiyi icarə haqqından torpaq vergisi ödənilib. Buna baxmayaraq vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2019-cu il tarixli, **********638800 saylı, xx.xx.2020-ci il tarixli, **********827900 saylı və xx.xx.2021-ci il tarixli, **********930600 saylı qərarlar qəbul olunaraq 723.75 manat əsas, 183.84 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla 1007.59 manat borcun tutulması qərara alınmış və icra olunması üçün Göygöl rayon İcra və probasiya idarəsinə göndərilmişdir. Qeyd olunan borcun yazılmasından xəbəri olmayıb, yalnız icra idarəsindən ona bildiriş gələndə məlum olub ki, vergi orqanı qanunsuz olaraq 1007.59 manat vergi borcu yazılıb. Ona yazılmış borc qanunsuz və əsassız yazılmışdır. İddiaçı qeyd olunan borcun silinməsini xahiş etsə də cavabdeh orqan tərəfindən imtina edilmiş, əksinə icra orqanına göndərilmişdir. İddiaçı qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ərizəsində sahibkarlıq fəaliyyəti ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti ilə torpaq icarəsi müqaviləsi bağlayaraq 700 hektar qış və yay otlaq sahəsini 15 il müddətinə icarəyə götürdüyünü, icarə müqaviləsinin 3.4-cü bəndinə əsasən hər il torpaq vergisi nəzərə alınmaqla icarəyə verənə 805 manat icarə haqqı ödəməli olduğunu, müqavilənin şərtlərinə uyğun olaraq hər il onun tərəfindən 805 manat icarə haqqının ödənildiyini və onun ödədiyi icarə haqqından torpaq vergisinin ödənildiyini, buna baxmayaraq vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq mübahisələndirilən qərarlar qəbul olunaraq 723,75 manat əsas, 183,84 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla 1007,59 manat borcun tutulmasının qərara alındığını qeyd etmişdir. Təhlil nəticəsində müəyyən olunur ki, hər hansı və ya huquqi şəxs dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək üçün vergi ödəyicisi olmalı, torpaq icarəsi üçün ərizə ilə müraciət edərkən vergi ödəyicisi kimi qeydiyyata alındığı barədə sənədi ərizəyə əlavə etməlidir. Bu o səbəbdən tələb olunur ki, həmin şəxslər tərəfindən istifadələrində olan icarə və ya digər əsaslarla) torpaqlara görə torpaq vergisi hesablanmalı və dövlət büdcəsinə ödənilmələdir. Bu ödənişlər dövlət torpaqlarının icarəsinin haqqı olaraq yox, istifadə edilən torpağa görə ödənilməli olan vergilərin dövlət büdcəsinə ödənilməsi formasında həyata keçirilməlidir. Çünki Vergi Məcəlləsində konkret olaraq qeyd olunur ki, istifadəsində torpaq sahəsi olan şəxslər torpaq vergisinin ödəyiciləridir. Digər tərəfdən “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri baxımından da dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə verməyə hüququ olan müvafiq icra hakimiyyəti orqanı torpaq vergisinin tədiyyəçisi deyildir. Belə olan halda iddiaçının istifadəsində olan torpağa görə ödənilməli olan torpaq vergisinin icarə haqqının tərkibində ödənilməsi barədə dəlili qanunvericiliyin normaları baxımından əsaslı hesab edilə bilməz. Mübahisələndirilən qərarların mahiyyəti ilə bağlı qeyd olunur ki, vergi orqanı tərəfindən Göygöl rayon İcra Hakimiyyətinə müraciət olunmuş, dövlət torpaqlarını icarəyə götürən şəxslər barədə məlumatın 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim olunması xahiş olunmuşdur. Göygöl rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 04/11 nömrəli, xx.xx.2017-ci il tarixli 11/667 nömrəli, xx.xx.2020-ci il tarixli 11/18 nömrəli, xx.xx.2021-ci il tarixli 11/217 nömrəli məktublarına əlavə edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, "xxxx" Xüsusi Kiçik müəssisəsinin istifadəsində icarə müqaviləsi əsasında torpaq sahəsinin mövcud olmasına baxmayaraq vergi ödəyicisi tərəfindən həmin torpaq sahəsinə görə Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş torpaq vergisi bəyannamələri təqdim edilməmişdir. Üçüncü şəxs Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddia tələbini məhkəmənin mülahizəsinə buraxdığını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən ödənilən icarə haqqının daxilində vergi də nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 02 may 2018-ci il tarixli, 06 nömrəli torpaq sahəsinin müqaviləsinin surətindən görünür ki, Göygöl rayon İcra Hakimiyyəti tərəfindən 700 hektar 14 saylı qış və 12 saylı yay otlaq sahələri 15 il müddətinə "xxxx" Xüsusi Kiçik müəssisəsinə istifadəyə verilmişdir. - Göygöl rayon İcra Hakimiyyətinin 02 may 2018-ci il tarixli, 57 nömrəli sərəncamı ilə Göygöl rayon dövlət mülkiyyətində olan 14 saylı qış otlaq sahəsindən mülkiyyətində olan davarların otarılması üçün "xxxx" Xüsusi Kiçik müəssisəsinin icarəsində olmuş 500 hektar, 12 saylı yay otlaq sahəsindən 200 hektar torpaq sahələrinə bağlanmış icarə müqavilələrin müddəti başa çatdığından qanunvericiliyin tələblərinə uyğun olaraq icarə müqavilələrin vaxtı 15 il müddətinə uzadılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********636800 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarı ilə malliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********827900 nömrəli, xx.xx.2021-ci il tarixli, **********682600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********930600 nömrəli, xx.xx.2019-cu il tarixli, **********638800 nömrəli qərarları xx.xx.2021-ci il tarixdən icraya yönəldilmişdir. - Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli, 296425/21 Aİ nömrəli icraata başlamaq haqqında qərarın surəti xx.xx.2021-ci il tarixdə "xxxx" Xüsusi Kiçik müəssisəsinə göndərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********834100 nömrəli məktubunda xx.xx.2020-ci il tarixli, **********827900 nömrəli, xx.xx.2021-ci il tarixli, **********930600 nömrəli, xx.xx.2019-cu il tarixli, **********638800 nömrəli qərarlarının İddiaçı elektron qutusuna göndərildiyinin təmin edildiyi qeyd edilmişdir. - Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 15/373 nömrəli məhkəmə sorğusuna cavab məktubunda Göygöl Rayon İcra Hakimiyyəti ilə "xxxx" xüsusi kiçik müəssisəsinin rəhbəri İddiaçı arasında bağlanmış 02 may 2018-ci tarixli, 06 saylı icarə müqaviləsinin 3.4-cü bəndində göstərilən icarə haqqının daxilində həm də torpaq vergisi nəzərdə tutulmuşdur. Odur ki, yay və qış otlaqlarının 1 hektarının torpaq yay və qış otlaq sahəsinin torpaq vergisinin məbləği 175 manat təşkil edir. Qalan 630 vergisi Göygöl rayonu üzrə 0.25 qəpik təşkil edir. İcarə müqaviləsinə göstərilən 700 hektar manat isə icarə haqqı kimi hesablanmışdır. Ümumi məbləğ olaraq 805 manat icarə haqqı şəklində birlikdə ödənildiyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPMin 39.1-ci maddəsi). İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 805 manat məbləğində icarə haqqı ödənilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti ilə "xxxx" xüsusi kiçik müəssisəsinin rəhbəri İddiaçı arasında bağlanmış icarə müqaviləsinin icarə haqqının daxilində həm də torpaq vergisi nəzərdə tutulmuşdur. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli Qərarının Daşkəsən-Gədəbəy üzrə İ qrup əkin torpağının 1 hektarının şərti balı 42 qəbul edilmişdir. Həmin qanuna əsasən Biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarlarının şərti balları müvafiq kadastr qiymət rayonunun əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların İ keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti ballarının 1/10 miqdarında qəbul edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********38800 nömrəli, xx.xx.2020-ci il tarixli, **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli, **********930600 nömrəli qərarlar əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 59 maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci bəndinin tələblərinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 66-cı maddəsinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.4-cü maddəsinə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 99.1-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununun:
14. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya 1007,59 manat məbləğində borc hesablanmış və icraya yönəldilmişdir. Lakin məhkəmə araşdırması zamanı aşkar olunmuşdur ki, iddiaçı torpaq vergisi ilə birlikdə icarə haqqını da ödəmişdir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********38800 nömrəli, xx.xx.2020-ci il tarixli, **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli, **********930600 nömrəli qərarları ləğv edilməli və 1007,59 manat məbləğində olan borc silinməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68-70, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********38800 nömrəli, xx.xx.2020-ci il tarixli, **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli, **********930600 nömrəli qərarları ləğv edilsin və 1007,59 manat məbləğində olan borc silinsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar apelyasiya şikayəti verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov