Məhkəmə qərarları › İş №e-2-1(114)-75/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-75/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-75/2023 22.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl şəhər Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi üzərində mərhum həyat yoldaşı X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X8 ilə 1988-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onlar nikah dövründə birgə təsərrüfat yaradaraq idarə etmiş, daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Vasil Mustafayev 18 yanvar 2009-cu il tarixdə ürək dayanması nəticəsində vəfat etmişdir. Mərhum həyat yoldaşının sağlığında onlar Göygöl şəhər Bələdiyyəsi ilə alqı-satqı edərək bələdiyyənin şəhər daxili ərazisindəki yararsız torpaq sahəsindən 0.08 ha hissəsini almış, bələdiyyənin 20 dekabr 2005-ci il tarixli, 90 nömrəli Qərarı ilə həmin torpaq sahəsi ayrılaraq onlara satılmışdır. Qeyd olunan torpaq sahəsi hazırda ünvan 1 ünvanında yerləşir. Torpaq sahəsini alan vaxtdan mişar daşı ilə hasara alınmışdır və 15 ildir fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədlər tam olaraq qanunidir. İddiaçı sözügedən torpaq sahəsinə çıxarışın verilməsi üçün aidiyyəti üzrə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, "Torpaqların alqı-satqısına dair" Aktın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşdüyü əsas gətirilərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. İddiaçı qeyd edir ki, mərhum həyat yoldaşının adına verilmiş və hazırda onun istifadəsində olan torpaq sahəsini onlar 2005-ci ildə alandan sonra qeyd olunan elektrik xətti çəkilib. Eyni zamanda da X7 xx.xx.2022-ci il tarixi, 153 nömrəli məktubu ilə elektrik xətti ilə torpaq sahəsi arasındakı məsafənin 10 metr olduğu, torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasına düşmədiyi, eyni zamanda da torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsinə etirazın olmadığı qeyd olunur. Buna baxmayaraq cavabdeh orqan hüquqların qeydə alınmasından qanunsuz və əsassız olaraq imtina edir. İddiaçının vəkili Vəkil məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin ərazidən elektrik xətti torpaq sahəsi iddiaçıya verildikdən sonra çəkilmişdir. Cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş "Torpaqların alqı-satqısına dair" Aktının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na riayət edilməmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin icrasını təmin etmək mümkün olmamış və icrasından imtina edilmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İV-ЖГ 374391 nömrəli xx.xx.1988-ci il tarixli 999 nömrəli nömrəli « Nikahın bağlanması haqqında » şəhadətnamədən görünür ki, X3 Kifayət Qədir qızı ilə xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşdur. -surəti işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, 999 nömrəli rəyindən görünür ki, X1 nəzərdə tutulan torpaq sahəsi 800 m2 olmaqla Xanlar bələdiyyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir, satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. -surəti işə əlavə edilmiş Xanlar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 90 nömrəli qərarından görünür ki, X5 Xanlar bələdiyyəsinin şəhər daxili ərazisindəki torpaq sahəsindən 0,08 hektar ayrılıb fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Xanlar Bələdiyyəsi, DT və XK-nin Xanlar rayon şöbəsi və mülkiyyətçinin iştirakı ilə xx.xx.2005-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar bələdiyyəsinin şəhər daxili ərazisindəki torpaq sahəsindən cəmi 0,08 hektar ayrılıb X5 fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2005-cu il tarixli, 19 nömrəli qəbzdən görünür ki, X8 tərəfindən alqı-satqı edilmiş torpaq sahəsinə görə 691000 (altı yüz doxsan bir min) manat pul Xanlar bələdiyyəsinin hesabına ödənilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2005-ci il tarixli 555 nömrəli “Torpaqların alqısatqısına dair” aktdan görünür ki, Xanlar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 90 nömrəli qərarı ilə bələdiyyə ərazisindən 800 m2 torpaq sahəsi X2, sonuncu tərəfindən bunun müqabilində müvafiq haqq ödənilmişdir. -surəti işə əlavə edilmiş AZ-İ 312910 nömrəli xx.xx.2009-cu il tarixli 999 nömrəli nömrəli « Ölüm haqqında » şəhadətnamədən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş X7 xx.xx.2022-ci il tarixli, 153 nömrəli məktubunda bildirilir ki, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin yaxınlığından keçən xətt 35/6 kv-luq Göygöl 1 y/st-dan çıxan 6 kv-luq Topalhəsənli h/x-dir, xətlə torpaq sahəsi arasındakı məsafə 10 (on) metrdir, xəttin qoruq zonası 10 (on ) metrdir, X11 torpaq sahəsinin DƏDRX-də qeydiyata alınmasına etiraz etmir. -işə əlavə edilmiş Göygöl bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 23 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvandakı 0.08 ha torpaq sahəsi onun mərhum həyat yoldaşı X4 istifadəsindədir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********10 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2030/2023 nömrəli məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xanlar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 90 nömrəli qərarı ilə, X5 fərdi yaşayış evinin tikintisi üçün satılmış, 0.08 ha torpaq sahəsindən, ərazidə olan elektrik xəttinə ən yaxın məsfə 2.7 (iki metr yetmiş santımetr) metrdir, sözügedən torpaq sahəsinin, yaxınlığında yerləşən elektrik dirəyi ilə olan məsafə 5.6 (beş metr altmış santimetr) metrdir. -işə əlavə edilmiş "xxxx" ASC-nin Qərb RETSİ-nin xx.xx.2023-cü il tarixli, 49-01/139 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanda olan torpaq sahəsi üzərindən keçən yüksək gərginlikli elektrik xətti 1960-1970-ci illərdə çəkilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 90 nömrəli qərarı ilə bələdiyyə ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə iddiaçının mərhum əri X5 0.08 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Xanlar rayon şöbəsinin müvafiq rəyi, “Torpaqların alqısatqısına dair” akt və digər sənədlər əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə ərizəyə əlavə edilmiş "Torpaqların alqısatqısına dair" Aktının Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmaması, həmçinin, torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik avadanlıqlarının mühafizəsi Qaydalar”ının 2-ci bəndinə əsasən bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Həmin Qaydaların:- -1-ci bəndinin 7-ci hissəsinə əsasən mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -5-ci bəndinə əsasən >l<20 KV-luq elektrik xəttinin mühafizə zonası 10 metrdir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Məhkəmə cavabdehin imtinasında qeyd olunan halların araşdırılması məqsədilə iş üzrə mütəxəssis rəyi almış və sözügedən mütəxəssis rəyində torpaq sahəsindən, ərazidə olan elektrik xəttinə ən yaxın məsafənin 2.7 (iki metr yetmiş santımetr) metr, sözügedən torpaq sahəsinin, yaxınlığında yerləşən elektrik dirəyi ilə olan məsafənin 5.6 (beş metr altmış santimetr) metr olması müəyyən edilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsi həqiqətən də elektrik xəttinin mühafizə zonasına düşür. Həmçinin müəyyən olunur ki, hazırki iş üzrə X15 Təchizatı və Satışı İdarəsi istismarçı müəssisə olaraq elektrik şəbəkələrinin mühafizəsini təmin edir və həmin idarədən təqdim olunmuş məktubun məzmunundan da görünür ki, sözügedən torpaq sahəsi üzərindən keçən yüksək gərginlikli elektrik xətti 1960-1970-ci illərdə çəkilmişdir. Deməli bələdiyyə sözügedən torpaq sahəsini satarkən onun mühafizə zonasını nəzərə almamışdır. Bu səbəbdən də məhkəmə iddiaçının vəkilinin izahatında qeyd etdiyi arqumentlərini (elektrik xəttinin torpaq sahəsi iddiaçıya verildikdən sonra çəkilməsi) əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qeydə alınması tələb olunan torpaq sahəsi onun üzərindən keçən elektrik xəttinin mühafizə zonasına düşdüyündən cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar