Məhkəmə qərarları › İş №e-2-1(114)-805/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-805/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-805/2023 14.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi üçün qərar qəbul edilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və istifadəsində olmuş 0.23 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün qərar qəbul edilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Goranboy rayonu, Qızılhacılı kənd sakini X10 ilə xx.xx.1987-ci il tarixdə ailə həyatı quraraq, həyat yoldaşının atasına məxsus olan Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı İdris Abdullayevin iki oğluna - X6 və X7 eyni həyətdə tikdiyi iki mənzildən birində məskunlaşmış və 1995-ci ildə mənzildə baş vermiş yanğınla əlaqədar iddiaçı və ailəsi kəndi tərk edərək, Goranboy şəhəri ərazisində məskunlaşmışdır. Uzun illər ərzində iddiaçı və onun ailə üzvləri mütəmadi olaraq Qızılhacılı kəndində yerləşən həmin həyətyanı torpaq sahəsinə və üzərindəki tikililərə baş çəkmiş, həmin həyətdə yaşayan X11 və onun ailə üzvləri ilə heç bir münaqişə baş verməmişdir. Lakin, iddiaçının həyat yoldaşı X10 vəfat etdikdən sonra, qaynının ailəsi bütün həyətyanı torpaq sahəsinin və onun üzərindəki mülklərin onlara aid olduğunu bildirmişlər. Göstərilən məsələ ilə əlaqədar cavabdeh Goranboy rayonu, Qızılhacılı bələdiyyəsi ilə əvvəlki tarixlərdə yazışmalar aparılmış, eyni zamanda iddiaçı ilə X12 (X3 qızı) arasında məhkəmə mübahisəsi olmuşdur. Cavabdeh Goranboy rayonu, Qızılhacılı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları ilə bildirilmişdir ki, İddiaçı və mərhum əri X4 Goranboy rayonu, Qızılhacılı Bələdiyyəsi ərazisində adına həyətyanı torpaq sahəsi yoxdur. İddiaçı 1987-1995-ci illərdə yaşadığı ev mərhum X7 məxsus olan həyətyanı torpaq sahəsində tikilmişdir. Goranboy rayonunda aqrar islahatlar aparılarkən həmin torpaq sahəsi X3 adına işlənmişdir. Cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 2 ünvanı ümumilikdə 33 sot torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinin 10 sotuna dair X5 adına çıxarış verilmişdir. Yerdə qalan 23 sot torpaq sahəsi Goranboy rayonu, Qızilhacılı bələdiyyəsinin mülkiyyətindədir və X12 tərəfindən zəbt edilmişdir. Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, bələdiyyənin sənədlərinə əsasən İddiaçı və mərhum əri X4 adına torpaq sahəsi yoxdur. İddia edilən torpaq sahəsi isə X3 və onun ailə üzvlərinin zəbtindədir. Mübahisəli məsələ olduğu üçün aidiyyəti üzrə məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət edilməsi xahiş olunur. Verilən qərardan sonra ərizəyə yenidən baxıla bilər. Yuxarıda qeyd edilən məhkəmə mübahisəsi dövründə müəyyən olunmuşdur ki, 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN-027A nömrəli Şəhadətnaməyə əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində 0,10 ha torpaq sahəsi X11 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. xx.xx.2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində yerləşən həmin 0,10 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi X1 xüsusi mülkiyyətinə verilmişdir. Göründüyü kimi, X1 xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ümumi ərazinin 0,10 ha hissəsinə aiddir və qalan 23 sot torpaq sahəsi hazırda Goranboy rayonu, Qızılhacılı bələdiyyəsinin mülkiyyətindədir. Göstərilən həyətyanı torpaq sahəsində uzun illər iddiaçı və mərhum əri X10 övladları ilə birlikdə yaşamış və bütün qəsəbə əhalisi də bundan xəbərdardır. Hətta bununla bağlı, Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinlərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli Akt tərtib olunmuş və mübahisə predmeti olan torpaq sahəsi, orada yerləşən yanmış fərdi yaşayış evi , hovuz və üç otaqlı əl damının iddiaçının ailəsinə məxsus olması təsdiqlənmişdir. Göstərilənlərə əsasən, 06 oktyabr 2022-ci il tarixli, 752 nömrəli ərizə ilə cavabdeh Goranboy rayon Qızılhacılı Bələdiyyəsinə müraciət olunmuş və ünvan 1 ünvanında yerləşən və uzun illər iddiaçının (mərhum əri X10) istifadəsində olmuş 0,23 ha torpaq sahəsinin, fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı xüsusi mülkiyyətinə verilməsi üçün qərar verilməsi və müqavilə bağlanması, bu məqsədlə hərracın keçirilməsi və müvafiq icra hakimiyyəti orqanından rəyin alınması xahiş olunmuşdur. Ərizə 10 oktyabr 2022-ci il tarixdə bilavasitə cavabdeh bələdiyyənin sədri Səbinə Həsənova tərəfindən qəbul edilmiş, lakin məktubu aldıqları tarixdən 35 gün müddət keçməsinə baxmayaraq, heç bir cavab verilməmişdir. Nəticədə, iddiaçı öz hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 027A nömrəli Şəhadətnamədən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 16 saylı qərarı ilə X11 və onun ailə üzvləri- X13, X8, X9, X14 və X2 mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1 adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 136 nömrəli və xx.xx.2021-ci il tarixli, 252 nömrəli məktublarında bildirilmişdir ki, İddiaçı və mərhum əri X4 Goranboy rayonu, Qızılhacılı Bələdiyyəsi ərazisində adına həyətyanı torpaq sahəsi yoxdur, İddiaçı 1987-1995-ci illərdə yaşadığı ev mərhum X7 məxsus olan həyətyanı torpaq sahəsində tikilmişdir, Goranboy rayonunda aqrar islahatlar aparılarkən həmin torpaq sahəsi X3 adına işlənmişdir. -surəti işə əlavə edilmiş Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanı ümumilikdə 33 sot torpaq sahəsində yerləşir, həmin torpaq sahəsinin 10 sotuna dair X5 adına çıxarış verilmişdir, yerdə qalan 23 sot torpaq sahəsi Goranboy rayonu, Qızilhacılı bələdiyyəsinin mülkiyyətindədir və X12 tərəfindən zəbt edilmişdir. -surəti işə əlavə edilmiş Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 19 nömrəli məktubunda bildirilmişdir ki, bələdiyyənin sənədlərinə əsasən İddiaçı və mərhum əri X4 adına torpaq sahəsi yoxdur, iddia edilən torpaq sahəsi isə X3 və onun ailə üzvlərinin zəbtindədir, mübahisəli məsələ olduğu üçün aidiyyəti üzrə məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət edilməsi xahiş olunur, verilən qərardan sonra ərizəyə yenidən baxıla bilər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 16 saylı qərarı ilə X11 və onun ailə üzvlərinin mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmiş, ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Goranboy rayonu Qızılhacılı qəsəbəsində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1 adına qeydə alınmışdır. Goranboy rayon Qızılhacılı bələdiyyəsinin məktubunda bildirilir ki, ünvan 2 ünvanı ümumilikdə 33 sot torpaq sahəsində yerləşir, həmin torpaq sahəsinin 10 sotuna dair X5 adına çıxarış verilmişdir, yerdə qalan 23 sot torpaq sahəsi Goranboy rayonu, Qızilhacılı bələdiyyəsinin mülkiyyətindədir və X12 tərəfindən zəbt edilmişdir. İddiaçı sözügedən 0.23 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə onun xüsusi mülkiyyətinə verilməsi üçün qərar qəbul edilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, cavabdeh orqan iddia edilən torpaq sahəsinin X3 və onun ailə üzvlərinin zəbtində olması, eyni zamanda torpaqla bağlı mübahisə olması səbəbindən adiyyəti üzrə məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:- -2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. -16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. -16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. -16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. -16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. -27.2-ci maddəsinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Göründüyü kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsində özbaşına tutulmuş bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün paralel 2 şərt mövcud olmalıdır. Bunlardan biri həmin torpaq sahəsinin bu Qanun qüvvəyə minənədək (29 iyun 2001-ci il tarixədək) özbaşına tutulmuş olması, digəri isə fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməklə qaytarılmasının mümkün olmamasıdır. İşin faktiki halları ilə təsdiq olunur ki, iddia olunan torpaq sahəsinin yerləşdiyi ünvan 2 ünvanı ümumilikdə 0.33 ha torpaq sahəsində yerləşir, həmin torpaq sahəsinin 0,10 ha hissəsinə dair X1 adına çıxarış verilmişdir, yerdə qalan 0.23 ha torpaq sahəsi isə Goranboy rayonu, Qızilhacılı bələdiyyəsinin mülkiyyətində olmaqla X9 tərəfindən zəbt edilmişdir. Beləliklə müəyyən olunur ki, iddia olunan torpaq sahəsi başqa şəxsin zəbtində olduğuna görə iddiaçının tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi üçün qərar qəbul edilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar