Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-87/2023 07.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərаrı ilə Göygöl Bələdiyyəsinin şəhərdaxili torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda ünvan 2 ünvanında yerləşir. Torpaq sahəsi 10 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadələrindədir. Вələdiууənin qərаrı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. İddiaçı çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Göygöl Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanda yerləşən iddiaçının faktiki istifadəsində olan 0.05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********89 nömrəli, xx.xx.2022-ci il tarixli etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarından çıxarışa əsasən, “Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsini tənzimləməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavə edilməsi barədə” xx.xx.2008-ci il tarixli, 709-İİİ QD qanunu əsasında bələdiyyənin torpağından 0.06 ha torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçıya satılması qeyd olunmuşdur. Göygöl Bələdiyyəsinin 0.06 ha torpaq sahəsinin satılması ilə bağlı torpaqların alqı-satqısına dair xx.xx.2012-ci il tarixli, 530 nömrəli akt tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Həmçinin, müayinə baxışı zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinə verilmiş kadastr planında qeyd olunan koordinatlara əsasən, cənub-şərqdən 12.0 kv.m hissə qonşu sahəyə verilmiş **********86 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Ərizəçiyə məxsus fərdi yaşayış evinin cənub-qərbdən 80.0 kv.m hissəsi və torpaq sahəsinin təxminən 24.0 kv.m hissəsi kadastrın koordinatlarından kənara JN-3461А və JN-3462A saylı şəhadətnamələr üst-üstə düşür. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarının surətindən görünür ki, Göygöl Bələdiyyəsinin şəhərdaxili ərazisindən İddiaçı 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göygöl rayon şöbəsinin xx.xx.2012-ci il tarixli, 61 nömrəli rəyindən görünür ki, satılması nəzərdə tutulan 0.06 ha torpaq sahəsi Göygöl Bələdiyyəsinin mülkiyyətinə aiddir və həmin torpaq sahəsinin satış və ya icarə məqsədilə çıxarılması qanunamüvafiqdir. -işə əlavə edilmiş aktan görünür ki, Göygöl Bələdiyyəsinin şəhərdaxili torpağından 0.06 ha torpağın fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı satılması məqsədəmüvafiq hesab edilmişdir. - işə əlavə edilmiş xx.xx.2012-ci tarixli «torpaqların alqı-satqısına dair» aktın təsdiq edilmiş surətindən görünür ki, Göygöl Bələdiyyəsi ərazisində olan 0.06 ha torpaq sahəsinin satılmasına görə İddiaçı tərəfindən 1017 manat pul ödənilmişdir. - işə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 16 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Göygöl Bələdiyyəsinin hesabına 1017,0 manat pul köçürülmüşdür. - surəti işə əlavə edilmiş yerquruluşu planından çıxarışda Göygöl Bələdiyyəsinin qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin yeri qeyd edilmişdir. - işə əlavə edilmiş A 445024 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarı ilə Göygöl şəhərində yerləşən 600 kv.m torpaq sahəsi İddiaçı verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********23 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki A 445024 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarı ilə X1 fərdi yaşayış evi tikmək üçün satılmış Göygöl şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinə dair, hüquqları dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. İddiaçının ekspertiza baxışı zamanı təqdim etdiyi torpaq sahəsi 0.05 ha təşkil edir. Həmin 0.05 ha (500.0 kv.m) torpaq sahəsinin 420.0 kv.m hissəsi, A 445024 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarı ilə X1 fərdi yaşayış evi tikmək üçün satılmış torpaq sahəsi ilə üst-üstə düşür. A 445024 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarı ilə X1 fərdi yaşayış evi tikmək üçün satılmış, Göygöl şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin, elektron baza məlumatlarına istinadən, digər hər hansı üçüncü şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı aşkarlanmadı. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 nömrəli qərarı ilə şəhərdaxili torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.06 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmin torpaq sahəsinin isə 0.05 ha hissəsi iddiaçının faktiki istifadəsindədir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin imtinasının əsası kimi bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadan satıldığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid yaşayış məqsədləri üçün nəzərdə tutulan torpaq sahəsidir və üzərində digər şəxs və yaxud şəxslərin adına, hüquqları dövlət qeydiyyatına alınmış sənəd aşkarlanmamışdır. Yəni inzibati orqanın səlahiyyəti daxilində torpağı iddiaçıya satmışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2012-ci il tarixli, 08 saylı qərarla iddiaçıya 0.06 ha torpaq sahəsi satılsa da, sonuncunun faktiki istifadəsində olan torpaq sahəsinin həcmi 0.05 ha-dır. Həmçinin mütəxəssis rəyindən də görünür ki, iddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd edilməlidir ki, bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmadan satılması imtinaya əsas verə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq dövlət reyestrində qeydiyyatdan keçirmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Göygöl Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı satılmış ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-87/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-87/2023
07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver