Məhkəmə qərarları › İş №e-2-1(114)-906/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-906/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-906/2022 01.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin etibarnamə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəyə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəyə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmrinin ləğv edilməsi və işə bərpa barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci ildə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilmiş və həmin vaxtdan N saylı hərbi hissədə xidmətə başlamış, tərxis olanadək həmin hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi 7 il ərzində bir dəfə də olsun hərbi xidmət üzrə üzərinə qoyulmuş vəzifələrə görə cəza almamış, bu müddət ərzində həm aprel döyüşlərində, həm də 44 günlük müharibədə iştirak etmiş, medallarla təltif edilmişdir. 2021-ci il dekabr ayında N saylı hərbi hissənin komandanlığı tərəfindən ona korpus komandirinin əmri ilə tərxis olunması barədə göndəriş verilmiş, lakin əmrin surəti verilməmişdir. İddiaçı 2022-ci ilin əvvəllərində Quru Qoşunlarının rəhbərliyinə şikayət edib əmri tələb etsə də, ona xx.xx.2022-ci il tarixdə N saylı hərbi hissə komandirinin N saylı, 13 dekabr 2021-ci il tarixli əmrinin surətini təqdim etmişlər. Həmin əmrlə tanış olarkən iddiaçıya məlum olmuşdur ki, o N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111əç saylı əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) xidmətdən azad olunmuşdur. İddiaçı həmçinin bildirmişdir ki, hələ də həmin əmr ona verilməmişdir. Bundan sonra o N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111əç saylı əmrin ləğv edilməsi və işə bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, sabiq MAHHXHQ çavuş İddiaçı, 22 may 2015-ci il tarixdə Göygöl rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin zenit raket artilleriya batareyası, 2-ci zenit artilleriya taqımı, 3-cü qurğunun mexanik-sürücüsü vəzifəsində xidmət etmişdir. MAHHXHQ çavuş İddiaçı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli, 088 nömrəli əmrinin tələblərini kobud surətdə pozaraq xidməti yerində smartfon tipli mobil telefon işlətmiş və bunu N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin birinci müavini vəzifəsində xidmət edən polkovnik Teymur Məmmədov xx.xx.2021-ci il tarixdə aşkar edərək iradını bildirmiş, ehtiyata buraxılması üçün tədbirlər görülməsinə göstəriş vermişdir. MAHHXHQ çavuş İddiaçı hərbi hissədə söhbətləşməyə və “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”ndə dinlənilməsinə dəvət olunsa da, bundan imtina etmişdir. Çavuş İddiaçı “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə N saylı Hərbi Hissə komandiri və xx.xx.2015-ci il tarixdə isə 049 saylı Hərbi Hissə komandiri tərəfindən müxtəlif Fəxri Fərmanlarla təltif edilmişdir. - N saylı Hərbi Hissə komandirinin xx.xx.2015-ci il tarixli, 8 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli, 0112 əç nömrəli əmrinə əsasən ehtiyatdan Azərbaycan Ordusunda bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin zenit-raket artilleriya bateryasının, 2-ci taqım, 3-cü qurğunun mexanik-sürücü vəzifəsinə təyin edilmiş, SHXÇDX-nin Göygöl rayon şöbəsində gəlmiş hesab edilmiş, xx.xx.2015-ci tarixdən hərbi hissənin şəxsi heyatinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlaması əmr edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2372 nömrəli sərəncamı ilə İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ- 1518 nömrəli vəsiqə verilmişdir. - 6743 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı smartfon telefon işlədərkən N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin birinci müavini tərəfindən tutulmuşdur. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə əlaqədar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı söhbətləşməyə çağırılarkən söhbətləşmədən imtina etmişdir. - N nömrəli hərbi hissənin zenit-raket artilleriya bateryasının komandiri tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, zenit-raket artilleriya bateryasının, 2-ci taqım, 3-cü qurğunun mexanik-sürücü vəzifəsində xidmət etmiş İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi göstərmiş, komandirlərinə qarşı nəzakətli, özünə və yolaşlarına qarşı tələbkar olmuş, hərbi bilik səviyyəsinin artırılması üçün daima öz üzərində çalışmış, tutduğu vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Çətin anlarda düzgün yol tapmağı bacarmışdır, ona verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmişdir. 2-ci “Vətən uğrunda” gedən döyüşlərdə yaxından iştirak etmişdir. - Təqdimatın təsdiqlənmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. - N saylı Hərbi Hissə komandirinin 13 dekabr 2021-ci il tarixli, 358 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş İddiaçı, zenit raket artilleriya batareyası 2-ci zenit artilleriya taqımı 3-cü qurğu mexaniksürücü, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermis hesab edilsin, xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın Göygöl rayon şöbəsinə göndərilsin. - N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ çavuş İddiaçı 172-ci motoatıcı briqadanın (N nömrəli Hərbi Hissə) zenit raket-artilleriya batareyasının zenit artilleriya taqımının mexaniksürücüsü “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin:

1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.

161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

162. maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.

168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının xüsusi prosedur qaydaları təsbit olunmuşdur. Həmin qaydalara əsasən hərbi qulluqçular buraxılmaya iki ay qalmış xəbərdar edilməli, ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilməli, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilməli, xidmət illəri hesablanmalı və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilməlidir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilməli, hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılmalı və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunmalı, zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılmalıdır. Eyni zamanda, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, onlar şərəf məhkəməsində dinlənilməlidir. Cavabdeh tərəfindən isə yuxarıda göstərilən tələblərə riayət edilməmiş, zəruri inzibati icraat aparılmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, İddiaçı xidmətdən ehtiyata buraxılmazdan əvvəl onunla söhbətləşmə aparılmamış və müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçularının şərəf şəhkəməsində dinlənilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt isə məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olsa da, hazırkı iş üzrə cavabdeh xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 12.4. maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 14. maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74. maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinəəməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, hərbi qulluqçu İddiaçı həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin yuxarıda şərh olunan tələblərinə əməl edilmədiyindən iddiaçı iddia tələbinin təmin edilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmri ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3. maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki xidmətə bərpa olunsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar