Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-964/2023 01.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və tutmaların dayandırılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli qərarın “artıq ödənilmiş 4232 manat pul vəsaiti cari ilin oktyabr ayından etibarən hissə-hissə (hər ay 204.01 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi” hissəsində ləğv edilməsi və pensiya məbləğindən tutulmuş ödənişlərin geri ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının 03 avqust 1992-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Təyin olunan pensiya məbləğinin miqdarının artırılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunda tərəfindən müraciət olunmuş, müraciətinin nəticəsi olaraq, cavabdeh tərəfindən cavab məktubu göndərilmişdir. Cavab məktubunda təqdim olunmuş yeni məlumat vərəqəsinə əsasən ehtiyyata buraxıldığı "Aviasiya alayının axtarış xilasetmə aviasiya manqasının (Mİ-8) Bort texniki" vəzifəsinə uyğun olaraq, əmək pensiyası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyimi (1854.70 manat) 100 faizi- 1854.70 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 1 yanvar 2007-ci il tarixindən yenidən hesablanaraq ona 4232.00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin cavab məktubunda ona artıq ödənilmiş 4232.00 manat pul vəsaitinin cari ilin oktyabr ayından etibarən hissə-hissə (hər ay 204.01 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, sözügedən artıq ödəmə onun təqsiri üzündən deyil, pensiya məbləğinin hesablanması ilə bağlı müvafiq şöbənin əməkdaşlarının təqsirindən yaranmışdır. Sözügedən məbləğin iddiaçının razılığı ifadə edilmədən tutulması onun hüquqlarını pozmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının müvafiq ərizəsinə əsasən iddia “pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və tutmaların dayandırılması” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. yeni məlumat vərəqəsində iddiaçının ehtiyata buraxıldığı vəzifə "Aviasiya alayının axtarış xilasetmə aviasiya manqasının (Ml-8) bort texniki" vəzifəsi göstərilmişdir. Bu vəzifəyə uyğun olaraq, iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin (1854,70 manat) 100 faizi-1854,70 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 1 yanvar 2007-ci il tarixindən yenidən hesablanaraq iddiaçıya 4232,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 4232,00 manat pul vəsaiti cari ilin oktyabr ayından etibarən hissəhissə (hər ay 204,01 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Odur ki, qeyd olunanlardan aydın olduğu kimi iddia tələbi əsassızdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı pensiyası 1 yanvar 2007-ci il tarixindən yenidən hesablanaraq ona 4232,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, bununla əlaqədar olaraq, artıq ödənilmiş 4232,00 manat pul vəsaitinin cari ilin oktyabr ayından etibarən hissə-hissə (hər ay 204,01 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edildiyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 3 avqust 1992-ci il tarixində xidmət illərinə görə pensiya təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilmişdir. İddiaçının müraciətinə əsasən pensiyası 1 yanvar 2007-ci il tarixindən yenidən hesablanaraq ona 4232,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, bununla əlaqədar olaraq, artıq ödənilmiş 4232,00 manat pul vəsaitinin cari ilin oktyabr ayından etibarən hissə-hissə (hər ay 204,01 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. İddiaçı hazırki tələblə cavabdehin qeyd olunan hərəkətlərini mübahisələndirməklə pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və tutmaların dayandırılmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən hərəkətlərinin qanuni olub-olmadığını müəyyənləşdirmək üçün sosial təminat sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, müavinətlərin təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, müavinət almaq hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və müavinətlərin məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya pensiya təyinatı bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə (səhhəti, sosial durumu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Hazırki işin hallarından göründüyü kimi cavabdeh orqan isə qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədən iddiaçının pensiyasına müvafiq məbləğdə tutma yönəltmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçıya təyin edilmiş pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və onun pensiyasına yönəldilmiş tutmanın dayandırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və onun pensiyasına yönəldilmiş tutmanın dayandırılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-964/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-964/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver