Məhkəmə qərarları › İş №e-2-1(114)-990/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-990/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-990/2023 22.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Maraqlı şəxs) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs adına olan Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********5012301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 133 nömrəli sərəncamı ilə Şəmkir şəhəri, H.Əliyev prospektində "xxxx" MMC-yə "X1 Kompleksi'nin ofis binasının və şirniyyat kafesinin layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Bundan sonra qeyd edilən "X1 Kompleksi"nin ofis binası və şirniyyat kafesi tikilərək istifadə edilməyə başlanılmışdır. Sonradan məlum olmuşdur ki, Şirniyyat kafesi olan "Şəmşirin" adlı kafenin yerləşdiyi torpaq sahəsi Maraqlı şəxs adi şəxsə məxsusdur. Belə ki, Maraqlı şəxs Şəmkir Rayon Məhkəməsinə "tikilinin qanunsuz sökülməsi ilə əlaqədar iddiaçıya dəymiş maddi, mənəvi zərər, əldən çıxmiş fayda olmaqla cəmi 100.000 manat pulun cavabdehdən alınması, ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş "Şəmşirin" kafesinin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-375/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********5012301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçı Maraqlı şəxs mülkiyyətində olan və Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində yerləşən 0.0828 ha torpaq sahəsinin 0.0708 ha hissəsindən cavabdeh "xxxx" MMC-nin çıxarılması, cavabdeh "xxxx" MMC tərəfindən tikilmiş "Şəmşirin" kafesinin 86.4 kv.m-dək hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində qanunsuz müdaxiləyə son qoyulması, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan sonra verilmiş apellyasiya şikayəti ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. İddiaçı hesab edir ki, Maraqlı şəxs adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********5012301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, Şəmkir Rayon lcra Hakimiyyəti Başçısınin xx.xx.2013-cü il tarixli 133 nömrəli sərəncamı ilə Şəmkir şəhəri, H.Əliyev prospektində "xxxx" MMC-yə "X1 Kompleksi"nin ofis binasınınvə şiriyyat kafesinin layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Bundan xeyli sonra isə xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs qeyd edilən torpaq sahəsinə çıxarış almışdır. Göründüyü kimi torpaq sahəsinin üzərində tikili ola-ola ona Çıxarış verən cavabdeh inzibati orqan qanunsuzluq etmişdir. Çünki iddiaçıya məxsus kafenin tikilməsi çıxarışdan əvvəlki dövrə aid olmuşdur. Odur ki, hazırda qeyd edilən Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-289/2023 nömrəli etiraz göndərilərək bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair Maraqlı şəxs xx.xx.1998-ci il tarixli, №10546 qeydiyyat nömrəli "Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamə əsasında xx.xx.2018-ci il tarixli, **********44- 12301 reyestr və ********** qeydiyyat nömrəli "Çıxarış" verilmişdir. Eyni zamanda, xx.xx.2019-cu il tarixli, №1005 nömrəli "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsi ilə satılmasına dair alqı-satqı" müqaviləsi əsasında xx.xx.2019-cu il tarixli **********50-12301 reyestr və ********** qeydiyyat nömrəli "Çıxarış" verilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan:- -“Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 010546 nömrəli Şəhadətnamədən görünür ki, Şəmkir şəhəri, TYŞ-nin yanında yerləşən 4 saylı TQS-nin maşın yuma məntəqəsi qüvvədə olan qanunvericilik əsasında Maraqlı şəxs satılmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda 0.0828 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs adına qeydiyyata alınmışdır. -“Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsi ilə satılmasına dair” xx.xx.2019-cu il tarixli, 1005 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvandakı əmlak kompleksinin altında yerləşən 828,0 m2 torpaq sahəsi hərrac vasitəsilə 8000 manata Maraqlı şəxs satılmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhəri, Zaur Sarıyev küçəsində 0.0828 ha torpaq sahəsində yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: -“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. -Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. -Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, yuxarıda qeyd olunan normaların hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddiaçının mübahisələndirdiyi çıxarışla üçüncü şəxsin hüquqları qeydiyyata alınmış əmlak üçüncü şəxsin (Maraqlı şəxs) mülkiyyətinə alqı-satqı qaydasında keçdiyindən hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar