Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1007/2025 16.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “Ali təhsilə aid kvalifikasiyasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Ali təhsilə aid kvalifikasiyasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-8338/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aiddiyyatı üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbində qeyd etmişdir ki,2016-2017 il tarixində Türkiyənin “Atatürk” Universitetinin “Biznesin İdarə olunması” (İşlətmə) fakultəsində açıq və distant təhsil alaraq, 2023-cü ildə universiteti başa vurmuşdur. Təhsil müddətində hər il iki dəfə final imtahanını Türkiyədə Universitetdə keçirilməklə uğurla başa vurmuşdur. 2019-cu ildə ailə vəziyyəti ilə bağlı olaraq təhsilini 1 il 5 ay müddətinə dondurmuşdur. 2020-ci il COVİD pandemiyası ilə bağlı olaraq Türkiyəyə keçid olmadığına görə və 2023-cü ildə qardaş ölkədə zəlzələ ilə bağlı universitet rəhbərliyinin qərarı ilə imtahanlarını onlayn vermişdir. Təhsil müddətində bir neçə dəfə fərqlənmə almışdır.2024-cü ildə diplomu təsdiqlətmək üçün “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”-nə müraciət etmiş və imtina almışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halında, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2023 -cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2023 -cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İnzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Buna qarşılıq iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2023-cü il tarixinə qədər məhkəmə müraciət olunmalı idi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina qərarından görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Azərbaycan Respublikasının DSX Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38- 2/33-34220/2024 nömrəli məktubunda iddiaçının sərhəd çıxma məlumatları qeyd edilmişdir.
3. İddiaçıya məxsus 82723 nömrəli xx.xx.2023-cü il tarixli diplomun surəti.
4. İddiaçıya məxsus C 00034727 nömrəli xarici pasportun surəti.
5. Ali təhsil barədə diploma əlavənin surəti.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, ali təhsilə aid kvalifikasiyasının tanınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında təhsilə aid kvalifikasiyasının tanınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. Hazırkı iddiaya münasibətdə müddətin tətbiqinə dair cavabdehin dəlilini əsassız hesab edən məhkəmə iddianı “öhdəliyin icrası haqqında” iddia növündə mümkün hesab edir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanuna əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıköğretim” təhsilalma forması nəzərdə tutmamışdır. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun diplomların tanınması və ekvivalentliyi adlanan 12-ci maddəsində qeyd edilir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq,...həyata keçirilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıköğretim” formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. İddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıköğretim” təhsil forması nəzərdə tutulmamışdır. “Açıköğretim” ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıköğretim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıköğretim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ-nə qarşı “Ali təhsilə aid kvalifikasiyasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.