Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1059/2023 31.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X3 şəhid statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən X3 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təminatçısı (müfəttiş) 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonoqrammanın icrası ilə əlaqədar olaraq xidməti avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən hərbi xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində vəfat etdiyinə görə şəhid və onun valideynlərinə, həyat yoldaşına şəhid ailəsi statusuna dair arayışın verilməsindən imtinanın qanunsuz hesab olunması və həmin statusun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “cavabdeh tərəfindən X3 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təminatçısı (müfəttiş) 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonoqrammanın icrası ilə əlaqədar olaraq xidməti avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən hərbi xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində vəfat etdiyinə görə şəhid statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, mərhum X5, 1994-cü ildə Ağsu rayonunda anadan olmuş, həqiqi hərbi xidmətə xx.xx.2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsi tərəfindən çağırılmışdır. X9 Nazirliyinin Hərbi Polis İdarəsinin 6-cı hərbi polis bölməsinin təlimatçısı (müfəttişi) olaraq gizir rütbəsində hərbi xidmət etmişdir. 29 sentyabr 2022-ci tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonaqrammanın icrası ilə əlaqədar gizir X5 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttiş) olaraq NİVA VAZ 21214 markalı M 871 QQ hərbi nömrə nişanlı xidməti avtomobildə avtomobil karvanını müşayiət etməyə gedərkən, Bakı- Qazax Gürcüstan sərhədi yolunun Yevlax rayonu Səmədabad kəndi ərazisindən keçən 293-cü kilometrliyində avtoqəza nəticəsində hərbi xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifəsini yerinə yetirən zaman olmuşdur. X8 şəhid statusu verilməsi üçün Müdafiə Nazirliyinə müraciət edilmiş, lakin, müraciət təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6.-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Sözügedən normanın dispozisiyasında “Şəhid” statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Döyüş təminatının anlayışı “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın 8.2-ci maddəsinə əsasən Döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri: -Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. İş materiallarından məlum olur ki, mərhum gizir X6, 6- cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttiş) 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis idarəsindən daxil olmuş 1188 nömrəli telefonaqrammanın icrası ilə əlaqədar, xidməti avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən hərbi xidmət vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində vəfat etmişdir, odur ki, onun ölüm şəraiti döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şəraitinə uyğun gəlmir. Mərhum V.N.Kərimlinin avtoqəza nəticəsində həlak olması döyüş tapşırığı və ya döyüş təminatı ilə əlaqədar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndində təsbit edilən “şəhid” statusunun verilməsinə dair təsbit olunan əsaslar mövcud deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 6-cı hərbi polis bölməsinin rəisinin 219 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir X5, 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttiş) 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonaqrammanın icrası ilə əlaqədar, xidməti avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən hərbi xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində vəfat etdiyinə görə, 29 sentyabr 2022-ci il tarixdən bütün növ təminatlardan çıxarılmış hesab olunmuşdur. Ölüm hərbi xidmti vəzifəsini yerinə yetirən zaman olmuşdur. 1994-cü ildə Ağsu rayonunda anadan olub, azərbaycanlı, həqiqi hərbi xidmətə xx.xx.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən çağırılmışdır. 29 sentyabr 2022-ci il tarixdə Ağsu rayonunda dəfn olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-6/2-214/2023 nömrəli məktubuna əlavə olunmuş X2 SQ ******* nömrəli xidmət dəftərçəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən 6-cı Hərbi Polis bölməsində Hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttişi) olmuş Valeh Kərimli avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən avtoqəza nəticəsində həlak olmuşdur, ölüm hərbi xidməti vəzifəsinin icrası ilə bağlıdır, xx.xx.2022-ci il tarixdə Ağsu rayonu Musabəyli kənd qəbiristanlığında dəfn olunub. Sənədləri qeydiyyat üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə göndərilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə əsasən həlak olduğu üçün xx.xx.2022-ci il tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-25-11/2-1178/2023 nömrəli məktubuna əlavə olunmuş Sürücü və Maşın Başçılarının Təlimatlandırılması kitabından görünür ki, sıra nömrəsi 747 olan 6-cı hərbi polis bölməsinin giziri V.Kərimliyə VAZ21214 markalı M87100 nömrəli maşın təhkim olunmuşdur. Həmin məktuba əlavə olunmuş xx.xx.2022-ci il tarixli 806 nömrəli yol vərəqəsindən görünür ki, maşın texniki cəhətdən sazdır, çıxarışın səbəbi naryad, maşının markası VAZ21214, maşının nömrə nişanı M87100, aparılan yük şəxsi heyət qeyd olunmuşdur. Həmin məktuba əlavə olunmuş N nömrəli hərbi hissənin komandirinin Hərbi Polis İdarəsinin rəisinə ünvanladığı məktubdan görünür ki, N nömrəli hərbi hissənin xüsusi yük daşıyan avtomobil texnikalarının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Kürdəxanı-Mingəçevir və Kürdəxanı-Şuşa marşurutu üzrə hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Hərbi Yol Polisi müfəttişinin və avtomobil texnikasının ayrılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. 1188 nömrəli telefonoqramadan görünür ki, Hərbi Polis İdarəsinin rəsinin 1-ci, 5-ci, 6-cı, 9-cu Hərbi Polsi bölmələrinin rəsilərinə əmrində 981 h/h-yə məxsus avtomobil karvanının xx.xx.2022-ci il tarixdə Kürdəxanı-Şuşa və Kürdaxanı-Qaraməmədli marşrutu üzrə müşayiət edilməsi HAM tərəfindən təmin olunması əmri verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayənədəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı, cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh orqana ilkin müraciət X7 həyat yoldaşı X4 tərəfindən edilmiş və cavabdeh orqan sonuncunun müraciətinə cavab olaraq imtina cavabı vermişdir. Hazırkı iddia ərizəsi isə X7 atası tərəfindən məhkəməyə təqdim edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda ər-arvad, valideynlərin ... şəhid ailəsinin üzvləri hesab edilməsi təsbit edilmişdir (maddə 1). Belə olan halda X7 şəhid olması barədə arayışın əldə edilməsi həm mərhumun həyat yoldaşının, həm də valideynlərinin şəhid ailəsi hesab edilməsi üçün əsas olacağından məhkəmə hesab edir ki, mərhumun həyat yoldaşı və valideynlərinin hazırkı iddia tələbinə baxılmasında müştərək hüquqi maraqları mövcuddur. Odur ki, cavabdeh orqanın imtina cavabının əsaslarını nəzərə alaraq və prosessual qənaət prinsipini rəhbər tutaraq, əlavə məhkəmə çəkişmələrinin aradan qaldırılması məqsədilə məhkəmə, X1 müraciətinə verilmiş imtina cavabını hazırkı iddiaçı tərəfindən də, iddianın qaldırılması üçün zəruri olan cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina cavabı kimi qəbul edir və hesab edir ki, ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edilməklə bağlı iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. Beləliklə iş materialları ilə müəyyən olunur ki, 1994-cü ildə Ağsu rayonunda anadan olmuş, həqiqi hərbi xidmətə xx.xx.2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsi tərəfindən çağırılmışdır. 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonaqrammanın icrası ilə əlaqədar 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttiş) olaraq NİVA VAZ 21214 markalı M 871 QQ hərbi nömrə nişanlı xidməti avtomobildə avtomobil karvanını müşayiət etməyə gedərkən, Bakı-Qazax Gürcüstan sərhədi yolunun Yevlax rayonu Səmədabad kəndi ərazisindən keçən 293-cü kilometrliyində avtoqəza nəticəsində hərbi xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir Lakin, X7 hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. X11 29 sentyabr 2022-ci il tarixdə vəfat edərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji)) və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. X7 hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmədiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X3 şəhid statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1059/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1059/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver