Məhkəmə qərarları › İş №e-2-1(116)-1062/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1062/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1062/2022 28.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh X1, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1561F Kod 40601004 nömrəli və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələr rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarının onlara aid hissədə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1561F Kod 40601004 nömrəli və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1062/2022 nömrəli qərardadı ilə X12, X15 və Sadıqova (Qasımova) Dilbər Arif qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, “tələbin həcminin azaldılması barədə” ərizə təqdim edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1561F və JN-1561G kod 40601004 nömrəli şəhadətnamələrin ləğv edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportda hüquq subyektləri olaraq X16 və İddiaçı adı qeyd edilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair tərtib edilmiş JN-1561G və 1561F nömrəli şəhadətnamələrdə 0.16 ha və 0.13 ha torpaq sahələrinin Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X16, X3, X12, X17 və X4 ümumi birgə mülkiyyətinə verilməsi ilə bağlı qeydiyyat aparılmışdır. İddiaçı, sözügedən torpaq sahəsi ilə bağlı Əhməd Sadıqovdan başqa digər şəxslərin adlarının texniki pasportda qeyd edilmədiyini və onların həmin torpaq sahəsinə aidiyyətinin olmadığını bildirərək hər iki şəhadətnamənin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçı tərəfindən təqdim edilmiş fərdi yaşayış evinə dair texniki pasportda özünün və mərhum atasının adları qeyd olunsa da, həmin texniki pasportun Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsində yalnız mərhum atasının adı qeyd olunması, təqdim edilmiş sənədlərlə Ərazi İdarəsinin arxivində saxlanılan sənədlər arasında uyğunsuzluğun olması, qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə AİK-nın qərarı ilə başqa vətəndaşların adına JN-1561G saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanması, həmin fərdi yaşayış evinin sözügedən şəhadətnamənin mülkiyyətçiləri tərəfindən istifadə olunması və fərdi yaşayış evi üzərində mübahisə olduğundan texniki inventarlaşdırma işlərinin aparılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-1561F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X16, X3, X12, X17 və X7 Qəbələ rayon AİK-nın xx.xx.2001ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində 0.16 ha torpaq sahəsi ayrılmışdır. - JN-1561G (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X16, X3, X12, X17 və X7 Qəbələ rayon AİK-nın xx.xx.2001ci il tarixli 03 saylı qərarı ilə Qəbələ şəhərində 0.13 ha torpaq sahəsi ayrılmışdır. - 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdan görünür ki, ünvan 1 ünvanı üzrə ev sahibi barədə məlumatlarda X16 və İddiaçı adı qeyd edilmişdir. - AZ-1 212848 №li “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X16 xx.xx.2006cı il tarixdə vəfat etmişdir. - Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, X5 xx.xx.2008-ci ildə vəfat etmişdir. - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələrdə qeyd edilmiş 0.13 ha və 0.16 ha torpaq sahələri 964 inventar nömrəli sentyabr 1977-ci il tarixli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. - cavabdeh orqanın təqdim etdiyi mübahisəli fərdi yaşayış evinin texniki pasportunun Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsindən görünür ki, texniki pasport dekabr 1997-ci il tarixdə tərtib edilmiş, inventar nömrəsi 964 B qeyd edilmiş, ünvan - Qəbələ şəhəri Nəsimi küçəsi, ev sahibi – X16 qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər X15 və Sadıqova (Qasımova) Dilbər Arif qızı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, JN-1561G və 1561F nömrəli şəhadətnamələrin ləğv edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında müvafiq şəhadətnamələrin ləğv edilməsini xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, həmçinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) hüquqların əldə edilməsini təsdiq edən sənədlər olaraq qeyd edilmişdir. İddiaçı, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarını yox, cavabdeh orqanın, müvafiq şəhadətnamənin hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə ki, iddiaçı hesab edir ki, təqdim etdiyi texniki pasporta əsasən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi atasının və özünün mülkiyyətində olmasına baxmayaraq, tərtib edilmiş şəhadətnamələrə digər şəxslərin də adları daxil edilmiş, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. İş materialları ilə müəyyən olunur ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələrdəki torpaq sahələri 964 inventar nömrəli, sentyabr 1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu isə onu deməyə əsas verir ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələr tərtib edilərkən faktiki olaraq 964 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi üzrə hüquq subyekti olmayan şəxslərin adlarının həmin şəhadətnaməyə daxil edilməsi qanunsuz olmuşdur. Yəni, cavabdeh orqan mübahisələndirilən şəhadətnamələri tərtib edərkən sözügedən torpaq sahəsindən qanuni istifadə edən subyektlərin dairəsini müəyyən edilməli və həmin şəxslərin adlarını da müvafiq şəhadətnamələrə daxil etməli idi. Torpaq sahəsindən qanuni istifadə anlayışı isə həmin torpaq sahəsinin ayrılmasının və faktiki istifadənin hüquqi əsasının mövcudluğunu nəzərdə tutur. İşin halları ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinə dair sentyabr 1977ci il tarixli texniki pasportda X16 və İddiaçı, dekabr 1997-ci il tarixli) texniki pasportda isə hüquq subyekti kimi X9 adı qeyd edilmiş, sözügedən şəhadətnamələrdə adları qeyd edilən digər şəxslər isə ümumiyyətlə göstərilməmişdir. Belə olan cavabdeh orqanın Əhməd Sadıqovdan başqa digər şəxslərin sözügedən torpaq sahəsinin qanuni istifadəçiləri olmasını hansı qaydada müəyyən etməsi anlaşılan deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, torpaq sahəsindən faktiki istifadə “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsi anlamında qanuni istifadə kimi başa düşülməməlidir. Yəni, torpaq sahəsindən faktiki istifadə edən şəxslərin həmin istifadənin həyata keçirilməsinə hüquqi əsası olmalı, torpaq sahəsinin onlara ayrılması hüquqmüəyyənedici və texniki sənədlərin məzmunundan aşkar görünməlidir. Cavabdeh orqanın “iddiaçı tərəfindən təqdim edilən texniki pasportla Ərazi İdarəsinin arxivində saxlanılan texniki pasportun arxiv nüsxəsi arasında zidiyyətin olması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərtib edilmə tarixləri müxtəlif olan texniki pasportlardan sentyabr 1977-ci il tarixli texniki pasportun Ərazi İdarəsinin arxivində olmamasını bildirsə də, həmin texniki pasportun mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən Ərazi İdarəsinin arxivində olan dekabr 1997-ci il tarixli texniki pasportda da, mübahisləndirilən şəhadətnamədə adları qeyd edilən şəxslərdən yalnız Əhməd Sadıqovun adı olduğundan hər bir halda həmin şəhadətnamələrə digər şəxslərin adlarının qeyd edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-1561G və 1561F nömrəli şəhadətnamələr tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış və 964 inventar nömrəli texniki pasportdan torpaq sahəsinin qanuni istifadəçiləri aydın görünməsinə baxmayaraq, həmin torpaq sahəsinə aidiyyəti olmayan digər şəxslərin adları daxil edilməklə şəhadətnamələr hazırlanmışdır. İddiaçı, JN-1561G və 1561F nömrəli şəhadətnamələrin tam ləğvini tələb etsə də, müəyyən edilir ki, iddiaçının tələb hüququnun əsası olaraq təqdim etdiyi sentyabr 1977-ci il tarixli və cavabdeh orqanın təqdim etdiyi dekabr 1997-ci il tarixli texniki pasportlarda X9 adı hüquq subyekti kimi qeyd edilmişdir. Odur ki, mübahisləndirilən şəhadətnamələrdə Əhməd Sadıqovun adının qeyd edilməsi “Torpaq islahatı haqqında” haqqında Qanunun 9cu maddəsinin tələblərinə uyğun olmuşdur. Yəni, cavabdeh orqan X10 haqlı olaraq torpaq sahəsinin qanuni istifadəçisi kimi müəyyən etmiş və mübahisələndirilən şəhadətnaməyə adını daxil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, JN-1561G və 1561F nömrəli şəhadətnamələr X8 başqa digər şəxslərə münasibətdə ləğv edilməlidir. Yuxarıda istinad olunmuş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən və mübahisələndirilən şəhadətnamələrdəki torpaq sahəsi məhz 964 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyündən cavabdeh orqan iddiaçının müraciətini təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. JN-1561F Kod 40601004 nömrəli və JN-1561G kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr X12, X15, Sadıqova (Qasımova) Dilbər Arif qızı və X2 aid hissədə ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar