Məhkəmə qərarları › İş №e-2-1(116)-1084/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1084/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1084/2023 15.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik müavinətin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik müavinətin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı Rusiya Federasiyasının Rostov vilayətində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olmuşdur. Həbsdən azad olduqdan sonra pasportunun olmaması səbəbindən Rusiya Federaasiyasından Azərbaycan Respublikasına qayıtmaq üçün aidiyyəti orqanlara müraciət etmişdir. AA0232502 saylı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtmışdır. Ölkəyə qayıtdıqdan sonra şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı Göyçay Rayon PŞ-nin Pasport və Qeydiyyat Bölməsinə müraciət etmiş və qeydiyyatdan keçmişdir. İddiaçı, cavabdeh orqana sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətin ödənilməsi üçün müraciət etmiş, cavabdeh orqan iddiaçının cəza çəkməkdən xx.xx.2022ci il tarixdə azad edilməsinə baxmayaraq 3 ay müddətində daimi yaşamaq üçün Azərbaycan Respublikasına qayıtmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi ona birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış və sözügedən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. Bu barədə iddiaçıya “Sosial müavinətin təyin edilməsindən imtina edilməsi haqqında" xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubla məlumat verilmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Cavabdeh orqan “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 3.1, 14.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş, qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı İlə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları’’na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Sadalanan normaların məzmunundan göründüyü kimi, digər dövlətin - Rusiya Federasiyasının penitensiar müəssisəsində 19 may 2022-ci il tarixdə (Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 081618 saylı arayışına əsasən) cəza çəkməkdən azad edilmiş iddiaçıya sözügedən birdəfəlik pul müavinətinin təyin edilib ödənilməsi üçün o, cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmalı idi. Halbuki, iddiaçı 05 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və 23 noyabr 2022-ci il tarixdə inzibati orqana müavinət təyini üçün müraciət etmişdir. Beləliklə, Qanunun 3.1-ci maddəsinə əsasən üç ay müddətində Azərbaycan Respublikasına qayıtmadığından ona Qanunun 14.1-ci maddəsində müəyyən edilən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. Həmçinin bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən inzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol verilmir. Qeyd olunmalıdır ki, iddiaçı buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməmişdir. Yuxarıda sadalananlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZEMİS məlumatlarından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Bığır kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. - Göyçay rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-76/2-7143/2023 nömrəli məktubundan görünür ki, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixdə CÇM-də azad olunaraq xx.xx.2022-ci il tarixdə Göyçay rayon polis şöbəsində profilaktiki qeydiyyata götürülmüşdür. - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-20-15/2- 4-20507/2023 nömrəli məktubuna əlavə olunmuş Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 555/23 nömrəli məktubun məzmununda qeyd edilmişdir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş idarəsindən Səfirliyin ünvanına daxil olmuş 41/5/20-27168 nömrəli, xx.xx.2022-ci il tarixli müraciətə əsasən, tərəfimizdən vətəndaş İddiaçı adına xx.xx.2022-ci il tarixdə AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi rəsmiləşdirilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi qeyd edilmişdir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı azadlıqdan məhrum etmə yerində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdikdən sonra azadlığa buraxılmış, 2 ay 10 gün sonra – xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası ərazisində xx.xx.2021-ci il tarixdən etibarən heç bir hüquqi əsas olmadan 90 gündən artıq - 388 gün yaşaması aşkar olunduğuna görə saxlanılmış, həmin tarixdə Aksay rayon məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb edilmiş, 3000 rubl cərimə edilməklə Rusiya Federasiyası hüdudlarından kənara inzibati qaydada çıxarılması, həmçinin müvafiq qərarın icrasınadək ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulan xarici vətəndaşların müvəqqəti saxlanma yerində saxlanılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə müraciət edilərək bildirilmişdir ki, Aksay rayon məhkəməsinin qərarı ilə İddiaçı Rusiya Federasiyası hüdudlarından kənara inzibati qaydada çıxarılması qərara alınsa da, iddiaçının şəxsiyyətini təsdiq edən sənədləri olmadığından həmin qərarın icrası mümkün olmamışdır. Odur ki, qərarın icrasının təmin edilməsi məqsədilə iddiaçı barəsində müvafiq sənədləşmə işlərinin aparılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Edilmiş müraciətə cavab olaraq Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi iddiaçının adına xx.xx.2022-ci il tarixdə AA0232502 №li Qayıdış Şəhadətnaməsi rəsmiləşdirmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü ildə Azərbaycan Respublikasına qayıtmış və xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Bığır kəndi üzrə daimi yaşayış yeri üzrə qeydiyyata götürülmüşdür. Göründüyü kimi iddiaçı cəza müddətinin sonu ilə xx.xx.2022-ci il tarixdə azadlığa buraxıldığı gündən 2 ay 10 gün sonra saxlanılmış və xx.xx.2022-ci ildə Azərbaycan Respublikasına qayıtdıqdan sonra daimi yaşayış yeri üzrə qeydiyyata götürülməsi üçün Göyçay rayon polis şöbəsinə müraciət edərək 18 gün sonra xx.xx.2022-ci il tarixdə daimi yaşayış yeri üzrə qeydiyyata götürülmüşdür. Yəni, iddiaçı xx.xx.2022-ci il tarixdə cəza çəkildikdən sonra azad edilməsinə baxmayaraq, Rusiya Federasiyası ərazisində onun iradəsindən kənar olaraq qalmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə qayıtdıqdan sonra yuxarıda istinad olunan Qanunun tələblərinə uyğun yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Belə ki, işdən görünür ki, iddiaçıya Göyçay rayonu Bığır kəndində qeydiyyata düşməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Hər bir halda iddiaçının Rusiya Federasiyası ərazisindən kənara çıxarılmasından sonra Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda istinad olunan Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş, cəza çəkməkdən azad edildikdən sonrakı üç aylıq müddət iddiaçının təqsiri üzündən ötürülməmişdir. Belə ki, onun Rusiya Federasiyası ərazisində cəza çəkməkdən azad olunduğu xx.xx.2022-ci il tarixdən sonra Aksay rayon məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb edilənədək keçən müddət (2 ay 10 gün) və Azərbaycan Respublikasına qayıtdığı vaxtdan daimi yaşayış yeri üzrə qeydiyyata alınanadək ötən müddətin (18 gün) cəmi 3 aydan azdır. Cavabdeh orqan İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1 və 50-ci maddələrinə istinad edərək iddiaçının buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etmədiyini bildirmişdir. Lakin, istinad olunan Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. İş materiallarından inzibati orqanın iddiaçıya malik olduğu hüquq və vəzifələri ona izah etməsi və bununla bağlı istinad olunan Qanunun tələblərinə uyğun icraat aparması müəyyən edilmir. Cavabdeh orqan iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmasının üzürlü səbəblərini, yəni bunun iddiaçının iradəsindən asılı olub-olmamasını yoxlamamış və əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik müavinətin təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar