Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1156/2022 26.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən 42 kv.m torpaq sahəsinə dair İddiaçı adına ilkin torpaq ayırma sənədlərinə uyğun (torpaq sahəsinin yerquruluşu və situasiya planına uyğun) torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçının babası X4 29 noyabr 2004-cü ildə ərizə ilə Balakən bələdiyyəsinə müraciət edərək mağaza binası tikmək üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Balakən bələdiyyəsinin 30 noyabr 2004-cü il tarixli qərarına, 23 dekabr 2004-cü il tarixli sərəncamına əsasən, Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsi hər kv.m 8000 manat olmaqla ona satılmış, həmin torpaq sahəsinin sonuncuya satılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müvafiq rəyi alınmışdır. Bundan sonra, tərəflər arasında 01 iyul 2005-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, həmin akt tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri tərəfindən imzalanmaqla, həmin orqanların möhürü ilə təsdiq olunmuş, 319 nömrə ilə DTXK-nin Balakən rayon şöbəsində qeydiyyata alınmış, torpaq sahəsinin dəyəri alıcı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Satılmış torpaq sahəsinin naturada yerləşməsini əks etdirən torpaq sahəsinin yerquruluşu planı bələdiyyə və DTXK-nin Balakən rayon şöbəsinin imza və möhürləri ilə təsdiq edilmiş, eləcə də həmin torpaq sahəsinin situasiya planı aidiyyəti dövlət orqanlarının imza və möhürləri ilə təsdiq edilmiş, torpaq sahəsinin qonşuları qeyd olunmaqla iddiaçının babasına naturada tanıdılmışdır. X4, yuxarıda sadalanan sənədlərin əsillərini cavabdeh inzibati orqana təqdim etməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış, daha sonra həmin torpaq sahəsini iddiaçıya bağışlamışdır. Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən sözügedən 0,0042 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ 01 sentyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********57 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəyə qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem və ya torpaq sahəsinin planı və ölçüsü) əlavə edilməmişdir. Bundan əlavə qeyd olunan torpaq sahəsinə texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin bir hissəsindən həmin ərazidə yerləşən yaşayış binalarının həyətinə giriş üçün yol kimi istifadə edilir. Həmçinin ərazi idarəsinin xidməti istifadəsində olan torpaq sahəsinin kadastr uçotu xəritələrinə əsasən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət mülkiyyəti olduğu qeyd olunmuşdur. ünvan 1 ünvanında yerləşən 0,042 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı X1 ********** nömrəli ərizəsinin icrası zamanı yuxarıda qeyd olunan uyğunsuzluqlarla bağlı İdarə tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsasən qeyd olunan torpaq sahəsinin ilkin planı və ölçüsünün (kadastr planının) hazırlanması ilə əlaqədar müvafiq məlumatların verilməsinin təmin olunmasını, həmçinin həmin torpaq sahəsinin mülkiyyət növünün dövlət mülkiyyətinə aid olubolmaması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə ********** nömrəli, Əmlak Məslələri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə isə ********** nömrəli məktubla münasibətin bildirilməsi ilə bağlı müvafiq sorğular göndərilmişdir. Əmlak Məslələri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi tərəfindən yuxarıda qeyd olunan sorğu 08 iyun 2021-ci il tarixli, ********** saylı məktubla cavablandırılmış və qeyd olunan torpaq sahəsinin yaşayış binalarının həyətinə giriş yolu kimi sakinlərin ümumi istifadəsində olması bildirilmişdir. Qeyd olunan digər sorğu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMC tərəfindən 09 iyun 2021-ci il tarixli, ********** saylı məktubla cavablandırılmış və həmin torpaq sahəsinin baza məlumatlarında mövcud olan Balakən şəhər bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planına, eləcə də Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən dövlət mülkiyyətinə aid ərazidə yerləşməsi bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********65 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, müvafiq cavab məktublarda iddia olunan torpaq sahəsinin mülkiyyət növü dövlət və yaşayış binalarının həyətinə giriş yolu kimi sakinlərin ümumi istifadəsində olduğu üçün “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.47-ci bəndinə əsasən özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. Buna görə də, işin obyektiv həlli üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini 3-cü şəxs qismində məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə prosesə cəlb etməsi zəruridir. İddia ərizəsində qeyd olunanlara etiraz olaraq məhkəmənin nəzərinə çatdırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-1156/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni məhkəməyə təqdim etməklə “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan cavabdehin etiraz məktubuna əlavə olunmuş: Balakən bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 13 saylı iclas protokolundan çıxarışın arxiv nüsxəsindən görünür ki, iclasda X3 42 kv.m ölçüdə S.Gözəlov küçəsində mağaza tikmək üçün torpaq sahəsinin satılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin rəyində qeyd olunur ki, Balakən bələdiyyə şurasının 30 noyabr 2004-cü il tarixli 13 saylı iclas protokolunun qərarına əsasən Balakən bələdiyyə mülkiyyətinə aid olan ərazidən Balakən şəhər sakini X3 mağaza tikintisi üçün 6x7= 42 kv.m ölçüdə torpaq sahəsinin alqı-satqı qaydası ilə verilməsi haqqında müvafiq qərar qəbul edilmişdir. Həmin torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan alqı-satqı predmeti olan sahədir. Ayrılmış ərazidə heç bir tikinti, təbiət tarixi mədəniyyət abidələri yoxdur. Odur ki, Balakən bələdiyyə şurasının qərarını, mütəxəxəssis rəyini və hazırlanmış torpaqayırma sənədlərini nəzərə alaraq mövcud qanunvericiliyə əsasən alqı-satqı yolu ilə Balakən şəhər sakini X3 mağaza tikintisi üçün 6x7= 42 kv.m ölçüdə torpaq sahəsinin verilməsini DTXKnin Balakən rayon şöbəsi məqsədə müvafiq hesab edir. “Torpaqların alqı-satqısına dair” aktın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmiş, akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış və müvafiq möhürlə təsdiq edilmişdir. Akt torpaq şöbəsində xx.xx.2005-ci il tarixdə 319 nömrə ilə qeydiyyata alınmışdır. Zaqatala ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 1ndə yerləşən 0,0042 ha torpaq sahəsi sahibkarlıq məqsədilə X1 xüsusi mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X4 0,0042 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 1ndə yerləşən 0,0042 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********28 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, iddaçı İddiaçı iddia etdiyi Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları, yerləşmə vəziyyəti, sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında yaşayış məntəqələri torpaqlarına aid dövlət mülkiyyətində saxlanılan ümumi istifadədə olan yollar, küçələr, keçidlər ərazisində yerləşir. İddia olunan ərazi başqa mülkiyyətlərdə olan xüsusi və bələdiyyə mülkiyyətində qalan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçı iddia etdiyi Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsindən naturada faktiki olaraq istifadə etmir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi cavabdeh imtinasını mübahisəli torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin (müvafiq sxem və ya torpaq sahəsinin planı və ölçüsü) ərizəyə əlavə edilməməsi, bundan əlavə torpaq sahəsinin bir hissəsindən həmin ərazidə yerləşən yaşayış binalarının həyətinə giriş üçün yol kimi istifadə edilməsi, həmçinin kadastr uçotu xəritələrinə əsasən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin dövlət mülkiyyəti olması ilə əsaslandırmışdır. Lakin torpaq sahəsi iddiaçının adına qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Göstərilən mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə ki, torpaq sahəsi cavabdeh tərəfindən müvafiq çıxarışla iddiaçının adına rəsmiləşdirilmiş, sonradan onun ləğvi ilə bağlı imtinada göstərilən əsaslarla hər-hansı prosedurlara başlanmamışdır. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1156/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1156/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver