Məhkəmə qərarları › İş №e-2-1(116)-1170/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1170/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1170/2023 06.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə Cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon X6 30 avqust 2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışına əsasən fərdi yaşayış evi tikmək tikmək üçün ayrılmış və Şəki rayon Torpaq şöbəsində 05 sentyabr 2007-ci il tarixdə 103 nömrə ilə dövlət qeydiyyatına alınan torpaqların alqı-satqısına dair akta əsasən satılmış 1200 kv.metr həyətyanı torpaq sahəsinə Şəki rayonu Köbər Zəyzid kənd sakini İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon X6 30 avqust 2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışına əsasən fərdi yaşayış evi tikmək tikmək üçün ayrılmış və Şəki rayon Torpaq şöbəsində 05 sentyabr 2007-ci il tarixdə 103 nömrə ilə dövlət qeydiyyatına alınan torpaqların alqı-satqısına dair akta əsasən satılmış 1200 kv.metr həyətyanı torpaq sahəsinə Şəki rayonu Köbər Zəyzid kənd sakini İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1170/2023 nömrəli qərardadı ilə Şəki rayon X12 üçüncü şəxs qismində cəlb edilmişdir. Şəki rayonu Köbər Zəyzid bələdiyyəsi ləğv edilərək səlahiyyətləri Şəki rayon X9 verildiyindən sonuncu üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki rayon X6 xx.xx.2007-cı il tarixli, 10 saylı iclasının qərarı əsasında verilmişdir. O, Şəki rayon X1 müəyyən edilmiş qaydada ödəniş etmişdir. Eyni zamanda qanunla müəyyən edilmiş qayda sənədləşmə işlərini aparmışdır. Lakin həmin torpaq sahəsinə çıxarış ala bilməmişdir. Həmin torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur və faktiki olaraq hal-hazırda onun istifadəsindədir. Hazırda o, həmin torpaq sahəsinə Çıxarış almaq istəyir. Lakin cavabdeh bundan imtina edir. Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı nümayəndəsi 02 dekabr 2022-ci il tarixdə ərizə ilə “DƏDKR” PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, Şəki rayon X6 xx.xx.2007-cı il tarixli, 10 saylı iclas qərarının və alqı-satqı aktının arxiv nüsxəsinin olmaması səbəbindən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Şəki rayon X6 xx.xx.2007-cı il tarixli, 10 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı bələdiyyəsinin perspektiv inkişafına ayrılmış sahədən 0,12 ha həyətyanı torpaq sahəsininin ayrılması müəyyən edilməmişdir.

2. Torpaqların alqı-satqısına dair Aktda qeyd edilmişdir ki, ünvan 1i ünvanında yaşayan İddiaçı tərəfindən Şəki rayon X7 torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə iclasında baxılmış və Şəki rayon Köbər Zəyzid bələdiyyəsi ərazisində 0,12 ha torpaq sahəsinin satılması xx.xx.2007-ci il tarixli 10 nömrəli qərar qəbul edilmişdir.

3. 20.06.2007-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı torpaq sahəsi almaq üçün 448 manat ödəniş etmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-1105/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsi X3 naturada göstərdiyi torpaq sahəsi 1739 kv.m olub, döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS (X5 X11 ) məlumat bazasına əsasən Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası Tikinti altında olan torpaqlar olmaqla, bir hissəsi digər torpaqlar kimi göstərilmiş Şəki rayon X6 mülkiyyətində olan ərazidir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə hal-hazırda X8 tərəfindən istifadə olunur. İddiaçının nümayəndəsinin təqdim etdiyi sxemdə işarələnmiş yerin coğrafi yerləşməsi ilə naturada göstərilən torpaq sahəsinin yerləşməsi qismən uyğunluq təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı məhkəməyə elektron ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.Lakin,iddia mahiyət etibarı ilə əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İddiaçı Şəki rayon X6 xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı ilə kənd ərazisində 0,12 ha torpaq sahəsinin ayrıldığını iddia edir və hesab edir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını həmin qərarın mülkiyyət hüququnun yaranması üçün kifayət etməməsi, bələdiyyə qərarının, torpaq sahəsinin planı və ölçüsünün, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının və aktın qeydiyyat kitabında qeydiyyatının olmaması ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı Şəki rayon X6 xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarının arxiv nüsxəsinin əldə olunması üçün araşdırılma aparılmışdır.X15 filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən sözügedən qərarın surəti məhkəməyə təqdim olunmuşdur.Həmin qərar nəzərdən keçirilmiş,qərarda İddiaçı adı aşkar edilməmiş,ona torpaq ayrılması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ №-li Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin zamana görə qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər (11-ci bənd). Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir (15-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir (16-cı bənd). Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (17-ci bənd). Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (19-cu bənd). Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını və cizgisini təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir (22-ci bənd). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (23-cü bənd). Qeyd olunan normaların birgə təhlili onu deməyə əsas verir ki, şəxs torpaq sahəsinin ayrılması barədə ərizə ilə bələdiyyəyə müraciət etdikdən sonra bələdiyyə torpaq sahəsinə yerində baxış keçirir, torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir, şəxsin müraciətindən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, zəruri sənədləri həmin orqandan aldıqdan sonra isə torpaq sahəsinin dəyəri ödənildiyi halda, torpağın mülkiyyətə verilməsi barədə qərar qəbul edir. Yalnız bundan sonra sahənin sərhədləri naturada müəyyən edilir. Bundan başqa, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin zamana görə qüvvədə olan redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində isə torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsaslarından biri kimi, bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı ziddiyyətli məqamlar vardır.Belə ki, iddiaçıya Şəki rayon X6 xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq həmin qərarda iddiaçının adı olmamış,qərara əsasən ona torpaq satılmadığı müəyyən olunmuşdur. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan,iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı qərarın ziddiyyətli olması səbəbindən iddia tələbi rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon X6 30 avqust 2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışına əsasən fərdi yaşayış evi tikmək tikmək üçün ayrılmış və Şəki rayon Torpaq şöbəsində 05 sentyabr 2007-ci il tarixdə 103 nömrə ilə dövlət qeydiyyatına alınan torpaqların alqı-satqısına dair akta əsasən satılmış 1200 kv.metr həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar