Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1230/2023 22.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “3000 manat məbləğində dəfn pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1971-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının birinci Qarabağ müharibəsində şəhid olmuş qardaşı X2 3000 manat məbləğində dəfn pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.1971-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş mərhum qardaşının xx.xx.1992-ci ildə birinci Qarabağ müharibəsi zamanı şəhid olduğunu bildirərək, 3000 manat məbləğində dəfn pulu ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, tələb hüququnu “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasiminin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2016-cı il tarixli 374 nömrəli qərarı ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli, 39-VQD nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nə dəyişiklik edilərək 16 saylı əlavə “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin əlavənin 1.7-ci bəndinə əsasən, Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardım göstərilir. Bu dəyişikliyə qədər isə həmin maliyyə yardımın göstərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımı göstərilməsi qaydasını və həmin yardımın məbləğini müəyyən edib və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarının 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilmişdir. Həmin Qərarın 5-ci hissəsinə əsasən, müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli, 374 nömrəli nömrəli qərarı ilə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının 1991-2016-cı illər ərzində həlak olmuş (vəfat etmiş) və şəhid statusu verilmiş müvafiq hərbi qulluqçulara (təqribi 13000 (on üç minə) yaxın şəxsə) şamil edilib-edilməməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən göndərilən məktuba baxılaraq münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 12 may 2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə gəldikdə isə bildirmişdilər ki, həmin maddənin Vİİ hissəsində fiziki və hüquqi şəxslərin maddi vəziyyətini deyil, hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 13 may 2022-ci il tarixli məktubla və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 may 2022-ci il tarixli məktubla bildirmişdilər ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Hər üç nazirlik yuxarıda adıçəkilən maliyyə yardımının ödənilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları, həmçinin 3000 (üç min) manat maliyyə yardımının sırf yas mərasimlərinin təşkili üçün nəzərdə tutulduğunu, 1991-2016-cı illər ərzində həlak olmuş (vəfat etmiş) və şəhid statusu verilmiş müvafiq hərbi qulluqçuların dövlət səviyyəsində dəfn mərasimlərin keçirildiyini, habelə yuxarıda adıçəkilən qərarın 2016-cı il 29 sentyabr tarixdə qüvvəyə mindiyini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İİ 170569 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X3 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-621/2022 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş xx.xx.1971-ci il təvəllüdlü qardaşı-şəhid X1 adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayənədəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanunu ilə Nizamnaməyə “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” adlanan 16 saylı əlavə daxil edilmişdir (“Respublika" qəzetində 17 yanvar 2016-cı il tarixində dərc edilməklə qüvvəyə minmişdir). Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsi ilə 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımının göstərilməsi müəyyən edilmişdir. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli Fərmanı) 1.1.4cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarı ilə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 manat məbləğində maliyyə yardımının verilməsi təsbit edilmişdir. İddia ərizəsindən görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarının bu Qərar qüvvəyə minənədək həlak olmuş mərhum qardaşına şamil edilməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Bu ondan irəli gəlir ki, hüquqi müəyyənlik prinsipinin bir komponenti kimi hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaratmaqla, fərdi qanunvericiliyin və hüquq tətbiqedən orqanların subyektiv hüquqlara haqsız müdaxiləsindən qoruyur. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, qanunun geriyə qüvvəsinin yolverilməzliyi prinsipindən istisna onun fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırması, hüquqi məsuliyyətini aradan qaldırması və ya yüngülləşdirməsi ilə şərtləndirilmişdir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanunu ilə Nizamnaməyə 16 saylı “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” əlavə edilmişdir. Nizamnamənin 333-cü maddəsinə əsasən, aşağıdakı şəxslərə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi müəyyən edilmişdir: - “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin; - ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 (iyirmi) təqvim ili və daha çox xidmət etmiş ali və baş zabitlərin; - Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlərin; - Azərbaycan Respublikasının “X4” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarabağ” ordeni, “Şöhrət” ordeni və ya “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin; - Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş digər şəxslərin. Qaydaların 1.6-cı maddəsində Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclərin Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilməsi göstərilmişdir. Bu şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımının göstərilməsi həmin Qaydaların 1.7-ci maddəsində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli Fərmanının 2.4-cü bəndinə əsasən, Nizamnamənin 16 saylı əlavəsinin 1.6-cı və 1.7ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) həyata keçirir. Fərmanın 2.1-ci bəndinə uyğun olaraq, həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7ci (birinci halda) maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir. Müvafiq olaraq Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarı ilə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) dəfn və yas mərasimlərinin təşkili üçün dövlət büdcəsindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması üçün ayrılmış vəsait hesabına maliyyə yardımının göstərilməsini müəyyən etmişdir. Qaydaların 6-cı maddəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəfn mərasiminin keçirilməsi ilə əlaqədar yerinə yetirməli olduğu vəzifələr sırasında Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) ilə birlikdə mərhumun dəfn olunacağı yerin və vaxtın müəyyənləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dəfn və yas mərasimləri ilə əlaqədar görüləcək tədbirlərin razılaşdırılması və həyata keçirilməsi, bu haqda Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) ətraflı məlumatlandırılması göstərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin üzərinə, həmçinin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) onların “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Əmək pensiyaları haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hüquq və imtiyazları haqqında dolğun məlumat verilməsi vəzifəsi qoyulmuşdur. Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli Qərarının 4-cü hissəsində isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən maliyyə yardımının verilməsi barədə müraciətin dərhal qəbul edilib, 3 iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ilə ödənilməsinin təmin edilməsi göstərilmişdir. Qeyd olunanlar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) dəfn və yas mərasimlərinin təşkili üçün müəyyən edilmiş birdəfəlik maliyyə yardımının ödənilməsinin şərtsiz olaraq təmin olunmasına yönəlmişdir. Nizamnamənin 16 saylı əlavəsinin – “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinin əsas məqsəd və təyinatı həlak olmuş hərbi qulluqçuların xatirəsinə ehtiram olaraq onların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) hərbi qulluqçuların məhz dəfn və yas mərasimlərinin təşkili və keçirilməsi üçün birdəfəlik dövlət yardımının ayrılması təşkil edir. Odur ki, 2016-cı il tarixinədək həlak olmuş və dəfn olunmuş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsi üzrə birdəfəlik maliyyə yardımının ödənilməsi həmin aktın hüquqi təyinat, məqsəd və funksiyası ilə də uzlaşmır. İddiaçıya izah olunur ki, dəfn və yas mərasiminin təşkili üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göstərilən bu yardım vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) həmin şəxslərin sosial rifahının yaxşılaşdırılmasına yönələn vəsait və ya kompensasiya kimi qiymətləndirilə bilməz. Buna görə də Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarının tətbiqi istisna edilir. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçıların müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “3000 manat məbləğində dəfn pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1230/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1230/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver