Məhkəmə qərarları › İş №e-2-1(116)-1237/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1237/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1237/2022 29.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1975-1977-ci illərdə hərbi xidmətdə olduğu 2 ili, xx.xx.1977-xx.xx.1980-cı il tarixlərdə Kolxozlararası tikinti təşkilatında işlədiyi 3 il 4 ay və Zaqatala rayonunda fəaliyyət göstərən “Partiyanın XXİİ qurultayı adına” kolxozda işlədiyi müddəti sığorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “işlədiyi cəmi, 25 il 5 ay müddəti sığorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, iddiaçı, tələbini dəqiqləşdirərək, “1975-1977-ci illərdə hərbi xidmətdə olduğu 2 ili, xx.xx.1977-xx.xx.1980-cı il tarixlərdə Kolxozlararası tikinti təşkilatında işlədiyi 3 il 4 ay və Zaqatala rayonunda fəaliyyət göstərən “Partiyanın XXİİ qurultayı adına” kolxozda işlədiyi müddəti sığorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, arxiv arayışlarını və hərbi biletin surətini cavabdeh orqana təqdim edərək həmin sənədlərdə qeyd edilən müddətin nəzərə alınaraq, 65 yaşının bitdiyi tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan arxiv arayışında qeyd edilən müddətlərin əmək kitabçasında qeyd edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, arxiv arayışı, hərbi xidmət barədə arayış) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin əmək kitabçasında qeyd edilməməsi, buna görə iddiaçının tələb olunan 25 illik sığorta stajının yaranmaması, həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 5362 №-li arayışından görünür ki, iddiaçının Zaqatala rayon Höytala kənd “Partiyanın XXİİ qurultayı” adına kolxozda 1972-1975, 1977, 1980-1997-ci illərdə işləməsi barədə qeydlər göstərilmişdir. 1972-1973-cü illər üzrə minimum adam günü norması qeyd olunmamış, 1974-1975, 1977, 1980-1984-cü illər üzrə minimum adam günü norması 250 gün, 1985-1997-ci illər üzrə minimum adam günü norması 220 gün qeyd edilmişdir. - H3 ******* №-li hərbi biletdən görünür ki, iddiaçı, xx.xx.1975-xx.xx.1977-cı illərdə keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5362 №-li arxiv arayışından görünür ki, iddiaçı, Zaqatala Kolxozlararasıtikinti İdarəsinin xx.xx.1977-ci il tarixli, 95 №-li əmri ilə xx.xx.1977-ci ildən işə qəbul edilmiş, xx.xx.1980-cı il tarixli 188 №-li əmrlə xx.xx.1980-cı il tarixdən işdən azad edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, tələbdə qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarətdir ki, iddiaçının, təqdim etdiyi arxiv arayışlarında qeyd olunan əmək fəaliyyəti müddətləri əmək kitabçasında qeyd edilməmişdir. Lakin, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır. Belə ki, əmək kitabçasında lazım olan qeydlər olmadıqda müvafiq sənədlərin əmək stajını təsdiqedici sənəd kimi qəbul edilməsi, istinad olunan “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində birmənalı olaraq qeyd edilmişdir. Odur ki, həmin illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin etirazının dəlilləri tamamilə əsassızdır. Zaqatala rayon Höytala kənd “Partiyanın XXİİ qurultayı” adına kolxozda əmək faəliyyəti ilə bağlı arxiv arayışından göründüyü kimi iddiaçı, 1974,1981-1983,1986-1997-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 16 ilə bərabərdir. 1975-ci ildə iddiaçı 117, 1977-cı ildə 89, 1980-cı ildə 47 və 1984-cü ildə 230 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 250 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 1 il 11 ay 5 gün müəyyən edilir (117+89+47+230=483/250=1.9). Həmçinin iddiaçı 1985-cı ildə 216 gün işləmişdir. Həmin il üzrə minimum adam günü norması 220 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 11 ay 22 gün müəyyən edilir (216/220=10.07). Beləliklə iddiaçının kolxozda işlədiyi tam əmək normasını yerinə yetirmədiyi əmək stajı faktiki müddətlə hesablandıqda cəmi, 2 il 10 ay 27 gün müəyyən edilir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı müvafiq kolxozda 1972-1973-cü illərdə işləməsinə baxmayaraq, həmin illər üzrə minimum adam günü miqdarı barədə arayışda məlumat yoxdur. Belə olan halda qeyd edilən müddəti ən minimal qaydada - 365 günə bərabər götürməklə - hesablama apardıqda (59+285=344) 11 ay 9 gün əmək stajı müəyyən olunur və həmin müddət də digər əmək stajı müddətlərinin üzərinə toplanmalıdır. İddiaçının minimum adam günü normasında yerinə yetirdiyi 16 ilin üzərinə, işlənən faktiki müddət üzrə hesablanmış 2 il 10 ay 27 gün müddəti və minimum adam günü normasının bəlli olmadığı 1972-1973-cü illər üzrə 11 ay 9 gün əmək fəaliyyəti müddəti toplandıqda, iddiaçının Höytala kənd “Partiyanın XXİİ qurultayı” adına kolxozda işlədiyi ümumi stajı 19 il, 10 ay 6 gün müəyyən edilir. İş materialları ilə iddiaçının xx.xx.1975-xx.xx.1977-cı illərdə keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçməsi müəyyən olunur və qanunvericiliyin tələbinə görə həmin müddət də onun sosial sığorta stajına daxil edilir. İddiaçının Zaqatala Kolxozlararasıtikinti İdarəsində əmək fəaliyyəti müddəti 3 il 3 ay 2 günə bərabərdir (xx.xx.1977-xx.xx.1980) və həmin müddət də yuxarıda hesablanmış əmək stajı müddətinin üzərinə toplanmalıdır. İddiaçının 1977 və 1988-ci ilərdə Höytala kənd “Partiyanın XXİİ qurultayı” adına kolxozda işlədiyi müddət, faktiki işlədiyi müddət nəzərə alınmaqla hesablandığından (yəni tam il olaraq qəbul edilmədiyindən), onun Kolxozlararasıtikinti İdarəsində 1977-ci il və 1980-ci illərdə işlədiyi müddət, kolxozda işlədiyi müddətlə üst-üstə düşən əmək fəaliyyəti müddəti kimi qəbul edilə bilməz. Belə olan halda iddiaçının ümumi sosial sığorta stajı 25 il 1 ay 8 günə (19 il 10 ay 6 gün+2 il+3 il 3 ay 2 gün) bərabər olur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı 1975-1977-ci illərdə hərbi xidmətdə olduğu 2 ili, xx.xx.1977-xx.xx.1980-cı il tarixlərdə Kolxozlararası tikinti təşkilatında işlədiyi 3 il 4 ay və Zaqatala rayonunda fəaliyyət göstərən “Partiyanın XXİİ qurultayı adına” kolxozda işlədiyi müddəti sığorta stajı kimi nəzərə alaraq, ona hüququnun yarandığı vaxtdan – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar