Məhkəmə qərarları › İş №e-2-1(116)-1256/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1256/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1256/2022 17.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “xx.xx.2004-cu il tarixli JN-861A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilər siyahısına adının əlavə edilərək yeni hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsinin binasında açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2004-cu il tarixli JN- 861A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilər siyahısına adının əlavə edilərək yeni hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 saylı qərarına əsasən iddiaçının ailə üzvlərinə Balakən şəhəri Fizuli küçəsində 0,13 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərinə xx.xx.2004-cü il tarixdə JN 861A nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçının adı qeyd edilməmişdir. Baxmayaraq ki, iddiaçı Aqrar İslahat dövründə, yəni 1985-1990, 1990-2000 və 2000-2005-ci illər daxil olmaqla və hal-hazıradək ünvan 1 ünvanda yaşayır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********29 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənədlərə (əvvəllər tanınmış hüquqlar) iddiaçının ərizəsi əsasında düzəliş edilməsi və ya onların ləğv edilməsi, habelə adların daxil edilməsi və ya çıxarılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Müraciətdə qeyd olunan ikinci məsələnin həlli birinci hissədə qaldırılan məsələ ilə bağlı olduğundan həmin hissədə baxılması mümkün deyildir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********95 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirmiş və əlavə olaraq bildirmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarına əsasən Ləğv edilmiş DT və XK tərəfindən Balakən şəhərində yerləşən 0,13 ha torpaq sahəsinə dair Maraqlı şəxs1 və Maraqlı şəxs2 Asluddin qızının adına JN-861A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi hazırlanmışdır. Daha sonra, həmin şəhadətnamə sənədi və digər sənədlər əsasında qeyd olunan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 (payı - torpaq sahəsi ümumibirgə, fərdi yaşayış evi tam) və Maraqlı şəxs2 Asluddin qızının (payı - torpaq sahəsi ümumibirgə) adlarına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-1256/2022 nömrəli qərardadı ilə Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, adının daxil olunmasını tələb etdiyi JN-861A nömrəli Şəhadətnamə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarının əsasında verilmişdir. İddiaçıya X1 qərarlarının mübahisələndirmə müddətləri ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, bildirilmişdir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Hüquqi yardım məktubunda iddiaçıya həmçinin bildirilmişdir ki, Məhkəmə araşdırması ilə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı əsasında verilmiş torpaq sahəsinə dair tərtib olunmuş JN-861A nömrəli Şəhadətnamənin subyektlər siyahısına uyğun tərtib olunduğu müəyyən edildiyi halda, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilə bilər. İddiaçıya hüquqi yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin mövqeyinə münasibət bildirməsi təklif olunsa da, iddiaçı tərəfindən münasibət bildirilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli məktubuna əlavə olunmuş Balakən rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq olunmuş subyektlər siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin siyahıda Maraqlı şəxs1 və Maraqlı şəxs2 adları qeyd olunmuş, İddiaçı adı qeyd olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıya işin halları birdaha bildirilmiş və məhkəmənin yardım məktubunda göstərilənlər təkrar izah edilmişdir. İddiaçının diqqətinə çatdırılmışdır ki, o ilk növbədə şəhadətnaməni deyil onun verilməsinə əsas olmuş AİK qərarını mübahisələndirməlidir. Məhkəmə X1 qərarlarının mübahisələndirilmə imkanının artıq itirilməsi ilə bağlı qeyd edir ki, "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X4 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X4 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X4 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X4 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X4 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X4 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X4 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X3 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X1 qərarları inzibati akt olduğundan, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman, yəni 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X3 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X3 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X4 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X1 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə xx.xx.1995-ci ildə X4 Komissiyası yaradılmış, xx.xx.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra xx.xx.2005-ci ildə Azərbaycan Respublikası X4 Komissiyası, xx.xx.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi Balakən rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının adı Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında olmadığına görə şəhadətnaməyə onun adının daxil edilməsi mümkün deyil. Bunun üçün ilk olaraq Balakən rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı mübahisələndirilməlidir ki, hazırkı halda müddət ötürüldüyünə görə həmin qərarın mübahisələndirilməsi yol verilməzdir. İddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım məktubu ünvanlanaraq məhkəmənin mövqeyi nəzərinə çatdırılmış, həmçinin məhkəmə iclasında qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “xx.xx.2004-cu il tarixli JN-861A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilər siyahısına adının əlavə edilərək yeni hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar