Məhkəmə qərarları › İş №e-2-1(116)-1269/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1269/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1269/2023 10.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, iddiaçının vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı ödənilmiş pensiya məbləğinə görə 5041,30 manat miqdarında dövlət büdcəsinə tutulmanın aparılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 2022-ci ilin noyabr ayına qədər ödənilən pensiya məbləğinin bərpa olunması, pensiya məbləği bərpa olunana qədər ona əskik ödənilmiş məbləğin ödənilməsi və ondan geri ödənilməsi tələb olunan 12.922,39 manat pensiya məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı ödənilmiş pensiya məbləğinə görə 5041,30 manat miqdarında dövlət büdcəsinə tutulmanın aparılması barədə hərəkətinin qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya Dövlət Sosial Mudafiə Fondunun Ucar rayon şöbəsi tərəfindən 12 aprel 2013-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa gorə əmək pensiyası təyin edilmiş, sonrakı dövrlərdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq pensiyanın məbləği bir neçə dəfə artırılmışdır. Lakin,2022-ci ilin noyabr ayında pensiyanın ödənilməsi ərəfəsində ona məlum olmuşdur ki, xəbərdarlıq olunmadan pensiyanın məbləği azaldılıb. Bundan sonra inzibati orqana müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma zamanı məlum olunmuşdur ki, 12 aprel 2013-cü il tarixində vaxtı ilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə maaşının orta aylıq məbləği 429,97 manat, qulluq stajına görə əlavə 70,21 manat olmaqla orta aylıq əmək haqqı 500,18 manat təşkil edilmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçı 19.04 2013-cü ıl tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Ucar rayon şöbəsinə müraciət etmişdir. İddiaçının xx.xx.2013-cü il tarixli müraciətinə cavab olaraq ona Ucar rayon şöbəsi tərəfindən 19 04.2013-cü il tarixdə hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı dövrlərdə iddiaçının pensiyası dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bir neçə dəfə artırılmışdır. İddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 629,55 manat, xx.xx.2019-u il tarixdən xx.xx.2022-ci il tarixədək 840,34 manat, 14 03.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 924,37 manat məbləğində pensiya ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından 143 manat məbləğində tutulma olduğu üçün ona 634,03 manat məbləğində pensiya ödənilmişdir. İddiaçıya xx.xx.2022-ci ıl tarixdən xx.xx.2023-cü il tarixədək 767,03 manat məbləğində və xx.xx.2023-cü il tarixdən isə 879,78 manat məbləğində pensiya ödənilmişdir Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, 12 aprel 2013-cü il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 429,97 manat, qulluq stajına görə əlavə 70,21 manat olmaqla orta aylıq əmək haqqı 500,18 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 7 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (500,18 manat) 75 faizi - 375,14 manat məbləğində hesablanmalı olduğu halda, 424,70 manat müəyyən edilməklə xx.xx.2013-30.11 2013-cü il tarixləri arasındakı dövr üzrə hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 378,31 manat artıq pul vəsaiti ödənilib. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı pensiyasından tutmanın dayandırılması ilə bağlı inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, mahiyyət etibarı ilə də əsaslıdır. Belə ki, müvafiq pul məbləğinin iddiaçıdan tutulması ilə bağlı qəbul edilməsi gözlənilən inzibati aktlara münasibətdə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair qabaqlayıcı (preventiv) iddia, iddiaçının həyatını (mövcudluğunu) çətin vəziyyətə sala bilən və ya bərpası mümkün olmayan zərərin vurulması təhlükəsinin mövcud olduğu halları əhatə etməlidir. Çünki hazırkı iş üzrə iddiaçının gəlirlərinin qorunub saxlanılmasına böyük marağı var İş materiallarından görünür ki, cavabdeh orqan müvafiq pul məbləğinin geri tutulmasının mümkünlüyünü “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlamadan iddiaçıya xx.xx.2013xx.xx.2022-ci il tarixlərdə ödənilmiş 5041,30 manat vəsaiti geri tələb etmişdir. Cavabdeh orqan bildirir ki, Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, 12 aprel 2013-cü il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 429,97 manat, qulluq stajına görə əlavə 70,21 manat olmaqla orta aylıq əmək haqqı 500,18 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 14 il 7 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (500,18 manat) 75 faizi - 375,14 manat məbləğində hesablanmalı olduğu halda, 424,70 manat müəyyən edilməklə xx.xx.2013-30.11 2013-cü il tarixləri arasındakı dövr üzrə hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 378,31 manat artıq pul vəsaiti ödənilmişdir. İlk öncə məhkəmə onu qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda olan hüquqi marağı pensiya məbləğindən cavabdeh tərəfindən aparılan tutulmanın dayandırılması olduğundan və bununla da pensiya məbləğinin azaldılması məhkəmə mübahisənin predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən iddiaçının pensiya məbləğinin azaldılmasının qanuniliyinə qiymət verilmir. İddianın hüquqi əsasına qiymət verən məhkəmə qeyd edir ki, iddiaçının pensiya məbləğindən tutulmanın həyata keçirilməsinə onun razılığı olmadığından cavabdeh tərəfindən özbaşına onun pensiyasından tutulmanın aparılması qanunsuzdur. Bu səbəbdən də iddiaçı hər ay aldığı pensiya məbləğindən tutulmanın dayandırılmasını tələb etməkdə haqlıdır. Belə ki, xx.xx.2006-cı tarixdən qüvvədə olan “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi qanunvericiliyin tələbi baxımından pensiyaçının razılığı olduqda artıq ödənilmiş pensiya məbləği onun pensiyasından pensiya təyin edən orqanın qərarı ilə tutula bilər ki, iddiaçının pensiya işində onun belə bir razılığının olmasına dair sübut mövcud deyildir. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi isə sonuncunun razılığının olmamasının sübutudur ki, cavabdehin onun razılığı olmadan pensiyasından tutulmanın həyata keçirilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında deyilir ki, "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər..... Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, pensiyasından tutmanın həyata keçirilməsinə iddiaçının razılığı olmadığından cavabdeh, “Əmək Pensiyaları haqqında” Qanundan daha sonra qüvvəyə minmiş “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından artıq ödənilmiş vəsaitin tutulmasına dair qərar qəbul etməlidir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun tələbləri baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə qüvvəyə mindikdən sonra həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Bununla belə, iddiaçıya müvafiq ödənişlərin edildiyi zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya müvafiq vəsaitin təyin edilməsi və ödənilməsi onun təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçı, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdir. Belə ki, iddiaçı ona ödənilmiş pul vəsaitini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin vəsaitlərin ödənilməsini nəzərdə tutan inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra həmin məbləği geri tələb etməyə haqlı sayılmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2013-xx.xx.2022-ci il tarixlərdə ödənilmiş 5041,30 manat məbləğində artıq ödənilmiş pensiya məbləğinin hissəhissə hazırda hər ay iddiaçının aldığı pensiya məbləğindən tutulmasına iddiaçının razılığı olmadığından və bununla bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan iddia təmin edilməli və iddiaçının hər ay aldığı pensiya məbləğindən tutulmanın dayandırılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ödənilən əmək pensiyasından aparılan tutulmanın dayandırılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar