Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1288/2023 05.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil Nemət qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına ayrılmış, “Şəfa” bağçılıq təsərrüfatındakı 600 kv.metr torpaq sahəsinə adına plan-ölçü sənədin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına ayrılmış, «Şəfa» bağçılıq təsərrüfatındakı 600 kv.metr torpaq sahəsinə adına plan-ölçü sənədin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-1288/2023 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə Mingəçevir şəhər X3 X6 Şurasının 16 avqust 2001ci il tarixli, 88 saylı qərarı ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxananın «Şəfa» bağçılıq təsərrüfatında 600 kv.m torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin vaxtdan həmin torpaq sahəsindən istifadə edir. Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin 07 oktyabr 1976-cı il tarixli 315 saylı qərarı ilə Mingəçevir Şəhər Xəstəxanasına ayrılmış torpaq sahəsinin sərhədlərinin daxilində yerləşir. Həmin torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmaq üçün 15 noyabr 2022-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, müraciətinə cavab verilməmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8,0.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq venlmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsinə təhvil verilmiş Mingəçevir şəhəri Tibb işçiləri X4 "Şəfa” bağçılığı tərəfindən torpaq sahəsinin ayrılmasına dair adlı siyahıda İddiaçı adı aşkarlanmamışdır. Buna görə də iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir şəhər X3 X6 Şurasının 16 avqust 2001-ci il tarixli, 88 saylı qərarından görünür ki, şəhid ailəsi X5 məxsus köhnə xəstəxana ərazisindəki 6 sot bağ sahəsi qohumu İddiaçı verilmişdir. - Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2021-ci il tarixli 29 nömrəli arxiv arayışından görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 7 oktyabr 1976-cı il tarixli 315 saylı qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3182/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar (həyətyanı sahələrin altında olan torpaq sahəsi), mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə A 464297 nömrəli plan- ölçü sənədində göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi arasında hava xətti ilə 2579 metr məsafə vardır. - Mingəçevir şəhəri Tibb işçiləri X4 "Şəfa” bağçılığı tərəfindən torpaq sahəsinin ayrılmasına dair adlı siyahıdan görünür ki, 88 sıra nömrəsinin qarşısında iddia olunan torpaq sahəsinin ilkin sahibi Nəzakət Məmmədovanı adı qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili iddiaçının adının Ərazi idarəsinə təhvil verilmiş Mingəçevir şəhəri Tibb işçiləri X4 "Şəfa” bağçılığı tərəfindən torpaq sahəsinin ayrılmasına dair adlı siyahıda olmaması ilə bağlıdır. İş materiallarında olan Mingəçevir şəhəri Tibb işçiləri X4 "Şəfa” bağçılığı tərəfindən torpaq sahəsinin ayrılmasına dair adlı siyahısı ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin ilkin sahibi Nəzakət Məmmədova olmuş və daha sonra Mingəçevir şəhər X3 X6 Şurasının 16 avqust 2001-ci il tarixli, 88 saylı qərarı ilə ona məxsus köhnə xəstəxana ərazisindəki 6 sot bağ sahəsinin qohumu İddiaçı verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair tələb edilən sənədlərin siyahısından görünür ki, maddi hüquq normasının mahiyyəti torpaq sahəsinin həqiqətən də bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşa ayrılıb ayrılmamasının, o cümlədən torpaq sahəsi ayrılmış şəxsin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olub-olmamasının müəyyən edilməsindən və yalnız bundan sonra mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından ibarətdir. Bunun üçün isə torpaq sahəsi ayrılan şəxslər müvafiq ayrılmanı və kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmasını təsdiq edən sübutları (icarə müqaviləsi, sərəncam və order, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) təqdim etməlidirlər. Yəni, istinad olunan norma kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan şəxslərə bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur. “Mingəçevir şəhər X3 X6 Şurasının 16 avqust 2001-ci il tarixli, 88 saylı qərarında Nəzakət Məmmədovaya məxsus torpaq sahəsinin iddiaçıya verilməsi onu deməyə əsas verir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçıya münasibətdə yerinə yetirilmişdir. Yəni, faktiki olaraq iddiaçı, Nəzakət Məmmədovanın yerinə bağçılığa üzv daxil edilmiş və ona müvafiq torpaq sahəsi ayrılmışdır. Mütəxəssis rəyində iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin A 464297 nömrəli plan-ölçü sənədində göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsindən hava xətti ilə 2579 metr məsafədə yerləşməsinə münasibətdə isə müəyyən edilir ki, sözügedən plan-ölçü sənədi iddiaçıya məxsus torpaq sahəsinə aid deyil və rəydə texniki səhv olaraq qeyd edilmişdir. Belə ki, sözügedən plan-ölçü sənədi X2 istifadəsində olan torpaq sahəsinə tərtib edilməklə hazırkı iş üzrə iddiaçıya heç bir aidiyyəti yoxdur. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına ayrılmış “Şəfa” bağçılıq təsərrüfatındakı 600 kv. metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədin hazırlanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.