Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1289/2022 29.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X5 “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının oğlu xx.xx.1971-ci il təvəllüdlü baş leytenant X6 xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin İsmayıllı rayon şöbəsi tərəfindən səfərbərlik üzrə hərbi xidmətə göndərilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə N nörməli hərbi hissədə vəfat etmişdir. İddiaçının oğlu X6 hərbi çağırışadək sağlam olmuş, heç bir xəstəlikdən əziyyət çəkməmiş, bü günədək də tibb müəssisələrində hər hansı bir xəstəlik diaqnozu ilə qeydiyyata alınmamışdır. İddiaçının oğlunun heç bir xəstəliyi olmadığı halda “Zəfər” gününə yaxın dövrdə Kəlbəcər istiqamətində xidmət zamanı ağır donvurmadan xəstələnərək nəticədə ağciyər pnevmaniyası xəstəliyinə tutulmuş, həmin xəstəlik bir müddət gizli özünü biruzə verdikdən sonra qısa müddət ərzində əlamətlərini göstərmiş və bunun nəticəsində iddiaçının oğlu Şıxıyev Vüqar hərbi hissədə vəfat etmişdir. İddiaçı cavabdehə müraciət edərək oğluna “şəhid” statusunun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 374 nömrəli imtina məktubunda qeyd etmişdir ki, zabit və gizir heyəti üçün Şəhid və şəhid ailəsi statusu Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsinin verdiyi arayışlarla təsdiq olunur. Bu səbəbdən mərhum övladı 1971-ci il təvəllüdlü X5 Şəhid və şəhid ailəsi statusu verilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi rəisinin səlahiyyətində deyil. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddia tələbi üzrə cavab verməli orqan Müdafiə Nazirliyi olmalıdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci maddəsinin 5-ci abzasına əsasən Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Həmin maddənin 6-cı bazasına əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Yuxarıda qeyd olunan normaların tələblərindən də göründüyü kimi zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilir. Hüquqi yardım məktubu alındıqdan sonra iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə vəsatət təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-1(116)-1289/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/ş-4322 nömrəli imtina məktubundan görünür ki, iddiaçı oğlu Vüqar Şıxıyevə “şəhid” statusunun verilməsi üçün müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Məktubda qeyd olunmuşdur ki, iddiaçının mərhum övladı baş leytenant X6 8 dekabr 2020-ci il tarixdə saat 03:30 radələrində N nömrəli hərbi hissənin yataqxanasında ürək-ağciyər çatışmazlığı nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələlərinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzr\ xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsaəsən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddiaçının mərhum övladı baş leytenant X4 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyil. Cavabdeh xx.xx.2022-ci il tarixli 11/3407 nömrəli etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin 05 avqust 2022-ci il tarixli 1/Ş-7354 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum baş leytenant X6 8 dekabr 2020-ci il tarixdə saat 03:30 radələrində N nömrəli hərbi hissənin yataqxanasında ürək-ağciyər çatmamazlığı nəticəsində vəfat etmişdir. Bununla da, baş leytenant V.X.Şıxıyev döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsini bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün mövcüd qanunvericiliyə görə şəhid hesab edilmir. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: SHXÇDX-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 786 nömrəli məktubuna əlavə olunmuş: N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 6134 nömrəli bildirişində qeyd olunur ki, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, leytenant X6 xx.xx.2020-ci il tarixdə 03:30 radələrində hərbi hissənin əsgər yataqxanasında xroniki kəskin ürək çatışmamazlığından xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 55 nömrəli əmrindən çıxarışda qeyd olunur ki, Baş leytenant X6, özüyeriyən artilleriya divizionunun 1-ci özüyeriyən artilleriya batareyasının idarəetmə taqımının komandiri, 08 dekabr 2020-ci il tarixdə saat 03:30 radələrində N nömrəli hərbi hissənin Subaylar N ( nömrəli) yataqxanasında ürək-ağciyər çatışmazlığı nəticəsində vəfat etdiyinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 15 fevral 2021-ci il tarixli 0240 nömrəli əmrinə əsasən 08 dekabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların siyahısından çıxarılmış hesab edilsin. 138445 nömrəli “ölüm haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının oğlu X6 xx.xx.2020-ci il tarixdə ürək-ağciyər çatmamazlığından vəfat etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli 000380 qeydiyyat nömrəli qərarın surətinə əsasən 22-ci səhifədə aşağıdakılar qeyd edilmişdir: “...Araşdırma materialına əlavə edilmiş xx.xx.2021-ci il tarixli komisyon məhkəmə-tibbi ekspertizasına dair tərtib olunmuş K/46- 2021 nömrəli ekspert rəyindən görünür ki, mərhum baş leytenant X4 ölümünə səbəb olmuş pnevmoniya, endokardit (ürəyin daxili qatının iltihabı) baş beyin və ağciyər ödemi ilə ağırlaşmış virus mənşəli infeksion xəstəlik nəticəsində inşişaf etmiş üzrək və tənəffüs çatışmamazlığı olmuşdur... Xəstəliyin ilkin kliniki əlamətləri xx.xx.2020-ci il tarixdə inkişaf etmişdir, xəstəliyin inkişaf dinamikası kəskin, latent (gizli) olmaqla sürətli inkişaf etmişdir...”. İşin faktiki hallarına qanunvericilik normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabineti 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı ilə Qaydaların 1.2.6-cı bəndi dəyişdirilmiş və Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Göründüyü kimi istər Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, istər Qanunun tətbiqi Qaydalarına, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. İşdə olan sənədlərdən və cavabdehin etirazından görünür ki, mərhum X6 xroniki kəskin üzrək çatışmazlığından vəfat etmişdir. Onun vəfatının xidməti vəzifəsinin icrası və ya hərbi əməliyyatların həyata keçirilməsi ilə səbəbli əlaqəsi iş materialları və məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “X5 “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №e-2-1(116)-1289/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1289/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver