Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1290/2024 04.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhəri 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənub-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25.2 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X1 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala şəhəri 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənub-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25.2 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X1 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-1(116)-1290/2024 nömrəli qərardadı ilə Zaqatala bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 584 saylı sərəncamına əsasən mərhum həyat yoldaşı X1 mağaza tikintisi üçün Zaqatala şəhəri 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənub-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25,2 kv.metr torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsi üzrə o, mərhumun qanuni vərəsəsidir. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə cavab olaraq bildirilmişdir ki, göstərilən torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara icazə sənədi və eskiz layihə əlavə olunmamışdır. Ona görə də torpaq sahəsi üzərində hüquqların qeydiyyatından imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, X3 vərəsəsi olduğu mərhum X1 məxsus olan Zaqatala şəhəri ərasizində 0,00252 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir (**********). Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə qeyd olunan qeyri-yaşayış binasının inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara icazə sənədi və eskiz layihə əlavə olunmamışdır. Buna görə də onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4462/2023 (**********62) nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, İddiaçı cavabdeh 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli **********25 saylı imtinasının əsassız sayılması, Zaqatala rayonu 2-ci kolxoz bazarının şimal-qərb tərəfindəki ərazidən şəhərin cənub-qərb yaşayış massivinin planlaşma layihəsinin sənaye malları nəzərdə tutulan yerdən X2 adına verilmiş 25,2 kv.m torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 2-1(116)-353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.1999-cu il tarixli 269 nömrəli torpaqların alqı-satqısına dair akt, xx.xx.1999-cu il tarixli mağaza tikintisi üçün torpaq sahəsinin seçilməsi barədə akt, AZ-İ 332518 nömrəli Ölüm haqqında şəhadətnamə, 2v-0İ-18 nömrəli xx.xx.2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 584 nömrəli sərəncamı, cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi mahiyyət etibarilə də əsaslıdır. İş materiallarında olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 584 nömrəli sərəncamı ilə müəyyən edilir ki, Zaqatala şəhər 2 nömrəli kolxoz bazarının Şimal-Qərb tərəfindəki ərazidən şəhərin Cənubi-Qərb yaşayış massivinin planlaşma layihəsində Sənaye Malları mağazasının tikintisi nəzərdə tutulan yerdən 25,2 kv.metr torpaq sahəsi mağaza tikintisi üçün H.Mirzəyevin mülkiyyətinə alqı-satqı yolu ilə verilməsinə ilkin razılıq verilmiş, H.Mirzəyevə torpaq sahəsinin verilməsi haqqında mülkiyyət hüquqlarına dair sənədlərin və alqı-satqı müqaviləsinin hazırlanması Rayon Torpaq şöbəsinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə əsasən (Keçid müddəaları) Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. ... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 13 avqust 1996-cı il tarixli, 482 №-li Fərmanının 3cü bəndində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər həmin Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunmasının müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 25,11 kv.metr olmaqla Zaqatala şəhərinin hüdudları daxilində şəhərin Baş planına əsasən yaşayış məntəqələri torpaqlarına aid Şəhərin tarixi hissəsində 1 və 2 mərtəbəli yaşayış evləri zonasında yerləşir. Həmin torpaq sahəsinin mülkiyyətçisi Zaqatala şəhər bələdiyyəsidir. Göründüyü kimi iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğundan Zaqatala rayon İcra Hakimiyyəti “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin tələbləri baxımından sözügedən torpaq sahəsini iddiaçıya ayırmqda səlahiyyətli olmuşdur. Odur ki, Zaqatala rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 584 nömrəli sərəncamı torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün yetərli əsas sayılmalıdır. Cavabdehin imtina dəlili torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara icazə sənədi və eskiz layihə əlavə olunmaması ilə bağlıdır. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı qeyri-yaşayış binası yox, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlıdır. Odur ki, cavabdehin etirazının dəlili torpaq sahəsinə münasibətdə təqdim edilmədiyindən və qeyd olunan imtina əsaslarının mübahisəyə aidiyyəti olmadığından, məhkəmə cavabdeh orqanın mövqeyinin əsassız olmasının qeyd edilməsi ilə kifayətlənir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Etimadın qorunması prinsipinə görə maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsini istisna edən hallar müəyyən edilmədiyindən, cavabdeh orqanın imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə iddia olunan 25.11 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.