Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1306/2023 06.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Mixayloviç cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin xx.xx.2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından və əmlakdan ona və X5, X6, X7, X3, X8, X1, X4, X9 və X2 verilən əmlak payının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Mixayloviç cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin xx.xx.2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından və əmlakdan ona və X5, X6, X7, X3, X8, X1, X4, X9 və X2 verilən əmlak payının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, işin araşdırılmış hallarına görə, iddiaçı Qax rayonu İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli ümumi yığıncağının 01 saylı qərarı əsasında 25 nəfərə Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından və əmlakdan pay ayrıldığını, əmlak payı ayrılmış şəxslərdən 9 nəfərin öz payından onun xeyrinə imtina etdiyini, sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etdiyini, lakin, müraciətinin təmin olunmadığını bildirir. İddiaçı, sözügedən daşınmaz əmlakın pul dəyərinin 60500 manat olmasını və 9 nəfərin imtina etdiyi hissələrlə birgə özünün mülkiyyətinə verilməsini iddia etsə də, nəzərə alınmalıdır ki, iddia olunan daşınmaz əmlaka dair “Əmlak payına mülkiyyət hüququ haqqında” Şəhadətnamə tərtib edilməmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddia ərizəsində iddiaçı sözügedən daşınmaz əmlakdan hazırda istifadə etdiyini bildirir. Bununla belə iddia ərizəsinə əlavə edilmiş Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)-202/2023 nömrəli qətnaməsindən görünür ki, sözügedən daşınmaz əmlak iddiaçının yox, digər şəxsin faktiki istifadəsindədir. Həmçinin sözügedən daşınmaz əmlakın və yerləşdiyi torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı məhkəmənin cavabdeh orqana sorğusu çöl-ölçmə işlərinə zəruri şərait yaradılmaması və ərazidə mübahisənin olması səbəbindən icra edilməmişdir. Göründüyü kimi iddiaçı sözügedən daşınmaz əmlakın ona Qax rayonu İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli ümumi yığıncağının 01 saylı qərarı əsasında əmlak payı olaraq verildiyi bildirsə də, ötən 22 il müddətində əmlaka sahiblik və istifadə etməmiş, sözügedən əmlaka dair hüquqmüəyyənedici sənədlərin tərtib edilib-edilməməsi ilə maraqlanmamış və müvafiq sənədlərin hazırlanmaması ilə bağlı cavabdeh orqanın hərəkətlərini mübahisələndirməmişdir. İddiaçı, 22 ilə yaxın müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya pul ifadəsində ayrıldığı bildirilən əmlak payının daşınmaz əmlakın hansı hissəsinə aid olması, yəni konkret olaraq ayrılmış daşınmaz əmlakın nədən ibarət olması aydın deyil (işdə mövcud olan sənədlərdən də daşınmaz əmlakın naturada faktiki olaraq hansı hissəsi üzərində iddiaçıya əmlak payının verilməsini müəyyən edilməsi mümkün deyildir). Həmçinin iddia tələbində iddiaçı, tələb etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına reyestrdən çıxarışın verilməsini xahiş etsə də, qeydə alınmasını tələb etdiyi hüququn növünü aydın qeyd etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün sizə 10 gün müddət təyin edilmişdir. Yardım məktubu xx.xx.2023-cü il tarixdə iddiaçının elektron ünvanına göndərilmiş lakin məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Mixayloviç cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin xx.xx.2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından və əmlakdan ona və X5, X6, X7, X3, X8, X1, X4, X9 və X2 verilən əmlak payının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1306/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1306/2023
06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver