Məhkəmə qərarları › İş №e-2-1(116)-1344/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1344/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1344/2024 19.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********532300 nömrəli qərarının ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi " tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********532300 nömrəli qərarının ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Şabanov X1 rayonu Talalar kəndində yaşayır. Uzun vaxtdır ki, kənd təsərrüfat işləri ilə məşğuldur. Xurma alveri, xurmanın anbarda saxlanılması və s. İşləri ilə əlaqədar olaraq bir çox hallarda banklara müraciət edərək təsərrüfat (biznes) krediti götürərək təsərrüfatını genişləndirməyə çalışır. Aldığı kreditlər kənd təsərrüfatı ilə bağlı olduğundan, aldığı malları anbara yerləşdirdikdən sonra vergi orqanının yoxlamalarına şərait yaratmışdır və onların fəaliyyətinə əngəl yaratmamışdır. Xəbərsiz olduğu qanun və qaydalara görə isə, birgə fəaliyyət göstərdiyi şəxslərdən və qurumlardan yardım almağı özümə borc bilmişdir. 2020ci ilin oktyabr ayında xurma alverinə görə Bank Respublika ASC-dən 100000 manatlıq kredit götürmək üçün Zaqatala filialında olan ünvanlarına yaxınlaşdı. Bank rəsmisi ilə görüşündən sonra əməkdaş ona 19036-S103865/161405 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən 100000 (yüz min) manat krediti rəsmiləşdirə biləciyini bildirdi. Bank Respublika ASC əməkdaşları əlavə heç bir problemin yaranmayacağı barədə şifahi məlumat verdi. Daha əvvəllərdə həmin bankdan kredit götürdüyü üçün və bank rəsmisinin prosesin həmişəki kimi olacağına, kreditin məbləği 15000 manatdan artıq olduğu üçün nağd vəsaiti çıxarmaq üçün alış aktı verməli olduğunu, yəni alacağı məhsulu anbara doldurduqdan sonra vergi işçilərinin yoxlanışına şərait yaratmağının vacibliyin mənə xatırlatmaqla əlavə heç bir problemin olmayacağına onu inandırdı. Belə olduğu halda kredit müqaviləsini bağlamağa razılıq verdi və krediti nağd formada bankdan aldı. Krediti aldığı müddətdən sonra işlərində problem yarandı . Xurma alveri üçün götürdüyü kreditə heç bir məhsul almaq imkanı olmadı. Həmin il məhsulun keyfiyyətsizliyi və qiymətdə yaranmış fərq məni məhsulun alışından çəkindirdi. Belə olan halda, məhsul alışı edə bilmədiyi və götürdüyü kreditdən fayda ala bilməyəcəyini düşünüb krediti tam olaraq bağlamaq qərarına gəldi. Həmin vaxt ərzində yoxlanışa gələn vergi məmurunun anbarın yoxlanışına şərait yaratdı. Vergi məmuru anbarına baxış keçirdi və anbarın boş olduğu qənaətinə gəldi. Bu haqda kredit mütəxəssisini və Bank Respublika ASC-ni məlumatlandırdı. Kredit mütəxəssisinə və Bank Respublika ASC-ə xurma məhsulu üçün aldığı krediti istifadə edə bilməyəcəyini və bu səbəbdən kredit məbləğini tam olaraq bağlamaq istədiyini bildirdi. xx.xx.2021-ci il tarixdə krediti tam olaraq (faizlər daxil) ödədi. Bu hadisələrdən sonra işləri həmişəki kimi davam etdi. Banklara yenidən müraciət edərək müxtəlif qiymətdə kreditlər götürdü. Aldığı məhsulu anbara yığdı. Vergi işçilərinin yoxlama keçirilməsinə şərait yaratdı. Vergi ödənişlərini vaxtında və gecikdirmədən bank vasitəsi ilə etdi. 2023-cü ildə 13 saylı Vergi İdarəsi tərəfindən idarəyə yaxınlaşmağı barədə məlumat verildi. İdarənin işçisi tərəfindən 2020-ci ilin oktyabr ayında götürdüyü kreditə əsasən, aldığı məhsulun alış aktını təqdim etmədiyinə görə vergi riskinin yarandığını və vergi borcumun yaranacağı bildirildi. Vergi mütəxəssisinin bu sözləri ilə razılaşmayaraq 21 oktyabr 2020-ci ildə götürdüyü kreditə görə heç bir məhsul almadığını, bu səbəbdən alış aktını banka təqdim etmədiyini, vergi məmurunun kredit aldığı vaxt ərzində anbarına yoxlanış keçirdiyini və anbarın boş olduğu qənaətinə gəldiyini bildirdi. Şikayətinə baxılmayacağını və iddiaçıya daha çox vergi yüklənəcəyini düşünərək, 13 saylı Vergi İdarəsinin qanunsuzluqlarını dayandırmaq üçün xx.xx.2023-cü ildə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarını xx.xx.2123-cü ilədək dayandırdı. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergini dayandırdığı xx.xx.2023-cü ildə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2020-2022-ci illər ərzində elektron alış aktları əsasında aldığı malların müşahidə baxışına əsasən anbarda olmadığı müəyyən edilməsi haqqında **********722200 nömrəli məktub ünvanıma göndərilmişdir. Bu 13 saylı Vergi İdarəsi tərəfindən 2020-ci ildən mənim ünvanıma gələn ilk məktub olmuşdur. Göndərilmiş məktubda aparılmış təhlil nəticəsində 2020-2022-ci illər ərzində elektron alış aktları ilə mallar aldığım və vergi hesabatlarını vergi orqanına təqdim etmədiyi bildirilmişdir. Heç bir məhsul almadığına baxmayaraq alış aktının təqdim edilməsini gözləmək absurd düşüncədir. Həmin məktubda 13 saylı Ərazi Vergilər İdarəsi 2020-2021-ci illər ərzində anbarda məhsulun olmadığı faktınıda qeyd etmişdirlər. Lakin iddiaçı aldığı məhsula görə alış aktını bank rəsmilərinə verərək məsələni həll etdiyini, 2020-ci ilin oktyabrın 21 də aldığı kreditə görə heç bir məhsul almadığını təkrar bildirdi. İddiaçı bildirir ki, aldığı digər kredit ödənişlərində layiqincə yerinə yetirmişdir və heç bir qanun pozuntusu olmamışdır. 13 saylı Ərazi Vergi İdarəsinin vergi cəriməsinə cəlb etməsini qanunsuz olduğunu hesab edir. Almadığı məhsula görə vergi bəyannaməsi tərtib edilməsini gözləmək absurd düşüncədir. Üstəlik bu haqda vergi yoxlanışı keçirilmiş və məhsul saxlanışı üçün nəzərdə tutulmuş anbarın boş olduğu qənaətinə gəlinmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh vergi orqanı qanunsuz (əsassız) olaraq kameral qaydada vergilərin hesablanmasını həyata keçirmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanın hüquqlarına aid edilmişdir. Vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi (səsləndirdiyi) fikirlərə etirazımızı bildirərək qeyd edir ki, İddiaçı 2021-ci ildəki fəaliyyəti araşdırılmış və aparılmış fəaliyyəti nəticəsində 2021ci il ərzində cəmi 125663 manat dəyərində elektron alış aktları ilə mallar aldığına baxmayaraq, fəaliyyətində gəlirlərinin uçotunu aparmamışdır. Həmçinin vergi orqanı tərəfindən həyata keçirilmiş müşahidə-baxış zamanı 2021-ci ildə alınmış malların vergi ödəyicisinin anbarında olmadığı müəyyən edilmişdir. Yaranmış kənarlaşmalar vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma riskini müəyyən etmiş və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarına əsasən (Şərti rentabellik norması əsas götürülməklə) 5026,52 manat (125663/5*20%) gəlir “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü İİ tarixli, **********532300 nömrəli Qərar elektron qaydada (gücləndirilmiş “ASAN İmza” vasitəsilə) imzalanmış və Vergi Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun 4 avqust 2023-cü il tarixdə elektron qaydada (elektron poçt vasitəsilə) vergi ödəyicisinə göndərilmişdir. Qərar 8 avqust 2023cü il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuş və xeyli gecikdirilmiş qaydada, 2024-cü ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir

1. 15.12.2023 tarixli Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış.

2. 21.10.2020-ci il tarixli kredit müqaviləsi

3. 19.12.2023-cü il tarixli vergi fəaliyyətini dayandırmağı barədə arayış.

4. 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023 cü il tarixli məktubu

Əsaslandırma hissəsi:

Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddiaçı xx.xx.2024-cü il tarixdə müddətin bərpası barədə ərizə təqdim edərək müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki,müddəti bərpası barədə ərizə təmin edilməklə işə mahiyyəti üzrə baxılmalıdır.Lakin iddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********532300 nömrəli qərarının ləğv edilməsindən və hesablanmış vergi borcunun silinməsindən ibarətdir. İş materiallarına əsasən iddiaçı 2021-ci il ərzində 125663 manat elektron alış aktları ilə mal almışdır.Vergi orqanın yoxlaması zamanı fəaliyyətinə dair vergi uçotunun aparılmadığı,müşahidə zamanı həmin malların vergi ödəyicisinin anbarında aşkar edilmədiyi bildirilmişdir. Vergi orqanı yuxarıda qeyd olunanlara əsasən Şərti rentabellik norması əsas götürülməklə İdarəsinin xx.xx.2023-cü il tarixli **********532300 nömrəli qərar qəbul etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki,sahibkarlıq məqsədi ilə müxtəlif vaxtlarda kreditlər götürmüşdür.Hazırkı mübahisənin yaranmasına əsas anbara yığdığı xurma məhsuluna görə alış aktının təqdim edilməməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətdərdə və məbləğdə ödəilməsindən yayınma vergi üstüyünlüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstüniyü əldə etmək məqsədilə hər hansı formada bağlanmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur.Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müafiq icra hakimiyyəti orqanının müyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 16.1 -cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektrlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 71-1.1 ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanına uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1- ci maddəsində göstərilən uçot sənədlərini qanunvericilikdə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş,belə sübutlar müəyyən olunmamışdır.Həmçinin,iddia ərizəsindən və iddiaçının izahatından görünür ki,onun tərəfindən satış məqsədi ilə alınan mallara dair qaimələr verilməmiş,gəlirin əldə olunmasına çəkilən xərcin məbləğinə dair sübut mövcud olmamışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********532300 nömrəli qərarının ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar