Məhkəmə qərarları › İş №e-2-1(116)-1380/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1380/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1380/2023 24.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi İddiaçı, mütəxəssis X10, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəli çıxarışın A691516 nömrəli plan-ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və iddaçıya məxsus naturada mövcud olan 6417 kv.m torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “********** qeydiyyat nömrəli çıxarışın və A691516 nömrəli plan-ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və iddaçıya məxsus naturada mövcud olan 6417 kv.m torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 18 nömrəli qərarı ilə Ağdaş rayonu Kotanarx kəndində İddiaçıl oğluna və X2 J№-165, KOD 90314028 torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,86 ha torpaq sahəsi verilmişdir. Lakin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi, X6 ********** qeydiyyat nömrəli çıxarışın A691516 nömrəli plan-ölçü sənədi vermişdir. Həmin sənədin bir hissəsi ona məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli çıxarışın A691516 nömrəli planölçü sənədinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini və ona məxsus naturada mövcud olan 6417 kv.m torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün müraciət etsə də, ona əsassız olaraq imtina verilmiş və məktub ünvanlayaraq məhkəməyə müraciət etməyi bildirilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Torpaq sahəsində çöl ölçmə işləri aparılarkən məlum olmuşdur ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşməsi, eləcədə elektron xəritə baza məlumatlarında saxlanılan cizgilərlə uyğunsuzluq vardır. Belə kı, iddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi Ağdaş rayonu Kotanarx kənd sakini X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi ilə üstüstə düşür. Qanunvericiliyin mövcud tələblərini nəzərə alaraq, daşınmaz əmlaka dair dövlət reyestrindən verilmiş çıxarışda hər-hansı düzəlişin edilməsi və ya onun ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasını 29.4-cü maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ağdaş rayon Kotanarx bələdiyyəsinin xəritə materialları (DWJ - torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar olduğundan və bu uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X7 X11nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında Ağdaş rayon Kotanarx bələdiyyəsini əhatə edən (“X7 X11'ndə olan) xəritə hazırlanmışdır. Vətəndaşların müraciətləri əsasında mütəxəssislər tərəfindən elektron məlumat bazasında mövcud olan Ağdaş rayon Kotanarx bələdiyyəsinə aid “X7 X11”ndə mövcud olan xəritə materiallarından istifadə edilməklə, mülkiyyətə verilmiş pay torpaq sahələri naturada tanıdıldıqda məlum olmuşdur ki, vətəndaşların faktiki naturadakı istifadəçilik ilə “X7 X11”ndə olan məlumatlar, həmçinin Ağdaş rayon Kotanarx bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) arasında uyğunsuzluqlar mövcuddur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavavbdehin nümayəndəsi izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3174/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyini tərtib etmiş mühəndis Fərid Vəliyev izahatında tərtib edilən rəyə əsasən məlumat vermişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1341/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********18 reyestr nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.0062 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1341/2023 nömrəli məktubuna əlavə edilmiş JN-158 KOD 90314028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.0062 ha torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 03 oktyabr tarixli 18 nömrəli qərarı ilə X8 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3730/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********7 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 0.19 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3730/2023 nömrəli məktubuna əlavə edilmiş JN-165 KOD 90314028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiqlənmiş surətlərindən görünür ki, Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 0.86 ha torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998ci il 03 oktyabr tarixli 18 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3174/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı və qeyrilərinə JN 165, kod 90314028 olan "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 0.86 ha torpaq sahəsinin mübahisəli sahədə yerləşən 0.67 ha hissəsinin naturada sahəsi 0.6417 hektardır. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası əkin, mülkiyyətçisi İddiaçı və ailə üzvləri torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Tərəflərin naturada göstərdiyi mübahisəli torpaq sahəsinin 0.3019 ha hissəsi JN 165, kod 90314028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. JN 165, kod 90314028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi sənəd üzrə başqa şəxslərin torpaq sahəsi ilə üst- üstə düşmür. Tərəflərin naturada göstərdiyi mübahisəli 0.6417 ha torpaq sahəsinin 0.3398 ha hissəsi Ağdaş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 18 nömrəli qərarı ilə JN- 164 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.67 ha torpaq sahəsinin daxilində yerləşir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İddia tələbi əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X7 X11nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları»təsdiq edilmiş və həmin Qaydaların 2.1-ci bəndində müəyyən olunmuşdur ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. İPM-in 14.2-ci maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim edilən rəyi tərtib edən mühəndislə rəydə göstərilməyən suallara dair dəqiqləşdirmələr aparılmışdır. Mütəxəssis bildirmişdir ki, xx.xx.2022-ci il tarixli **********18 reyestr nömrəli Çıxarışa əsasən üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsinin koordinatları ona verilmiş JN 158, Kod 90314028 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktının koordinatları ilə eyni deyildir.Həmin Çıxarış və plan-ölçü sənədi TEKUİS-ə əsasən verilmişdir.Lakin,yerində baxış keçirilmədiyindən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına verilmişdir. Mütəxəssis verilənə suala əsasən bildirmişdir ki, iddia olunan 0.6417 ha torpaq sahəsinin koordinatları TEKUİS-ə əsasən JN 165, kod 90314028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının ümumbirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti ilə eynidir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçıya Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 03 oktyabr tarixli 18 nömrəli qərarı ilə Ağdaş rayonu, Kotanarx kəndində 0.86 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iki fərqli planşetdə verilmişdir.İddiaçı tərəfindən 165C planşetində yerləşən 0,19 ha torpaq sahəsi üzərində təkrar mülkiyyət hüququ qeydə alınaraq xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir.Hazırkı mübahisə, JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktın165 planşetində olan 0,6708 ha torpaq sahəsinin koordinatlarına üçüncü şəxsin adına Çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə yaranmışdır. X8 və ailə üzvlərinə də Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 03 oktyabr tarixli 18 nömrəli qərarı ilə Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.0062 ha torpaq sahəsi ayrılmış, onun adına çıxarış və müvafiq plan ölçü sənədi tərtib olunmuş, bundan sonra hazırki iddiaçı ilə onun arasında mülki məhkəmə icraatı qaydasında mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin naturada göstərdiyi mübahisəli torpaq sahəsinin 0.3019 ha hissəsi JN 165, kod 90314028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bunun səbəbi isə X5 mülkiyyətində olan və **********18 reyestr nömrəsi ilə qeydiyyata alınmış 1.0062 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədə, yəni JN-158 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktına uyğun tərtib edilməməsi olmuşdur. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatları Dövlət Aktına və faktiki istifadə olunan yerə deyil,iddiaçının faktiki istifadəsində olmuş, JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktın 165 planşetində qeyd olunan torpaq sahəsinin bir hissəsinə verilmişdir. Cavabdeh inzibati orqan ləğvi tələb olunan Çıxarışı və Torpaq sahəsinin planı və ölçüsü sənədini tərtib edərkən JN-158 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşmə halını araşdırmamış, nəticədə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətlərə yol vermişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına uyğun olaraq tərtib edilməsi cavabdeh inzibati orqanı reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsindən azad etməmişdir. Həmin sənəd tərtib olunarkən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0,67 ha torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə ********** qeydiyyat nömrəli çıxarışın və A691516 nömrəli plan-ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0,3019 ha hissədə ləğv edilməsi,iddaçıya məxsus naturada mövcud olan 6417 kv.m torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə X3 ümumi birgə mülkiyyət hüququnun qeydə alındığı xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın, A691516 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin JN-165 nömrəli “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən iddiaçının ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi,həmin Dövlət Aktına əsasən verilmiş 0,6417 ha torpaq sahəsi üzərində İddiaçı və X1 ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar