Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1393/2024 02.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsi X1, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax bələdiyyəsinin 06 iyul 2007-ci il tarixli 05 saylı qərarı ilə 476 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qax bələdiyyəsinin 06 iyul 2007-ci il tarixli 05 saylı qərarı ilə 476 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü “ sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-1393/2024 nömrəli qərardadı ilə Qax Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qax şəhəri F.Xoyski küçəsi 4-də yaşayan iddiaçı ərizə ilə Qax Bələdiyyəsinə müraciət edərək yaşadığı ünvanda həyətyanı sahəyə bitişik 476 m torpaq sahəsinin satılmasını xahiş etmişdir. Bunun üçün isə əvvəlcədən İddiaçı tərəfindən Qax Bələdiyyəsinin hesabına həyətyanı torpaq sahəsinin alınması üçün 02 iyul 2007-ci il tarixdə 06 saylı qəbzlə 285.60 manat torpağın dəyəri ödənilmişdir. Qax rayon İcra hakimiyyətinin Tikinti və memarlıq şöbəsi ona 29 yanvar 2007-ci il tarixli 81 saylı rəy təqdim edərək, satılması nəzərdə tutulan torpaq sahəsi şəhərin perspektiv inkişaf planına uyğundur, ərazidə başqa ictimai tikinti nəzərdə tutulmamışdır, torpaq sahəsinin mülkiyyətçisini müəyyən edərək qanuna uyğun qaydada satılmasına etiraz etmədiklərini bildirmişdir. Həmçinin satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik plan və xəritə hazırlanaraq DTXK-nin Qax rayon şöbəsi və Qax Bələdiyyəsi tərəfindən möhürlənərək təsdiq edilmişdir. Qax Bələdiyyəsinin 06 iyul 2007-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı həyətyanı sahəsinə bitişik olan 476 m torpaq sahəsi satılmışdır. Bundan sonra “torpaqların alqısatqısına dair”akt tərtib edilərək Qax Bələdiyyəsi və İddiaçı tərəfindən imzalanaraq DTXKnin Qax rayon şöbəsinə təqdim edilmiş və DTXK-nin Qax rayon şöbəsi öz növbəsindən alqı-satqı müqaviləsini 06 iyul 2007-ci il tarixdə imza və möhürü ilə təsdiq etmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli 06 saylı ödəniş qəbzi, Qax rayon İcra hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin xx.xx.2007-ci il tarixli 81 saylı rəyindən, Qax Bələdiyyəsinin və DTXK-nin Qax rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sxematik plan və xəritəsindən, Qax Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarından, Torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2007-ci il tarixli aktından göründüyü kimi İddiaçı dəyərini ödəməklə sözügedən torpaq sahəsini qeyd olunan sənədlər əsasında almışdır. İddiaçı torpaq sahəsinə olan mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, 12 saylı Şəki Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə imtina məktubu vermişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəyə müraciət etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş ‘Torpaqların alqı-satqısı qaydaları’Tıa əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair akt əlavə edilsə də, aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyatdan keçmədiyi müəyyən olunduğundan, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü -cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Qax Bələdiyyəsinin mülkiyyətinə 285.60 AZN ödəniş edilmişdir.
3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Qax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı 476 kv.m torpaq sahəsi ayrılmışdır.
4. A seriyalı 065919 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı 300.05 kv.m torpaq sahəsi satılmışdır.
5. Qax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı iclas protokolunun çıxarışından görünür ki, İddiaçı 476 kv.m torpaq sahəsi ayrılmışdır.
6. Qax RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2007-ci il tarixli 81 nömrəli məktubundan görünür ki, Şöbə 476 kv.m torpaq sahəsinin həyətyanı bitişik məqsədi üçün satılmasına etiraz etməmişdir.
7. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin məktubundan görünür ki, Şöbə 476 kv.m torpaq sahəsinin həyətyanı bitişik məqsədi üçün satılmasına etiraz etməmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-4310/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ;
Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Qax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə İddiaçı iddia olunan 476 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi hazırda onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması bu barədə qərar, ödəniş qəbzi və torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci il tarixli ödəniş qəbzinə əsasən Qax Bələdiyyəsinin hesabına ödənilmişdir. Təqdim edilən rəydən görünür ki, İddia edilən torpaq sahəsinin döngə nöqtələri, koordinatları və sahəsi təqdim edilmiş yerquruluşu sxemində öz əksini tapmışdır. Torpaq sahəsinin mülkiyyəti bələdiyyə, təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlardır. Sözügedən torpaq sahəsi faktiki olaraq mişar daşı ilə hasarlanıb, iddiaçının isifadəsindədir və daxilində yarımçıq tikili mövcuddur. Faktiki istifadə olunan torpaq sahəsi üst-üstə düşür. Başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür və faktiki olaraq mişar daşı ilə hasarlanıb, iddiaçının isifadəsindədir. İddia olunan torpaq sahəsi daxilində iddiaçıya məxsus günlük və sanitar qovşağı mövcuddur. Məhkəmənin mütəxəssis rəyi ilə bağlı əlavə sorğusu əsasında faktiki istifadə olunan və iddiaçının iddia etdiyi torpaq sahəsinin dəqiq koordinatlarına dair sxem təqdim edilmişdir.İddia tələbi həmin koordinatlara münasibətdə təmin edildiyindən qərarın icrası zamanı cavabdeh inzibati orqan müvafiq texniki sənədi tərtib edərkən nəzərə almalıdır. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinə dair alğı-satqı aktının qeydiyyatdan keçməməsi ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alğı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alğı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə Qax bələdiyyəsinin 06 iyul 2007-ci il tarixli 05 saylı qərarı ilə iddiaçıya ayrılmış 476 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu dövlət qeydiyyatına alınaraq çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə