Məhkəmə qərarları › İş №e-2-1(116)-1429/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1429/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1429/2022 24.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "onun Zaqatalada fəaliyyət göstərən Partiyanın XXİİ qurultayı adına kolxozda işlədiyi 13 il 1 ayı sığorta stajı kimi nəzərə alaraq əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yəni əlilliyə dair aldığı pensiya dayandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Hacıyeva (əvvəlki soyadı Qazıyeva) Səbiət İbrahim qızı xx.xx.1961-ci ildə anadan olmuş və hazırda Zaqatala rayonu Maqov kəndində yaşayır. O, xx.xx.1982-ci ildə X2 ilə ailə qurmuşdur. İddiaçı xx.xx.1983-cü ildə X3, xx.xx.1985-ci ildə X12, xx.xx.1989-cu ildə X9, xx.xx.1991-ci ildə X10, xx.xx.1994-cü ildə X11 adlı uşaqları doğub, onları 8 yaşınadək tərbiyə etmişdir. İddiaçı 1979-1985, 1988-1989, 1991-1996-cı illərdə Zaqatala rayonu Partiyanın XXİİ qurultayı adına kolxozda işləmişdir. 16 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə onda xx.xx.2021-ci ilədək müddətə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Əlillik müddəti başa çatdıqdan sonra cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2021-ci ildən 5 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iş stajı əmək kitabçası əsasında müəyyən edilir. İddiaçının təqdim etdiyi arxiv arayışı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdən sonra onun yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun 13 il 1 ay sığorta stajı vardır. Onun əmək kitabçası olmasa da, stajı arxiv arayışı ilə təsdiq olunur. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********1 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuş və hazırda Zaqatala rayonu Maqov kəndində yaşayır. -İşdə olan "Nikahın bağlanması haqqında şəhadətnamə"nin surətindən görünür ki, X7 xx.xx.1982-ci ildə X2 ilə ailə qurmuş və ona Hacıyeva soyadı verilmişdir. - İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Maqov kənd inzibati ərazi dairəsinin xx.xx.2022-ci il tarixli 229 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü ildə X3, xx.xx.1985-ci ildə X12, xx.xx.1989-cu ildə X9, xx.xx.1991-ci ildə X10, xx.xx.1994-cü ildə X11 adlı uşaqları doğub, onları 8 yaşınadək tərbiyə etmişdir. - İşdə olan Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 663 nömrəli arxiv arayışından görünür ki, Qazıyeva-İddiaçı 1979-1985, 1988- 1989, 1991-1996-cı illərdə Zaqatala rayonu Partiyanın XXİİ qurultayı adına kolxozda işləmişdir. - İşdə olan 16 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016cı il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci ilədək müddətə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya 5 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi xx.xx.2021-ci ildən yaşa görə müavinət təyin edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli üçün pensiya qanunvericiliyinin iddiaçının pensiya yaşına çatdığı vaxt qüvvədə olan normaları tətbiq edilməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilirdi ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Sözügedən Qanunun 8.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sadalanan normalara görə, 2016-cı ildə qadınlar üçün ümumi pensiya yaşı 60 yaş, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar üçün isə 5 il azaldılmaqla 55 yaş olmuşdur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 55 yaşına xx.xx.2016-cı ildə çatmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ikinci şərt onun azı 10 il sığorta stajının olmasıdır. İddiaçı sığorta stajını təsdiq edən sənəd kimi məhkəməyə Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 663 nömrəli arxiv arayışını təqdim etmişdir. Cavabdeh həmin arxiv arayışındakı hər hansı məlumatın həqiqiliyi ilə bağlı irad bildirməsə də, ümumilikdə arayışı qəbul etməkdən imtina etmiş və bunu belə izah etmişdir ki, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci bəndinin 1-ci abzasına görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının müəyyən edilməsinin əsaslarından biri kimi xx.xx.2006-cı ilədək olan dövr üzrə əmək fəaliyyəti barədə dövlət arxivinin arayışı nəzərdə tutulmuşdur. Bundan başqa, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin ikinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin maddənin səkkizinci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göstərilən Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 663 nömrəli arxiv arayışından görünür ki, o, Zaqatala rayonu Partiyanın XXİİ qurultayı adına kolxozda 1979-cu ildə 295 adam/gün, 1980-cı ildə 340 adam/gün, 1981-ci ildə 225 adam/gün, 1982-ci ildə 220 adam/gün, 1983-cü ildə 193 adam/gün, 1984-cü ildə 172 adam/gün, 1985-ci ildə 120 adam/gün, 1988-ci ildə 256 adam/gün, 1989-cu ildə 210 adam/gün, 1991-ci ildə 233 adam/gün, 1992-ci ildə 30 adam/gün, 1993-cü ildə 248 adam/gün, 1994-cü ildə 191 adam/gün, 1995-ci ildə 220 adam/gün, 1996-cı ildə 108 adam/gün işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1979-1989-cu illərdə 200 adam/gün, 1991- 1996-cı illərdə 180 adam/gün müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının kolxozda müəyyən edilmiş əmək iştirakı minimumunu yerinə yetirdiyi illərin sayı 10 ildir (1979-1982, 1988-1991, 1993- 1995). Qalan illərdə onun iş stajı minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla 3 il 2 ay 9 gün, bu müddətlərin cəmi isə 13 il 2 ay 9 gün təşkil edir. Həmin sosial sığorta stajı ona yuxarıda göstərilən vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində sosial sığorta stajının cəmini 13 il 1 ay kimi göstərsə də, bu, hesablama səhvidir və 10 il müddət iddianın təmin edilməsinə kifayət etdiyinə görə həmin səhv hazırkı mübahisənin həllinə təsir göstərmir. Bundan başqa, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinin başlanğıcı kimi yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı günü, yəni aldığı əlilliyə görə pensiyanın dayandırıldığı tarixi göstərmişdir. Müəyyən edildi ki, iddiaçının əlilliyi xx.xx.2021-ci ilədək müəyyən edildiyinə görə o, əlilliyə görə əmək pendiyasını həmin tarixədək almış və ona yaşa görə müavinət xx.xx.2021-ci ildən təyin edilmişdir. Ona görə də iddia təmin edilməli, iddiaçıya xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar