Məhkəmə qərarları › İş №e-2-1(116)-1447/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1447/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1447/2023 11.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı Hüsənoviç oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Hüsənoviçin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İş üzrə üçüncü şəxs Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 01 iyul 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 216 nömrəli reyestr kitabının, 62-ci vərəqində aparılmış qeydiyyatın “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın” ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə üçüncü şəxs Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 01 iyul 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 216 nömrəli reyestr kitabının, 62-ci vərəqində aparılmış qeydiyyatın, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın” ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1447/2023 saylı qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki,Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı Hüsənoviçin mülkiyyət hüququ qeydə alınaraq ona RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(033)-914/2019 saylı qətnaməsi ilə hazırki iş üzrə üçüncü şəxs Maraqlı şəxs İddiaçı Hüseynoviçə və digərlərinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilib. Üçüncü şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(107)-362/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qatnamə qəbul edilməklə iddia təmin olunub, İddiaçı adına verilmiş 13 noyabr 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışın ləğv edilməsi, həmçinin, İddiaçılə Ramazan Serov arasında 0,401 ha torpaq sahəsinə dair notarial qaydada bağışlanmış 10 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2020-ci il tarixli, 2(107)-362/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Hazırda ləğvi tələb olunan çıxarış yuxarıda qeyd olunan məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra verilmişdir.İddiaçı həmin çıxarışın ləğvi barədə cavabdehə müraciət etmiş,tələbin icrasından imtina etdiyindən hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını sözügedən çıxarışın ləğv edilməsi səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmini edilməməsini xahiş etdi İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2018-cı il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0.4010 ha torpaq sahəsi üzərində İddiaçı Hüşənovişin tam xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-cı il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0.4010 ha torpaq sahəsi üzərində Maraqlı şəxs tam xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-(033)984/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı və cavabdeh İddiaçı Hüşənovişin ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,82 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı və 0,20 ha həyətyanı təyinatlı torpaq sahəsləri üzərində hər birinin payı yəni ½ hissə müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-3975/2020 nömrəli qərarından görünür ki, İddiaçı Hüşənoviş tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-362/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunan təsərrüfatbaşına kitabdan çıxarış. Əsaslandırma hissəsi: Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli aşağıdakı hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan işin hallarından müəyyən olunur ki, ləğvi tələb olunan Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 01 iyul 2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanuni əsaslarla verilmişdir.Belə ki, qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-(033)984/2018 saylı qətnaməsinə əsasən İddiaçı və Maraqlı şəxs Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,82 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı və 0,20 ha həyətyanı təyinatlı torpaq sahələri üzərində hər birinin payı yəni ½ hissə müəyyən edilmişdir.Bundan sonra iddiaçı tərəfindən həmin torpaq sahəsinin 0.4010 ha hissəsi Ramazan Serova satılmış,bağlanan alğı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edildiyindən hazırda hüquqi nəticələr yaratmır. Zaqatala rayonu Danaçı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışından da görünür ki, Maraqlı şəxs torpaq islahatı zamanı verilən 0,41 ha torpaq sahəsi islahat zamanı əri olmuş İddiaçı aid təsərrüfatdan verilmişdir.Məhkəmə,araşdırılan işin hallarına və sənədlərə qiymət verərək hesab edir ki,mübahisəli torpaq sahəsi aqrar islahat zamanı hazırkı iş üzrə iddiaçı və üçüncü şəxsə verilmiş,onların paylı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsinin qanuni əsasları öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki,üçüncü şəxsə məxsus çıxarış qanuna əsasən tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Hüsənoviçin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İş üzrə üçüncü şəxs Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 01 iyul 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 216 nömrəli reyestr kitabının, 62-ci vərəqində aparılmış qeydiyyatın “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın” ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar