Məhkəmə qərarları › İş №e-2-1(116)-1459/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1459/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1459/2023 19.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı “Balakən Rayonu İcra Hakimiyyəti başçısının 08 dekabr 2022-ci il tarixli 171 nömrəli sərəncamının ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Balakən Rayonu İcra Hakimiyyəti başçısının 08 dekabr 2022-ci il tarixli 171 nömrəli sərəncamının ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, 30 avqust 2014-cü il tarixdə Ukrayna şəhərində yerləşən X8 və Menecment Universitetini bitirmiş, ona maliyyə və kredit ixtisas dərəcəsi verilərək adına Дİ nömrəli 047432 nömrəli diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2015-ci il tarixdə iddiaçıya məxsus diploma ekvivalent olan şəhadətnamə verilmiş, 005044 nömrə ilə qeydiyyata alınmış, eyni zamanda Дİ nömrəli 047432 nömrəli diplom Azərbaycan Respublikasında tanınaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 006767 nömrəli şəhadətnamə təqdim edilmişdir. Balakən Rayonu İcra Hakimiyyəti başçısının 06 sentyabr 2016-cı il tarixli 119 nömrəli əmrinə əsasən, Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin edilmiş, 05 iyul 2017-ci il tarixdə daimi dövlət qulluğuna qəbul edilmiş, eyni zamanda ona inzibati vəzifələrin Vİİ təsnifatı üzrə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Cavabdeh inzibati orqanın 08 dekabr 2022-ci il tarixli 171 nömrəli sərəncamına əsasən, iddiaçının “Yerli İcra hakimiyyəti haqqında” Əsasnamənin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq işə qəbul edildiyi əsas götürülməkə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Sərəncamın qəbul edilməsinə əsas kimi, X2 17 noyabr 2022-ci il tarixli məktubu göstərilmişdir. Sözügedən sərəncam iddiaçıya rəsmi təqdim edildikdən sonra o, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilk öncə mediatora müraciət etmiş, lakin tərəflər arasında barışığın əldə edilməsi, iddiaçının təkrar işə bərpa olunması mümkün olmamışdır. Bu səbəbli mediator tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı Daanov X5 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 119 saylı əmri ilə stajçı kimi, xx.xx.2017ci il tarixli 35 saylı əmri ilə 3 ay sınaq müddəti ilə, xx.xx.2017-ci il tarixli 75 saylı əmri ilə daimi dövlət qulluğuna qəbul edilməklə rayon icra hakimiyyəti başçısının Tülü Kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin edilmiş, ona 05.07 2017-ci il tarixli 76 saylı Əmri ilə inzibati vəzifələrin yeddinci təsnifatı üzrə “kiçik dövlət qulluqçusu" ixtisas dərəcəsi, xx.xx.2022-ci il tarixli əmri ilə inzibati vəzifələrin yeddinci təsnifatı üzrə “3-cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir RİH başçısının xx.xx.2022-cı il tarixli 171 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.10 ,4.1.8. bəndləri və “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.4 maddəsi rəhbər tutularaq Azərbaycan Respublikası X2 17.11 2022-ci il tarixli PMŞ/3- 2-2022-3266 saylı məktubuna əsasən İddiaçı dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.10. bəndi ilə müəyyən edilmişdir ki, yerli icra hakimiyyəti başçısının aparatında, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda işləyən dövlət qulluqçularının qulluqkeçmə qaydası “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 13.2 maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. İddiaçı iddia ərizəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27.3 maddəsinə istinad edərək dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olubolmamasının qabaqcadan yoxlanılmalı olduğunu bildirmişdir. “Dövlət qulluğu haqqında” Qanunda və “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydalar”ının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanında dövlət qulluğuna qəbul edilmək istəyən şəxsin müvafiq ali təhsil alması barədə təqdim etdiyi sənədin yoxlanılması tələbi qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.28-ci yanmbəndinə əsasən Mərkəz dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir və bu barədə hesabat hazırlayır, 2.1.29-cu yarımbəndinə əsasən dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər verir, 2.1.34-cü yarımbəndinə uyğun olaraq isə dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. 2022-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının X7 tərəfindən Balakən Rayon İcra Hakimiyyəti başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində çalışan İddiaçı Ukrayna Respublikası X3 və Menecment Universitetini bitirdiyinə dair diplom əsasında ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin dövlət nümunəli sənəd olmaması barədə Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə bildiriş göndərilmiş (eyni zamanda digər bir nəfər barəsində) və şifahi şəkildə həmin dövlət qulluqçuları barəsində aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir. Bununla əlaqədar həmin şəxslər RİH-ə dəvət edilərək onlara müvafiq məlumat verilmiş və yarana biləcək hüquqi nəticələr izah edilmişdir. Azərbaycan Respublikası X7 tərəfindən Balakən Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022-ci i! tarixli PMŞ/3-2-2022-3266 saylı məktubda Tülü kənd inzibati ərazi üzrə nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan İddiaçı adına yazıldığı qeyd edilmiş 047432 nömrəli təhsil sənədinin tanınması haqqında dövlət orqanına təqdim edilmiş ******* qeydiyyat nömrəli şəhadətnamənin araşdırılması üçün Mərkəz tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilmiş, sorğuya cavab olaraq həmin şəhadətnamələrin Elm və Təhsil Nazirliyi (əvvəlki Təhsil Nazirliyi) tərəfindən təqdim edilməməsinin bildirildiyi, əmələ hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlandığı qeyd edilmişdir. Məktubda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə (inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır) əsasən müvafiq tədbir görülməsi xahiş edilmişdir (məktubun təsdiq edilmiş surəti etiraza əlavə olunur). Balakən RİH-in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xx.xx.2022-ci il tarixli müraciətinə Agentlik tərəfindən cavab olaraq vətəndaş İddiaçı Ukraynanın X3 və İdarəetmə Universitetindən əidə etdiyi xarici ali təhsil ixtisasının tanınmaması haqqında xx.xx.2017-ci il tarixdə qərar qəbul edildiyi, ona müvafiq şəhadətnamənin təqdim olunmadığı bildirilmişdir (məktubun təsdiq edilmiş surəti etiraza əlavə olunur). xx.xx.2022-ci ildə Balakən RİH ilk həmkarlar ittifaqı komitəsinin iclası keçirilmiş,” X2 Balakən Rayon İcra Hakimiyyəti başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi İddiaçı və Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi X1 adına yazılmış təhsil sənədinin tanınması haqqında RİH-ə təqdim edilmiş şəhadətnamələrin Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilməməsi barədə PMŞ/3- 2-2022-3266 nömrəli 17 noyabr 2022-ci il tarixli məktubuna əsasən adları qeyd edilən şəxslər “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq işə qəbul edildiklərinə görə onların dövlət qulluğuna və onlarla bağlanılmış müddətsiz əmək müqavilələrinə xitam verilməsi məsələsinə münasibət bildirilməsi və müvafiq qərarın verilməsi”məsələsi müzakirə edilmiş, qeyd edilən şəxslərlə bağlanılmış müddətsiz əmək müqavilələrinə xitam verilməsinə razılıq verilmiş, bu barədə qərar RİH başçısına təqdim olunmuşdur. Müvafiq qaydada dəvət edilməsinə baxmayaraq İddiaçı səhhəti ilə əlaqədar iclasda iştirak etməmişdir. İddiaçı iddiasında müvafiq sərəncamda “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq işə qəbul edildiyi əsas göstərilsə də, həmin pozuntunun nədə ifadə olunmasının əsaslandırılmadığını bildirir. Sərəncamda qanunun 33.1.4-cü maddəsinə istinad olunur. Həmin maddəyə əsasən dövlət qulluqçusu qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildiyi halda onun dövlət qulluğuna xitam verilə bilər. İddiaçı dövlət qulluğuna daxil olarkən təqdim etdiyi şəhadətnamənin Elm və Təhsil Nazirliyi (əvvəlki Təhsil Nazirliyi) tərəfindən təqdim olunmaması barədə RİH-ə rəsmi məlumat daxil olduğu daha əvvəl də bildirilmiş, yarana biləcək hüquqi nəticələr, o cümlədən dövlət qulluğuna xitam verilə biləcəyi ona izah olunmuşdu. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. - iddiaçı tərəfindən təqdim edilmiş 006767 qeydiyyat nömrəli Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2014-cü ildə verilmiş X3 və menecment Universitetinin (Ukrayna) Дİ seriyalı 047432 nömrəli diplomun Azərbaycan Respblikasına tanınması qeyd edilmişdir (005044 nömrəli Şəhadətnamədə ixtisas – “maliyyə və kredit” göstərilmişdir). - Balakən rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli 119 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək stajçı kimi Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin edilmişdir. - Balakən rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 35 nömrəli əmrindən görünür ki, İddiaçı 29 mart 2017-ci il tarixdən 29 iyun 2017-ci il tarixədək 3 ay sınaq müddəti ilə Balakən RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin edilmişdir. - Balakən rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 75 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən daimi dövlət qulluğuna qəbul edilmiş və Balakən rayon İcra Hakimiyyəti başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin edilmişdir. - Balakən rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 76 nömrəli əmrindən görünür ki, Balakən rayon İcra Hakimiyyəti başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi İddiaçı kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, rayon İcra Hakimiyyəti başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi İddiaçı xx.xx.2017-ci il tarixə 10 ay dövlət qulluğu stajı nəzərə alınmışdır. - Balakən rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 90 nömrəli RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi barədə əmrindən görünür ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının Tülü kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi İddiaçı inzibati vəzifələrin yeddinci təsnifatı üzrə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - Balakən rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 171 nömrəli sərəncamından görünür ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçı-baş mühasibi İddiaçı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq işə qəbul edildiyi müəyyən olunduğuna görə onun dövlət qulluğuna və onunla bağlanılmış müddətsiz əmək müqaviləsinə 08 dekabr 2022-ci il tarixdən xitam verilmişdir. - X2 Balakən İcra Hakimiyyətinin Başçısına ünvanladığı xx.xx.2022-ci il tarixli PHŞ/3-2-2022-3266 nömrəli məktubundan görünür ki, Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan İddiaçı adına yazıldığı qeyd edilmiş Дİ seriyalı 047432 nömrəli təhsil sənədinin araşdırılması üçün X7 tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, həmin şəhadətnamə Elm və Təhsil Nazirliyi (əvvəlki Təhsil Nazirliyi) tərəfindən təqdim edilməmişdir. Əmələ hüquqi qiymətin verilməsi üçün hər iki hal barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlanmışdır. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili, yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır. Qeyd edilənləri nəzərə alaraq, qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülməsi xahiş edilmişdir. - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Balakən İcra Hakimiyyətinin Başçısına ünvanladığı xx.xx.2022-ci il tarixli 00-03-862/TKTA nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Ukraynanın X3 və İdarəetmə Universitetindən əldə etdiyi xarici ali təhsil ixtisasının tanınmaması haqqında xx.xx.2017-ci il tarixində qərar qəbul edilmişdir. - Balakən rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 01-1840 nömrəli məktubundan görünür ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi İddiaçı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 2.10-cu bəndi və “Dövlət qulluğu haqqında’’ Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsi rəhbər tutulmaqla vəzifəsindən azad edilməsinə razılıq verilməsi məsələsinin Balakən RİH ilk həmkarlar ittifaqı təşkilatının yığıncağında müzakirə edərək nəticəsini rayon icra hakiyyətinə bildirilməsi tapşırılmışdır. - Balakən Rayon icra Hakimiyyəti ilk həmkarlar ittifaqı komitəsinin xx.xx.2022-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, X2 Balakən Rayon İcra Hakimiyyəti başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi İddiaçı və Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi X1 adına yazılmış təhsil sənədinin tanınması haqqında RİH-ə təqdim edilmiş şəhadətnamələrin Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilməməsi barədə PMŞ/3- 2-2022-3266 nömrəli 17 noyabr 2022-ci il tarixli məktubuna əsasən adları qeyd edilən şəxslər “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq işə qəbul edildiklərinə görə onların dövlət qulluğuna və onlarla bağlanılmış müddətsiz əmək müqavilələrinə xitam verilməsinə razılıq verilmişdir. - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023-cü il tarixli 3-2961/2-284/2023 nömrəli məktubundan görünür ki, aparılan icraat zamanı bakalavriat təhsil səviyyəsinin tədris normativləri üzrə tələb olunan müddətin qarşılığında ərizəçinin həmin ölkədə olmadığı müəyyən edilmişdir. Nəticə etibarilə, onun diplom əlavəsində qeyd olunmuş tədris yükünün yerinə yetirilməsi mümkünsüz sayılmış və iddiaçıya tanınma haqqında şəhadətnamələrin verilməsindən xx.xx.2017-ci il tarixli qərarla imtina edilmişdir. - həmin məktuba əlavə olunmuş iddiaçıya ünvanlanan məktubdan görünür ki, Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası X3 və Menecment Universitetinin tədris normativi üzrə təhsil almaq uçun tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3 6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu qaydaların 3.7-ci bəndinə əsasən 3 6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənləri nəzərə alaraq Qaydaların 3 7-ci bəndinə əsasən, Ukrayna Respublikası X3 və Menecment Universiteti tərəfindən iddiaçının adına verilmiş Dİ 047432 nömrəli, 30.08 2014-cü il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə teleqram göndərərk, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən əmr xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya sesiyasının keçirələcəyi vaxt xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsində əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın tətbiq edilməsi nəzərdə tutulduğundan və iddiaçının ilkin mediasiya üçün müraciət etdiyi tarixədək, o cümlədən mediasiyanın baş tutmadığı tarixdən məhkəməyə müraciət etdiyi tarixədək ötən müddət 1 aydan az olduğundan məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2022-ci il tarixli 171 nömrəli sərəncamının ləğv edilməsinə, Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə bərpa edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsinə nail olmaqdır. Lakin, iddia əsassızdır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 9. Dövlət qulluğu vəzifəsinin anlayışı Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. Maddə 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: -33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının adına verilmiş Dİ 047432 nömrəli, 30.08 2014-cü il tarixli diplomun tanınmasından imtina edilərkən qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı” ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” (iddiaçıya ): 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 4.1. Xarici dövlətin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamə Azərbaycan Respublikasının təhsil naziri tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir, ərizəçiyə və ya onu müvafiq qaydada rəsmi təmsil edən şəxsə verilir yaxud da bildirişli poçtla göndərilir (1 və 2 nömrəli əlavələr). 4.2. Tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər. İş materiallarından görünür ki, Balakən rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli 119 nömrəli əmri ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək stajçı kimi Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin edilərkən onun təqdim etdiyi 006767 qeydiyyat nömrəli Şəhadətnamə nəzərə alınmışdır. Belə ki, sözügedən Şəhadətnamədə iddiaçıya xx.xx.2014-cü ildə verilmiş X3 və menecment Universitetinin (Ukrayna) Дİ seriyalı 047432 nömrəli diplomun Azərbaycan Respblikasına tanınması (005044 nömrəli Şəhadətnamədə ixtisas – “maliyyə və kredit” göstərilmişdir) öz əksini tapmışdır. İddiaçı dövlət qulluğuna qəbul olunan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 5 fevral tarixli 522 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması” Qaydalarının 1-ci bəndində qeyd edilir ki, bu “Qaydalar” “dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa, dövlət qulluğu və kadrlarla iş sahəsinə aid digər normativ hüquqi aktlara uyğun hazırlanmışdır və dövlət qulluqçusunun fərdi məlumatlarının toplanması, işlənilməsi, saxlanılması, istifadə edilməsi və onların əsasında dövlət qulluqçusunun şəxsi işinin tərtibi qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən, dövlət qulluqçusunun fərdi məlumatları onun şəxsi və xidməti keyfiyyətlərinə aid olan, şəxsi və ailə həyatının sirrinin təşkil etməyən məlumatlardan ibarət olmaqla, onun şəxsiyyətini identifikasiya etməyə imkan verən, şəxsi işindəki, yaxud həyatında baş vermiş və bu Qaydalara əsasən onun şəxsi işinə daxil edilməli olan hadisələr haqqında informasiyanı əhatə edir. Qaydaların 7-ci bəndində qeyd edilir ki, dövlət qulluqçusunun fərdi məlumatları şəxsən özündən alınır... Cavabdeh orqan iddiaçının təqdim etdiyi 006767 qeydiyyat nömrəli Şəhadətnaməni onun müvafiq ali təhsilinin mövcudluğunu sübut edən sənəd kimi qəbul etmiş və həmin dövrdə sözügedən sənədin mötəbərliyi ilə bağlı hər hansı hər hansı şübhə mövcud olmamışdır. Daha sonra X7 tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavabdeh orqana məlumat verilərək bildirilmişdir ki, iddiaçının adına yazıldığı qeyd edilmiş Дİ seriyalı 047432 nömrəli Şəhadətnamə Elm və Təhsil Nazirliyi (əvvəlki Təhsil Nazirliyi) tərəfindən təqdim edilməmişdir. Belə olan halda cavabdeh orqan tərəfindən haqlı olaraq iddiaçı tərəfindən işə qəbul edilən zaman təqdim edilmiş Дİ seriyalı 047432 nömrəli Şəhadətnamənin mötəbərliyi yoxlanılmış və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli 00-03-862/TKTA nömrəli məktubu ilə müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçının Ukraynanın X3 və İdarəetmə Universitetindən aldığı ali təhsil ixtisasının tanınmaması haqqında xx.xx.2017-ci il tarixində qərar qəbul edilmişdir. Bunun əsasında da, cavabdeh orqan iddiaçının qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilməsi qənaətinə gələrək mübahisələndirilən inzibati aktı qəbul etmişdir. Məhkəmə araşdırması zamanı da yuxarıda qeyd edilən hallar öz təsdiqini tapmış, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023-cü il tarixli 3-2961/2-284/2023 nömrəli məktubunda bildirmişdir ki, aparılan icraat zamanı bakalavriat təhsil səviyyəsinin tədris normativləri üzrə tələb olunan müddətin qarşılığında ərizəçinin həmin ölkədə olmadığı müəyyən edilmişdir. Nəticə etibarilə, onun diplom əlavəsində qeyd olunmuş tədris yükünün yerinə yetirilməsi mümkünsüz sayılmış və iddiaçıya tanınma haqqında şəhadətnamələrin verilməsindən xx.xx.2017-ci il tarixli qərarla imtina edilmişdir. Həmin məktuba əlavə olunmuş iddiaçıya ünvanlanan məktubdan görünür ki, iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi barədə ona məlumat verilmiş və faktiki olaraq iddiaçının ona verilmiş diplomun tanınmasından imtina edilməsindən məlumatı olmuşdur. Beləliklə, işin yuxarıda qeyd edilən halları ilə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan, həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu - iddiaçıya məxsus diplomun tanınmamasını və iddiaçı tərəfindən işə qəbul ediliyi zaman təqdim edilmiş Şəhadətnamənin hüquqi əsasının olmamasını sübut etmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da bu fakt öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçının işə qəbul edilən zaman təqdim etdiyi 006767 qeydiyyat nömrəli Şəhadətnamənin hüquqi əsası müəyyən edilmədiyindən, həmin Şəhadətnamə və diplom iddiaçının müvafiq əmək fəaliyyətinə başlamaq və inzibati vəzifə tutmaq üçün əsas kimi çıxış edə bilməz. Bu səbəbdən cavabdeh inzibati orqan “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun 33.1.4-ci (qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə) maddəsinə istinad etməklə iddiaçının dövlət qulluğuna xitam verməkdə haqlı olmuşdur. Belə ki, istinad edilən qanunun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır və iddiaçıya münasibətdə müvafiq ali təhsilin mövcudluğu ilə bağlı şərt yerinə yetirilmir. İnzibati İcraat Haqqında” Qanun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı “Balakən Rayonu İcra Hakimiyyəti başçısının 08 dekabr 2022-ci il tarixli 171 nömrəli sərəncamının ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar