Məhkəmə qərarları › İş №e-2-1(116)-1495/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(116)-1495/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(116)-1495/2023 05.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı ”Şəki şəhəri X7 küçəsi 66 ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.2008-ci il tarixli “Texniki pasport”unun ləğv edilməsi, “Texniki pasport”da göstərilmiş 825 kv.m zəbt torpaq sahəsini çıxmaqla, yalnız qanuni istifadədə olan 300 kv.m torpaq sahəsini göstərməklə yeni “Texniki pasport”un işlənib verilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək ”Şəki şəhəri X7 küçəsi 66 ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.2008-ci il tarixli “Texniki pasport”unun ləğv edilməsi, “Texniki pasport”da göstərilmiş 825 kv.m zəbt torpaq sahəsini çıxmaqla, yalnız qanuni istifadədə olan 300 kv.m torpaq sahəsini göstərməklə yeni “Texniki pasport”un işlənib verilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizənin əsaslarına görə,iddiaçının oğlu X3 mülkiyyətində olan Şəki şəhəri X7 küçəsi 66 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. Uzun müddət oğlu ilə birgə həmin evdə yaşamışdır. Bir neçə il öncə X4 və "xxxx" QSC-e arasında kredit müqaviləsi bağlanmışdır. Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün, ipotekanın predmeti yaşadığı ev olmaqla, X4 və "xxxx" QSC-e arasında ipoteka müqaviləsi bağlanmışdır. Bir müddət sonra, azadlıqdan məhrum olunduğuna görə, oğlu bank qarşısında ödəliklərini yerinə yetirə bilməmişdir. Bu səbəbdən yaşadığı ev "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. "xxxx" QSC-nin ev üzərində hüquqları rəsmiləşdirilmiş, yeni Çıxarış verilmiş, Texniki pasport isə dəyişdirilməmişdir. "xxxx" QSC-e sözü gedən fərdi yaşayış evinin boşaldılmasını tələb etdikdən sonra, o özünü və oğlunun ailə üzvlərini yaşayış sahəsi ilə təmin etmək üçün, evin sərhəddində yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin satın alınması ilə bağlı Şəki Bələdiyyəsinə müraciət etmişdir.Araşdırma zamanı məlum olmuşdur ki, əldə etmək istədiyi torpaq sahəsi Bələdiyyənin mülkiyyətidir və 825 kv.m. təşkil edir, zəbt torpaq sahəsi kimi "xxxx" QSC-nin mülkiyyətinə keçmiş evin Texniki pasportuna daxil edilmişdir. Şəki Bələdiyyəsi 825 kv.m. torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz etməmiş, "xxxx" QSC-e isə torpaq sahəsinin ona aid olmasını bildirmişdir. X4 və "xxxx" QSC-e arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, bu müqavilənin predmetini yalnız 0,03 ha (300 kv.m.) və burada yerləşən fərdi yaşayış evi təşkil etmişdir. Yəni, Texniki pasportda göstərilmiş 825 kv.m. torpaq sahəsi yüklü edilməmişdir. Belə ki, heç bir şəsx özünə məxsus olmayan bir torpaq sahəsi üzərində sərəncam verə bilməz. Hesab edir ki, sözü gedən torpaq sahəsinin "xxxx" QSC-nin mülkiyyətinə keçmiş evin Texniki pasportuna daxil edilməsi, həmin sahə üzərində Şəki Bələdiyyəsinin hüquqlarını məhdudlaşdırıla bilməz. Torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin hüquqlarının məhdudlaşdırılması, bu torpaq sahəsini əldə etmək hüququ olan vətəndaşlarında, o cümlədən onunda, mənafeyinə toxunur. Hesab edirəm ki, Şəki şəhəri X7 küçəsi 66 ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.2008-ci il tarixli “Texniki pasport”u ləğv edilməli, “Texniki pasport”da göstərilmiş 825 kv.m. zəbt torpaq sahəsi çıxarılmaqla, yalnız qanuni istifadədə olan 300 kv.m. torpaq sahəsi göstərməklə yeni “Texniki pasport” işlənib verilməlidir. O, sözü gedən məsələ ilə bağlı DƏDKRX-nın 12 saylı Şəki Şrazi İdarəsinə müraciət etmiş, müraciətim təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin iddia tələbinə rəsmi münasibətinə uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir :

1. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırda sözügedən fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" QSC-dir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78.3 kv. m yaşayış, 90.6 kv. m köməkçi sahədən ibrarət 66 nömrəli fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 176 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. X4 ilə "xxxx" QSC-i arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15M000000645 nömrəli ipoteka müqaviləsi; Məhkəmə, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Belə ki, MH seriyalı,0007968 nömrəli Dövlət reyestrindən Çıxarışın və xx.xx.2008-ci il tarixli texniki pasportunun surətindən görünür ki, Şəki şəhəri X7 küçəsi 66 ünvanda yerləşən fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur.Mülkiyyətçi ipoteka müqaviləsi əsasında öz mülkiyyətini ipotek ilə yüklü etmiş və mülki hüquqi nəticələr yaranmışdır. Hazırda "xxxx" QSC-nin həmin əmlka və torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnu mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ mövcud deyildir.İddia subyektiv hüququ olan şəxs tərəfindən irəli sürülsə idi belə hazırkı mübahisə inzibati mübahisə predmeti olmadığından işə baxılması ümumi məhkəmədə baxılmalı olduğundan mümkün hesab olunmayacaqdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iddiaçının mübahisəli yaşayış evi və torpaq sahəsinə dair hər hansı hüququ müəyyən edilmədiyindən hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən iddia mümkün hesab edilməməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddiaçıların hazırkı iddia tələbi üzrə subyektiv hüquqları mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,

qərara aldı :

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı ”Şəki şəhəri X7 küçəsi 66 ünvanda yerləşən fərdi yaşayış evinin xx.xx.2008-ci il tarixli “Texniki pasport”unun ləğv edilməsi, “Texniki pasport”da göstərilmiş 825 kv.m zəbt torpaq sahəsini çıxmaqla, yalnız qanuni istifadədə olan 300 kv.m torpaq sahəsini göstərməklə yeni “Texniki pasport”un işlənib verilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar