Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1510/2023 11.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “XXİİİ partiya qurultayı adına kolxozun 4 yanvar 1978-ci il tarixli 10 nömrəli heyət iclasının qərarına və 236 inventar nömrəli, sentyabr 1987-ci il tarixli texniki pasporta əsasən 646 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “XXİİİ partiya qurultayı adına kolxozun 4 yanvar 1978-ci il tarixli 10 nömrəli heyət iclasından Çıxarışa əsasən X5 məxsus torpaq sahəsindən oğlu İddiaçı ev tikdirmək üçün verilən və adına Texniki Pasport işlənən 700 kv.m (007 hektar) torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “XXİİİ partiya qurultayı adına kolxozun 4 yanvar 1978-ci il tarixli 10 nömrəli heyət iclasının qərarına və 236 inventar nömrəli, sentyabr 1987-ci il tarixli texniki pasporta əsasən 646 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə XXİİİ partiya qurultayı adına kolxozun 4 yanvar 1978-ci il tarixli 10 nömrəli heyət iclasından Çıxarışa əsasən Kiş kənd sakini X1 ərizəsi nəzərə alınarq özünə məxsus olan həyətyanı torpaq sahəsindən 007 hektarı torpaq sahəsi oğlu İddiaçı ev tikdirmək üçün verilmişdir. Həmin qərar əsasında da İddiaçı ona ayrılıb verilən 0,07 hektar (700 kv.m) torpaq sahəsində 1980-cı ildə yaşayış evi tikmişdir. Qeyd edilən 700 kv.m torpaq sahəsi və onun üzərində tikdirdiyi fərdi yaşayış evinə sentyabr 1987-ci il tarixdə Mənzil Kommunal Nazirliyi Rayonlararası Texniki İnventarizasiya Bürosu tərəfindən X2 adına İnventar nömrəsi 236 olan X19 X27 X13 işlənib verilmişdir. X15 əsasən ayrılıb verilən torpaq sahəsinin sənəd üzrə 700,0 kv.m, faktiki 633,3 kv.m, tikinti altı sahəsinin 138,1 kv.m olduğu qeyd edilmiş, evin 1 mərtəbəli 2 otaqdan ibarət olduğu göstərilmişdir. X7 daha sonra işlə əlaqədar Rusiya Federasiyasına getmiş, uzun müddət Rusiyada yaşadığından və işlədiyindən Rusiya vətəndaşlığını qəbul etmiş, evi və torpaq sahəsini sənədləşdirə bilməmişdir. Hazırda həmin torpaq sahəsi və evin sənədləşməsi zərurəti yaranmışdır. Bunun üçün isə əvvəlcə X3 atası X5 məxsus həyətyanı sahədən ayrılmış 700 kv.m torpaq sahəsinin reyestrdə qeydə alınaraq sənədləşməsi və adına reyestrdən çıxarış verilməsi lazımdır. Bununla əlaqədar cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı etibarnamə (AR-İİ №798250) üzrə nümayəndəsi X12 11 noyabr 2022-ci il tarixdə ərizə ilə (daxilolma NQ-Sİ **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, XXİİİ partiya qurultayı adına kolxozun 4 yanvar 1978-ci il tarixli 10 nömrəli heyət iclasından çıxarış qərarına əsasən fərdi yaşayış evi tikmək üçün Şəki rayonunun Kiş kəndi ərazisindən həmin vaxt Azərbaycan Respublikasının vətəndaşı olmuş İddiaçı verilən 0,07 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin, Torpaq Məcəlləsinin 48.3-cü maddəsinin tələblərinə əsasən xarici ölkə vətəndaşının Azərbaycan Respublikasında torpaq sahəsini yalnız icarə hüququ əsasında əldə edə biləcəyi nəzərdə tutulduğu əsas götürülərək vətəndaşa xx.xx.2022-ci il tarixli **********07 NQ-İİ imtina məktubu verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nın 2.5-ci bəndinə əsasən yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olsa da, iddiaçı hazırda Rusiya Federasiyasının vətəndaşı olduğundan onun Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyildir. Belə ki, Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Qeyd olunmalıdır ki, Torpaq Məcəlləsinin 49-cu maddəsində əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının yalnız vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçdikdə bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə dövlət qeydiyyatına alına biləcəyi göstərilsə də, iddia olunan torpaq sahəsi iddiaçıya nə vərəsəlik, nə bağışlama, nə də ipoteka əqdi nəticəsində keçməmiş, habelə qanunvericilikdə əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları ilə bağlı norma öz əksini tapmamışdır. Göstərilənlərə əsasən, "XXİİİ partiya qurultayı” adına kolxozun 04 yanvar 1978-ci il tarixli 10 nömrəli heyət iclasından çıxarış qərarına əsasən İddiaçı Kiş kəndi ərazisindən ayrılmış 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 30 AA1282541 nömrəli etibarnamədən və 12 03 826070 nömrəli pasportdan görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. - X21 Filialının xx.xx.2023-cü iltarixli məktubuna əlavə olunmuş Şəki rayonu Xİİİ partiya qurultayı adına kolxozun xx.xx.1978-ci il tarixli 10 nömrəli qərarından görünür ki, Kiş kəndinin ərazisindən X5 0,07 ha torpaq sahəsi ayrılmışdır. - 1987-ci ilin sentyabr ayında tərtib olunmuş 236 inventar nömrəli texniki pasportdan görünür ki, həmin sənəd Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmişdir. Sənədə əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 700 kv.metr, tikildiyi il 1980-ci il, hüquq subyekti olaraq isə İddiaçı qeyd edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1660/2023 nömrəli məktubuna əlavə olunmuş Şəki rayonu Kiş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair subyektlərin siyahısından görünür ki, X9 və ailə üzvlərinin (X4, X8, X10, X6, X17 və İddiaçı) adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,07 ha torpaq sahəsi qeyd olunmuşdur. - Cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına əlavə edilmiş mütəxəssis rəylərindən görünür ki, Şəki rayonu, Kiş kəndində yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi nəzərə alınmaqla 236 inventar nömrəli, sentyabr 1987ci il tarixli texniki pasport əsasında fərdi yaşayış evinin yerləşdiyi 0.07 ha torpaq sahəsinin sənəd üzrə 700 kv.metr olmasına baxmayaraq, naturada faktiki sahəsi 646 kv.metr-dir. Təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı, faktiki istifadəçisi İddiaçıdur. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyətini əks etdirən sxemi təqdim olunmuşdur. Torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi dövlət reyestrindən qeydiyyata alınmadığından mülkiyyətiçisi barədə məlumat vermək mümkün olmamışdır. İddia olunan 0.07 ha torpaq sahəsi 236 inventar nömrəli, sentyabr 1987-ci il tarixli texniki pasportda qeyd edilmiş 0.07 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası ... 3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ ...
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların (1.11) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəki rayonu, Kiş kəndində yerləşən 646 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına, çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı, tələb hüququnun əsası olaraq XXİİİ partiya qurultayı adına kolxozun 4 yanvar 1978-ci il tarixli 10 nömrəli heyət iclasının qərarına və 236 inventar nömrəli, sentyabr 1987-ci il tarixli texniki pasporta istinad edir. XXİİİ partiya qurultayı adına kolxozun 4 yanvar 1978-ci il tarixli 10 nömrəli heyət iclasının protokolundan görünür ki, sözügedən sənəddə iddiaçıya yox, atası X5 0.07 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bununla belə iddia olunan torpaq sahəsinə dair tərtib edilmiş 236 inventar nömrəli, sentyabr 1987-ci il tarixli texniki pasportda hüquq subyekti olaraq iddiaçının adı qeyd edilmişdir və sözügedən sənəd iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsasdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı, xarici ölkənin vətəndaşıdır və odur ki, sözügedən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilə bilməz. Lakin, məhkəmə həmin dəlili əsaslı hesab etmir. Belə ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. İşin hallarından göründüyü kimi 236 inventar nömrəli, sentyabr 1987-ci il tarixli texniki pasportda iddiaçının sənəd üzrə istifadəsində 700 kv.m torpaq sahəsinin olması qeyd edilməsinə baxmayaraq, torpaq islahatı aparılan zaman iddiaçının adına hər hansı sənəd tərtib edilməmişdir. Lakin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. Başqa sözlə, torpaq islahatı zamanı iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsi əvəzsiz olaraq ona verilmiş, buna görə də mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını verib-verməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). 38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Hazırkı halda, iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində bu hüququ qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin, iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir. Odur ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ, iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2130/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə 236 inventar nömrəli, sentyabr 1987-ci il tarixli texniki pasporta əsasən Şəki rayonu Kiş kəndində yerləşən, 646 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun 1 il müddətinə özgəninkiləşdirilməsi şərtilə dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.