Məhkəmə qərarları › İş №e-2-1(116)-1516/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1516/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1516/2022 06.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və yenidən işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması ilə bağlı əmri ləğv edərək yenidən işə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17 saylı regional idarəsində rəis, 2018-2019-cu il ərzində Qızılbalıq yetişdirmə zavodunun direktoru, 2019-cu ildən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində baş məsləhətçi-müfəttiş vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. İ dərəcəli dövlət qulluqçusudur, ailəlidir, üç övladı var, Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. İşlədiyi müddət ərzində rəhbərlik tərəfindən verilən bütün tapşırıqları layiqincə və şərəflə yerinə yetirmişdir. Dövlət qulluğunda olan 15 illik əmək fəaliyyətinin 12 ilini rəhbər vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022ci il tarixli 135/Ü nömrəli əmri ilə iddiaçının işlədiyi idarədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə audit tədbirləri keçirilmişdir. Audit yoxlamasının yekununda akt tərtib edilmiş, lakin həmin aktla iddiaçını tanış etməmişlər və sonradan iddiaçıya məlum olmuşdur ki, həmin aktda onunla bağlı hər hansı bir nöqsan qeyd edilməmişdir. Audit tədbiri zamanı iddiaçının işi ilə bağlı ona heç bir nöqsan tutulmamış, lakin 01 aprel 2022-ci il tarixdə Nazirliyin Hüquq və İnsan resursları şöbəsinin müdirinin dəvəti ilə iddiaçı Bakı şəhərində onun qəbulunda olmuş, qəbul zamanı iddiaçıya işdən çıxmaq barədə ərizə yazmasını, əks təqdirdə iddiaçını maddə ilə çıxaracaqlarını bildirmişlər. İddiaçı ərizə yazmaqdan imtina etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə həmin tarixdən həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyi iddiaçıya bildirilərək "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/2625-09 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, İddiaçı Nazirliyin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli Əmrinin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı iddiası tamamilə əsassızdır və formal mülahizələrə söykənir. Bildirilir ki, Nazirliyin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində (bundan sonra - İdarə) 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırması zamanı İdarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda məsləhətçi-müfəttiş vəzifəsində işləmiş İddiaçı tərəfindən 2021-ci il ərzində cəmi 3 ədəd Məcburi göstəriş tətbiq olunması və ümumiyyətlə ödəmə tətbiq olunmaması müəyyən edilmişdir. Nazirliyin 20 avqust 2015-ci il tarixli 507/Ü nömrəli Əmri ilə təsdiq edilmiş İnzibati vəzifələr üzrə vəzifə təlimatlarına əsasən İdarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi - müfəttişinin qulluq funksiyalarına xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, bu sahədə qanunvericiliyə riayət olunmasına nəzarət olunması, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi, hesablanması və ödənilməsinin təmin edilməsi, ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi, normativ ödəmələrin tətbiq edilməsinin təmin olunması, xidməti ərazidə dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət olunması, təbii ehtiyyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarət edilməsi, meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin qorunmasına nəzarətin həyata keçirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə nəzarətin həyata keçirilməsi, xidməti ərazidə ovçuluğun aparılması qaydalarına riayət edilməsinə nəzarət edilməsi, su obyektlərindən səmərəli istifadəyə, yerüstü və yeraltı suların çirklənmədən qorunmasına nəzarət edilməsi, xidməti ərazi üzrə su hövzələrində bioloji resursların ovlanmasına dair verilmiş balıqovlama biletlərinə müvafiq nəzarətin həyata keçirilməsi, ovu və satışı məhdudlaşdırılmış su bioloji resurslarının qanunsuz dövriyyəsinə nəzarət edilməsi və satışının qarşısının alınması istiqamətində nəzarət tədbirlərinin görülməsi, Dövlət uçotuna alınan və normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin müəssisə, təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahısının müəyyən edilməsi və ümumiləşmiş hesabat formasında təqdim edilməsi, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların təhlil edilməsi və yaşıllıqların kadastrının aparılması, yaşıllıqların müfəssəl siyahısının aparılması istiqamətində tədbirlər görülməsi, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılması və müvafiq tədbirlər görülməsi, xidməti ərazidə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş işlərə dair hesabatların hazırlanmasında iştirak edilməsi, İdarənin Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələrin yerinə yetirilməsi və s. aid olmasını nəzərə alsaq görərik ki, İddiaçı üzərinə düşən vəzifə və öhdəliklərini lazımi şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli 122 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə” barədə qaydaların 4-cü bəndinə əsasən təbii ehtiyatlardan istifadəyə və ətraf mühitə zərərli maddələrin atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəmələr təbiətdən istifadə edənlərdən təbii ehtiyatların istifadəsinə razılıq verən müvafiq orqanlar tərəfindən alınır. Buna baxmayaraq İddiaçı tərəfindən ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi istiqamətində heç bir tədbir görülməmiş və müvafiq ödəmələrin tətbiq olunmasını təmin etməmişdir. Bundan başqa İddiaçı tərəfindən “Kərpicsan MMM-in qanunsuz olaraq Gil materialının daşınması” barədə KİV-də dərc edilmiş və vətəndaşlar tərəfindən Nazirliyə daxil olmuş məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən 1189 m3 gilin qanunsuz olaraq götürülməsi faktı müəyyən edilmiş və 2021-ci il tarixli 72390 nömrəli akt tərtib edilmişdir. Lakin onun tərəfindən araşdırma düzgün aparılmamış, yerin təkinə vurulmuş 24969 manat məbləğində ziyanın hesablanması təmin olunmamış və baş vermiş qanun pozuntusu ilə əlaqədər qanunpozanın müəyyən olunması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilməmişdir. Eyni zamanda qanunsuz meşə materialının istifadəsi ilə bağlı keçirilmiş reyd zamanı 3,2 m3 həcmində 636,03 manat ziyan məbləğində qanunsuz meşə materialı aşkarlanmış və xx.xx.2021-ci il tarixli 71049 №-li Akt tərtib edilmişdir. Lakin İddiaçı tərəfindən dəymiş ziyanın məğləği heç bir əsas olmadan 240,87 manat azaldılmaqla səhv hesablanmışdır. İddiaçı işlədiyi müddətdə həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirməmişdir. Nəticədə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və yenidən işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Cavabdeh tərəfindən mübahisəli qərarın iddiaçıya təqdim olunmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əmrin surətinin sonuncu vərəqinin arxasında “xx.xx.2022-ci il tarixdə təhvil verdim” qeydi aparılmış, L.A.Əsgərova tərəfindən imzalanmışdır. Həmin qeyddən əmrin və ya digər sənədin kimə təhvil verilməsi müəyyən olunmur. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.1.3-cü bəndinə (əmək münasibətlərindən irəli gələn mübahisələr) əsasən xx.xx.2022-ci il tarixdə 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2022ci il tarixinədək mediasiya prosesi davam etmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2022-ci il tarixdə verilmiş, iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə imzalanmaqla 30 günlük müddət ötürülmədən məhkəməyə ünvanlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması və ona təqdim olunması (və ya elan olunması) iş üzrə mötəbər sübutlarla təsdiq edilməyən əmrin mübahisələndirilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddətin ötürüldüyü müəyyən edilməmişdir. İş materiallarında olan: Cavabdehin xx.xx.2022-ci il tarixli 4/2625-09 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrin təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırılması zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. İdarə tərəfindən yoxlama dövrü ərzində cərimələrin könüllü ödənilməməsinə baxmayaraq, əksər işlər üzrə məcburi icra edilməsi üçün iş üzrə materialların aidiyyəti orqanlara göndərilməsi təmin edilməmişdir. İdarənin əməkdaşları tərəfindən aktların tərtib edilməsi zamanı bir sıra nöqsanlara yol verilmiş, eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin məsuliyyət müəyyən edən maddəsi düzgün tətbiq edilməmiş, nəticədə təbiətə dəymiş ziyan düzgün hesablanmamışdır. İdarənin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş aktlar yalnız baş vermiş ekoloji pozuntularla əlaqədar olmuş, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarfna uyğun olaraq ekoloji sferalar üzrə, demək olar ki, monitorinq aparılmamış, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməmiş, ətraf mühitə olan təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin elmi əsaslarla müşahidəsi və proqnozlaşdırılması istiqamətində qanunamüvafiq işlər görülməmişdir. İdarə tərəfindən ekspertiza rəylərinin icrasına nəzarət edilməmiş, bir sıra məcburi göstərişlər üzrə, o cümlədən, tibbi tulantıların daşınması üçün müqaviləsi olmayan 19 tibbi müəssisəsi barəsində heç bir tədbir görülməmiş və müvafiq məcburi göstəriş verilməmişdir. Dislokasiya üzrə 350 sayda müəsssisəyə qarşı cəmi 86 müəssisə tərəfindən 2TG hesabatı təqdim edilmişdir. Hesabat təqdim etməyən müəssisələr barəsində heç bir tədbir görülməmişdir. Eyni zamanda, yerin təki üzrə cəmi 3 monitorinq aktı və 1 inzibati xəta haqqında protokol tərtib edilmiş, faydalı qazıntı yataqlarına nəzarət tələb olunan səviyyədə həyata keçirilməmişdir. Araşdırma zamanı bir sıra əməkdaşların fəaliyyətinin qeyri-qənaətbəxş olduğu, həvalə olunmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirilmədiyi müəyyən edilmişdir. Bununla da, iş ahəngi pozulmuş, İdarənin fəaliyyətində qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün olmamışdır. Mübahisələndirilən əmrin 3-cü bəndində qeyd olunur ki, həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi, İİ dərəcə dövlət qulluqçusu İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilsin. Cavabdehin xx.xx.2022-ci il tarixli 4/2625-09 nömrəli məktubuna əlavə olunmuş “əmrin elan olunmasına dair” arayışın təsdiq olunmuş surətində qeyd olunur ki, Ekologiya ve Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli Əmri 8 şaylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş və Əmrdə göstərilənlər İdarənin bütün əməkdaşlarına elan olunmuşdur. Həmin vaxt İdarənin məsləhətçi-müfəttişi vəzifəsində çalışan İddiaçı qeyd olunan Əmrə əsasən dövlət qulluğundan azad edildiyi ona elan olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli 4/2625-09 nömrəli məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən görülmüş işlərin, idarənin saxlanması və tədbirlərin görülməsinə yönəldilmiş büdcə və digər mənbələr üzrə yaranmış vəsaitlərin istifadə edilməsi vəziyyətinin araşdırılması istiqamətində audit tədbirlərinin keçirilməsi haqqında 21 fevral 2022-ci il tarixli aktından xx.xx.2022-ci il tarixli çıxarışda qeyd olunur ki, "xxxx" MMM müəssisəsinin qanunsuz olaraq gil materialının daşınması barədə KİV-də dərc edilmiş və vətəndaşlar tərəfindən Nazirliyə daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən 1189 m3 gilin qanunsuz olaraq götürülməsi faktı müəyyən edilmiş və 2021-ci il tarixli 72390 nömrəli akt tərtib edilmişdir. Məsləhətçi-müfəttiş Ramil Əliyev tərəfindən araşdırma tamamlanmamış, yerin təkinə vurulmuş 24969 manat ziyan hesablanmamış və baş vermiş qanun pozuntusu ilə əlaqədər Qarabaqqal bələdiyyəsi barəsində qanunamüvafiq tədbirlər görülməmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz meşə materialının istifadəsi ilə bağlı keçirilmiş reyd zamanı 3,2 m3 həcmində 636,03 manat ziyan məbləğində qanunsuz meşə materialı aşkarlanmış və xx.xx.2021-ci il tarixli 71049 №-li Akt tərtib edilmişdir. Lakin dəymiş ziyan məğləği 240,87 manat azaldılmaqla 395,16 manat hesablanmışdır (məsləhətçi-müfəttiş İddiaçı). İddiaçı 2021-ci il ərzində 36 ədəd akt, 11 ədəd protokol, cərimə və qərar üzrə 7600 manat cərimə tətbiq edilmiş, 7 ədəd və ya 6100 manat ödənilmişdir, 13 ədəd 5408,48 manat ziyan hesablanmış, bundan 9 ədədi və ya 4140,90 manat ziyan ödənilmiş, ödəmə tətbiq olunmamış, 3 ədəd məcburi göstəriş tətbiq edilmiş və 3 ədədi icra edilmişdir. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş: xx.xx.2021-ci il tarixli 02 nömrəli əmrin surətinə əsasən müəyyən edilmişdir ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunların tələbləri rəhbər tutularaq, İdarənin digər işçilərlə birlikdə iddiaçının da qanun pozuntularının qarşısının alınması məqsədilə daimi, lazım gəldikdə həftənin gecə saatlarında, şənbə, bazar və bayram günlərində də reydlər keçirilməsi məqsədilə işə cəlb edilməsi əmr edilmişdir. xx.xx.2021-ci il tarixli 30 nömrəli əmrin surətinə əsasən müəyyən edilmişdir ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “Balıqçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” qanunların tələbləri rəhbər tutularaq, İdarənin xidməti ərazisində heyvanat aləminin, quşların mühafizəsi, brakonyerlik hallarının, qanunsuz meşə materiallarının əldə olunmasının, daşınmasının qarşısının alınması məqsədilə digər işçilərlə birlikdə iddiaçının da qanun pozuntularının qarşısının alınması məqsədilə daimi, lazım gəldikdə həftənin gecə saatlarında, şənbə, bazar və bayram günlərində də reydlər keçirilməsi məqsədilə işə cəlb edilməsi əmr edilmişdir. Eəyni məzmunlu xx.xx.2020-ci il tarixli 35 nömrəli əmr də olmuşdur. AR ETSN 8 saylı regional Ekologiya və təbii sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli 57 nömrəli əmrin surətinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illərdə Ov mövsümünün başlanması ilə əlaqədar İdarəsinin xidməti ərazilərində heyvanat aləminin, quşların ( o cümlədən Şahin quşlarının) mühafizəsi, brakonyerlik hallarının qarşısının alınması və bu sahədə ciddi nəzarətin həyata keçirilməsi məqsədilə 8 saylı regional Ekologiya və təbii sərvətlər idarəsində müxtəlif tərkibdə operativ qruplar yaradılmış, İddiaçı 2-ci operativ qrupa (Göyçay və Ağdaş rayonları üzrə), həmçinin tam xidməti ərazi üzrə 4-cü operativ qrupa daxil edilmişdir. İddiaçı tərəfindən Məhkəməy təqdim edilmiş 2021-ci il üzrə Dövlət qulluqçusunun fəaliyyətinin qismətləndirilməsi formasına əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvərlər İdarəsində İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə qiymətləndirmə dövrü üzrə qiymətləndirlmə üzrə yekun qiyməti 3,2 olmuşdur. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş, onun tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Audit qrupuna verilmiş xx.xx.2022-ci il tarixli izahatında iddiaçı bildirmişdir ki, “mən ümumi ərazi üzrə işlədiyimdən hər-hansı müəssisə və təşkilata ödəmə tətbiq etməmişəm, ödəmələr rayonlar üzrə təhkim olunmuş müfəttişlər tərəfindən tətbiq olunmuşdur. Hal hazırkı iş bölgüsü ilə bağlı bildirirəm ki, mən tək işlədiyimə görə fəaliyyətim aşağı səviyyədədir. Kömək olduğu təqdirdə işimin səmərəliliyini artıra bilərəm”. Cavabdeh və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əsaslar üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 1189 m3 gilin qanunsuz olaraq götürülməsi faktı müəyyən edilmiş, lakin yerin təkinə vurulmuş ziyan düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəyimiş ziyana görə normativlər”ə əsasən 1 m3 qanunsuz işlədilən gilə görə normativ 30,0 manat təşkil edir. Normativlərin qeydinə əsasən bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimənən subyektlər üçün 0,7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, üçüncü dəfə cərimələnən subyektlər üçün 1,3 əmsalı, üç dəfədən çox cərimələnən subyektlər üçün 1,5 əmsalı tətbiq edilir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti: 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə 30-1. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi 30-1.1. Dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir. 30-1.2. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir. 30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir. 30-1.4. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirilmə forması əsasında aparılır. Qiymətləndirilmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və bu Qanunun 30-1.6-cı və 30-1.7-ci maddələrində göstərilən meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir. Tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir. 30-1.5. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir. 30-1.6. Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir: 30-1.6.1. peşə bilikləri; 30-1.6.2. qulluq (xidməti) vəzifələrinə münasibəti; 30-1.6.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı; 30-1.6.4. yaradıcılıq və təşəbbüskarlıq; 30-1.6.5. iş təcrübəsi və onu bölüşmə; 30-1.6.6. kollektivdə işləmək və ünsiyyət bacarığı. 30-1.7. Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti bu Qanunun 30-1.6-cı maddəsində göstərilənlərə əlavə olaraq aşağıdakı meyarlar əsasında qiymətləndirilir: 30-1.7.1. proqnozlaşdırma; 30-1.7.2. idarəetmə; 30-1.7.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı; 30-1.7.4. komanda qurmaq bacarığı. 30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir: 30-1.8.1. əla; 30-1.8.2. yaxşı; 30-1.8.3. kafi; 30-1.8.4. qeyri-kafi. 30-1.9. Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə, 40 faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanır. 30-1.10. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə onun rəyi əlavə edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işində saxlanılır. 30-1.11. Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçirilir. Müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunur. Müsahibə zamanı növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar (hədəflər) və onların mühümlük dərəcəsi müəyyən edilə bilər. Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” Əsasnaməyə əsasən: 1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi (bundan sonra – torpaqların monitorinqi), bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur... 5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. 5.2. Nazirliyin strukturunu, onun Aparatının və strukturuna daxil olan qurumların aparatının işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. 5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır... 5.5. Nazir: 5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; ... 5.5.7. Nazirliyin Aparatının, Nazirliyin strukturuna daxil olan regional bölmələrin işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxslər istisna olmaqla), digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; ... 5.5.10. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; ... Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı işlədiyi dövrdə vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara yol vermişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 71049 nömrəli və xx.xx.2021-ci il tarixli 72390 nömrəli aktlara əsasən müəyyən olunur ki, məsləhətçimüfəttiş Ramil Əliyev tərəfindən araşdırma tamamlanmamış, yerin təkinə vurulmuş 24969 manat ziyan hesablanmamış və baş vermiş qanun pozuntusu ilə əlaqədər Qarabaqqal bələdiyyəsi barəsində qanunamüvafiq tədbirlər görülməmişdir. Həmçinin İdarənin əməkdaşları tərəfindən qanunsuz meşə materialının istifadəsi ilə bağlı keçirilmiş reyd zamanı 3,2 m3 həcmində 636,03 manat ziyan məbləğində qanunsuz meşə materialı aşkarlanaraq müvafiq Akt tərtib edilmişdir. Lakin məsləhətçi-müfəttiş İddiaçı tərəfindən dəymiş ziyan məğləği 240,87 manat azaldılmaqla 395,16 manat hesablanmışdır. İddiaçı tərəfindən 2021-ci il ərzində 36 ədəd akt, 11 ədəd protokol, cərimə və qərar üzrə 7600 manat cərimə tətbiq edilmiş, 7 ədəd və ya 6100 manat ödənilmiş, 13 ədəd 5408,48 manat izyan hesablanmış, bundan 9 ədədi və ya 4140,90 manat ziyan ödənilmiş, ödəmə tətbiq olumamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vəzifəsinin icrası çərçivəsində müvafiq cərimə və qərarlar üzrə ödənilməmiş məbləğlərin ödənilməsi üçün tədbirər görülməmişdir. Dövlət qulluqçusunun qiymətləndirmə cədvəlinə əsasən müəyyən edilmişdir ki, 2021-ci il üzrə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında) iddiaçının icraatında olmuş vətəndaş müraciətləri, “Qaynar xətt” məlumatları və digər şikayətlərin sayı - 35 “Qaynar xətt” və şikayət, 5 vətəndaş müraciətindən ibarət olmuş, iddiaçı tapşırıq üzrə 2 ilə (mümkün 15 faiz dərəcəsindən) qiymətləndirilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və yenidən işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin ediləsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar