Məhkəmə qərarları › İş №e-2-1(116)-1648/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1648/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1648/2022 19.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı Şıxamiroviçin iştirakı ilə, İddiaçı Şıxamiroviçin cavabdeh Zaqatala rayonu Zaqatala bələdiyyəsinə qarşı “Zaqatala şəhəri Zaqatala bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şıxamiroviç Cavabdeh Zaqatala rayonu Zaqatala bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətində olan 85.2 kv.m torpaq sahəsinin qarşısında ona bitişik yerləşən 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Zaqatala şəhər bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair müvafiq hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, daha sonra məhkəmənin hüquqi yardımı əsasında tələbini dəqiqləşdirərək “Zaqatala şəhəri Zaqatala bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətində olan 85.2 kv.m torpaq sahəsinin qarşısında ona bitişik yerləşən 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1648/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışla xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan 34 kv.m torpaq sahəsinin ona satılmasına köməklik göstərilməsi üçün cavabdeh orqana müraciət etmiş, sözügedən torpaq sahəsinin onun istifadəsində olmasını, həmin torpaq sahəsi üzərində mişar daşlarından tikilmiş yarımçıq hasarın mövcud olmasını və torpaq sahəsindən uzun illər ərzində özünün istifadə etməsini bildirmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan sözügedən torpaq sahəsinin bilavasitə və ya hərrac və ya müsabiqə yolu ilə satışının təşkili proseduruna başlanmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı Şıxamiroviç 2022-ci ilin aprel-may aylarında xüsusi mülkiyyətində olan torpaq sahəsinin sərhədlərində mişar daşı ilə hasarlama işlərini aparmışdır. Eyni zamanda onun mülkiyyətinə bitişik lakin onun mülkiyyətinə aid olmayan torpaq sahəsinin də sərhədlərində hasarlama işləri aparmaq istəyən zaman, həmin ərazidə yaşayan qonşuların Zaqatala RİH-nə şikayəti əsasında qanunsuz aparılan hasar tikintisi işləri dayandırılmışdır. Sonradan İddiaçı Şıxamiroviç xx.xx.2022-ci il tarixdə Zaqatala Bələdiyyəsinə müraciət edərək əlavə olaraq hasarlamaq istədiyi 34 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Zaqatala Bələdiyyəsinin iqtisadi İnkişaf komissiyası həmin əraziyə baxış keçirmiş, komissiya sədri X2 Ramazan və digər qonşularla söhbət apararaq mövcud vəziyyəti araşdırmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Şıxamiroviçin Bələdiyyəyə təqdim etdiyi sənədlərə əsasən onun mülkiyyətində 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 85,2 kv.m əmlakı mövcuddur. Onun mülkiyyətinə verilməsini xahiş eldiyi 34 kv.m torpaq sahəsi isə onun mülkiyyətinə aid torpaq sahəsinə bitişik olmasına baxmayaraq, ərizədə qeyd etdiyi kimi uzun müddət onun istifadəsində olmamışdır. Həmin torpaq sahəsi onun mülkiyyətinə aid torpaq sahəsinə bitişik olmaqla Səlahəddin Kazımov küçəsinin kənarında yerləşməklə boş sahədir. 34 kv.m torpaq sahəsinin sağ və sol tərəflərindən dalan olmaqla yol keçir, hər iki dalanda yaşayış evləri mövcuddur. Digər tərəfdən qonşuların etirazına əsasən sözügedən 34 m2 torpaq sahəsinin hasarlanması həmin dalanlarda texnikanın hərəkətinə məhdudiyyət yaradaraq yolu daraldır. Bu da nəqliyyat vasitələrinin həmin ərazidə manevr etməsinə çətinlik yaradır. Səidov X1muş və bütün bunlar ona izah olunaraq həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin məqsədə uyğun olmadığı onun diqqətinə çatdırılmışdır. Zaqatala Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclasında İddiaçı Şıxamiroviçin ərizəsi Bələdiyyə üzvülərinin müzakirəsinə verilmişdir. İclasda İqtisadi inkişaf komissiyasının sədri komissiyanın rəyini təqdim edərək araşdırdığı vəziyyəti bələdiyyə üzvülərinin diqqətinə çatdırmışdır. Müzakirələrdən sonra Zaqatala Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən Səlahəddin Kazımov küçəsində yerləşən 34 kv.m torpaq sənəsinin bilavasitə və ya hərrac və müsabiqə yolu ilə alqı-satqı olunması üçün prosedura başlanılması məqsədə uyğun hesab edilməmişdir. Həmin torpaq sahəsinin əvəllər istifadə olunduğu kimi həmin ərazidə yaşayan sakinlərin ümumi istifadəsində saxlanılması daha məqsədə uyğun hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia olunan torpaq sahəsini əvvəllər istifadə etsə də, sonradan qonşu ilə arasında olan mübahisəyə görə istifadə etmədiyini və hazırda faktiki istifadəsində olmadığını bildirdi, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Zilban kəndində yerləşən 0.04 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. - iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, uzun müddət istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin özünün mülkiyyətinə verilməsi ilə bağlı Zaqatala bələdiyyəsinə müraciət etmişdir. - Zaqatala bələdiyyəsinin İqtisadi İnkişaf daimi komissiyasının rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətinə veilməsini xahiş etdiyi torpaq sahəsi onun mülkiyyətinə aid torpaq sahəsindən kənarda yerləşir. Həmin torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olmasına baxmayaraq istifadəsində deyil. Komissiya həmin torpaq sahəsinin iddiaçının bilavasitə mülkiyyətinə verilməsini məqsədə müvafiq hesab etmir. - Zaqatala rayonu Zaqatala bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 10 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Zaqatala şəhəri Salahəddin Kazımov küçəsi 12 saylı evdə yaşayan İddiaçı Şıxamiroviçin müraciəti təmin edilməmiş, qərarın surəti xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya göndərilmişdir. - DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan 34 kv.m torpaq sahəsi Elektron baza məlumatlarına əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan əraziyə düşür. Həmin torpaq sahəsi ilə başqa mülkiyyətçilərin torpaq sahələri arasında üst-üstə düşmə yoxdur. İddia olunan 34 kv.m torpaq sahəsi iddiaçının adına tərtib edilmiş, 4519 inventar nömrəli, xx.xx.2020-ci il tarixli texniki pasportda zəbt torpaq sahəsi olaraq öz əksini tapmamışdır və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik ərazidədir. İddia olunan 34 kv.m torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyil, hazırda həmin torpaq sahəsi faktiki olaraq Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan əraziyə düşür və həmin ərazidə hər hansı tikili mövcud deyildir. İddia olunan 34 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olan 0.04 ha torpaq sahəsindən hasarla ayrılmamışdır. İddia olunan 34 kv.m torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində deyildir. İddia olunan 34 kv.m torpaq sahəsinin digər subyektin mülkiyyətinə verilməsi, iddiaçının mülkiyyətində olan 0.04 ha torpaq sahəsindən istifadəni, o cümlədən həmin torpaq sahəsinə gediş-gəlişi qeyri-mümkün edə bilməz. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. Tətbiq edilən hüquq. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə bitişik 34 kv.m bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsinə nail olmaqdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər. İşdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsi iddiaçıya məxsus, xx.xx.2020-ci il tarixli texniki pasportda zəbt torpaq sahəsi olaraq öz əksini tapmamışdır, həmin torpaq sahəsi üzərində hər hansı tikili mövcud deyil və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilində deyildir. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı özü də həmin torpaq sahəsinin əvvəllər kənarlarını bağlayaraq istifadə etsə də, sonradan qonşu ilə arasında olan mübahisəyə görə hazırda kənarlarını açmasını və onun faktiki istifadəsində olmamasını bildirmişdir. Belə ki, Qanun qüvvəyə mindiyi günədək hər hansı hüquqi əsas olmadan fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir. Yəni torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir. Odur ki, iddia olunan torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilə bilməz. Digər tərəfdən sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik olsa da, hazırda iddiaçının faktiki istifadəsində olmadığından və bir hasar daxilində yerləşmədiyindən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mişar daşlarından tikilmiş yarımçıq hasarın mövcud olmasını bildirsə də, iddia ərizəsində özü də qeyd edir ki, həmin torpaq sahəsini hasarlamaq istəyərkən icra hakimiyyətindən müdaxilə olduğuna görə tikintini yarımçıq saxlamışdır. Yəni, iddiaçı iddia olunan torpaq sahəsindən faktiki istifadəni həyata keçirmək üçün torpaq sahəsini hasarlamağa cəhd etmiş, lakin tikinti işlərinin aparılmasına imkan verilməmişdir. Odur ki, iddiaçının faktiki olaraq istifadə etmədiyi mübahisəli torpaq sahəsi bələdiyyənin ehtiyat fondunun ümumi istifadədə olan torpaq sahəsi kimi naturada Zaqatala bələdiyyəsinin ərazisində olduğundan həmin torpaq sahəsinin geri qaytarılmasının mümkünlüyü araşdırma predmeti olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin Elektron baza məlumatlarına əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan əraziyə aid olması qeyd edilmişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, bələdiyyənin ehtiyat fondunun ümumi istifadədə olan torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən və işin yuxarıda müəyyən edilmiş halları ilə iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Şıxamiroviçin cavabdeh Zaqatala rayonu Zaqatala bələdiyyəsinə qarşı “Zaqatala şəhəri Zaqatala bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətində olan 85.2 kv.m torpaq sahəsinin qarşısında ona bitişik yerləşən 34 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar