Məhkəmə qərarları › İş №e-2-1(116)-1656/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1656/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1656/2022 13.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Məmmədov X2 və Təbii Sərvətlər nazirliyinə (qarşı “Ekologiya və Təbii Sərvətlər nazirliyinin 120/k saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, Şahdağ Milli Parkının Qəbələ bölməsi üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi,əmək haqqının ödənilməsi” barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Ekologiya və Təbii Sərvətlər nazirliyinin 120/k saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, Şahdağ Milli Parkının Qəbələ bölməsi üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi,əmək haqqının ödənilməsi ” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2-1(112)-8460/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı xx.xx.2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının Qəbələ bölməsi üzrə inspektor,xx.xx.2019-cu ildən direktor müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı 10 dekabr 2021-ci il tarixli ərizə ilə işdən azad olunmasını xahiş etmişdir. Həmin ərizə əsasında Nazirliyin 24 dekabr 2021-ci il tarixli 1204/k nömrəli Əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə ərizəsində qeyd olunduğu gün, yəni 24 dekabr 2021-ci il tarixindən öz xahişi ilə xitam verilmişdir.İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən bir sıra hüquqlarının pozulduğunu hesab edir.İddiaçı Əmək Məcəlləsində nəzərdə tutulmuş müddəti gözləmədən bağlanmış əmək müqaviləsinə xitam verildiyini ərizəsində qeyd edir.Həmçinin,xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstəliklə bağlı büllütündə olduğundan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini yolverilməz hesab edir.Bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər nazirliyinin 120/k saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, Şahdağ Milli Parkının Qəbələ bölməsi üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və əmək haqqının ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və etiraz verərək bildirmişdir ki, Nazirliyin yanında X1 Xidmətinin Şahdağ Milli Parkının Qəbələ bölməsi üzrə direktor müavini vəzifəsində işləmiş İddiaçı 10 dekabr 2021-ci il tarixli ərizəsi ilə işdən azad olunmasını xahiş etmişdir. Həmin ərizə əsasında Nazirliyin 24 dekabr 2021-ci il tarixli 1204/k nömrəli Əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə ərizəsində qeyd olunduğu gün, yəni 24 dekabr 2021-ci il tarixindən öz xahişi ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən ərizəsində göstərdiyi gün işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilə bilər.Həmin məcəllənin 296-cı mədəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Cavadeh əsassız olduğundan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə teleqram göndərərək məhkəmə prosesində iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərziəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan:

1. Ekologiya və Təbii Sərvətlər nazirinin xx.xx.2019-cu il tarixli əmrindən görünür ki,iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının Qəbələ bölməsinin direktor müavini vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin meşə mühafizəsi və bərpası müəssisələrinin və X1 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin milli parklarının, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının işçilərinə dövlət qulluqçusu statusunun verilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.

3. İddiaçı 10 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki,o yəni 24 dekabr 2021-ci il tarixindən öz ərizəsi ilə işdən azad olunmasını xahiş etmişdir.

4. Nazirliyin 24 dekabr 2021-ci il tarixli 1204/k nömrəli Əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə ərizəsində qeyd olunduğu gün, yəni 24 dekabr 2021-ci il tarixindən öz xahişi ilə xitam verilmişdir.

5. “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Qəbələ RMX-yə müraciət etmiş və müvafiq qeydiyyata götürülməklə əmək qabiliyyətinin itirilməsi kitabında qeydiyyat aparılmışdır.

6. “Əmək qabiliyyətinin olmaması” vərəqəsindən (seriya 0354922) görünür ki,iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi bülletendə olmuşdur.

7. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2022-ci il tarixli məlumatından və xx.xx.2021-ci il tarixli “təhvil-təslim akt”ından görünür ki,iddiaçı aktı imzalayaraq müvafiq sənədləri direktor əvəzi N.Ş.Tağıyevə təhvil vermişdir.

Əsaslandırma hissəsi:

Hazırkı iddia mübahisələndirmə haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən bu qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; ..... Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 79.

1. İşəgötürən tərəfindən: əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə (maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Sadalanan normalardan göründüyü kimi, iddiaçı 10 dekabr 2021-ci il tarixli ərizə 24 dekabr 2021-ci il tarixindən işdən azad olunmasını xahiş etmişdir. İşə götürən tərəfindən 24 dekabr 2021-ci il tarixli 1204/k nömrəli Əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə ərizəsində qeyd olunduğu gün, yəni 24 dekabr 2021ci il tarixindən öz xahişi ilə xitam verilmişdir.İddiaçı həmin tarixə kimi ərizəsini geri götürməmiş və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət etməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsi barədə məhkəmə qeyd edir ki,iddiaçı xx.xx.2021-ci il tarixdə “təhvil-təslim akt”ının tərtibində iştirak etmiş və aktı imzalamışdır.Bu əsasdan müəyyən edilir ki,iddiaçının 23 dekabr 2021-ci il tarixdə ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət etmək imkanı olmuşdur.Digər tərəfdən xx.xx.2021-ci il tarixdə iddiaçının ərizəsinin təmin edilməsi,işdən azad olunması barədə məlumatı olmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin 120/k saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Şahdağ Milli Parkının Qəbələ bölməsi üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi,əmək haqqının ödənilməsi barədə tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər nazirliyinin 120/k saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, Şahdağ Milli Parkının Qəbələ bölməsi üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, əmək haqqının ödənilməsi barədə iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar