Məhkəmə qərarları › İş №e-2-1(116)-1661/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1661/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1661/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçı X5, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçılar X17 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Şirinbulaq kəndinin müxtəlif yerlərində yerləşən 5,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar X17, İddiaçı4, İddiaçı1, İddiaçı3 Fərhad oğlu və İddiaçı2 Fərhad oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayonu, Şirinbulaq kəndinin müxtəlif yerlərində yerləşən 5.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı X5 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında tələbini dəqiqləşdirərək “Şəki rayonu Şirinbulaq kəndinin müxtəlif yerlərində yerləşən 5,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu, Şirinbulaq kəndində yerləşən 6,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı5 və dörd ailə üzvünün istifadəsinə verilmişdir. 6,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 10 avqust 1998-ci il tarixli 4143 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:133, KOD ********) ilə İddiaçı5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Dövlət aktında (JN:133, KOD ********) İddiaçı5 adı X17, İddiaçı3 adı İddiaçı3 Fərhad oğlu və X4 adı X2 yazılmışdır. İddiaçı, özünün və ailə üzvlərinin Şəkirayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş yuxarıda qeyd olunan 6.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdehə müraciət etmiş, lakin, sonuncu 15 fevral 2023-cü il tarixli 3- 21-3-39/2-580/2023 nömrəli məktubları ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Şəki rayonu, Şirinbulaq kənd sakini İddiaçı5 09 dekabr 2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında ərizə ilə 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək, ərizəsinə Şəki rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə ona və ailə üzvləri İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 ayrılaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində 10 avqust 1998-ci il tarixdə 4143 nömrəsi ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN-133 nömrəli 40403038 kodlu dövlət aktını əlavə edərək həmin aktda 133 mülk nömrəsi ilə qeyd olunmuş 0,5987 ha, 133A mülk nömrəsi ilə qeyd olunmuş 0,3175 ha, 133C mülk nömrəsi ilə qeyd olunmuş 1,66 ha, 133M mülk nömrəsi ilə qeyd olunmuş 3,82 ha torpaq sahəsi üzərində özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilməsim xahiş etmişdir. Lakin, Şəki rayonunun Şirinbulaq kəndində aqrar islahat əvvəlki torpaq bölgüsü ləğv olunaraq təkrarən aparıldığından vətəndaşlardan 1998-ci il tarixli dövlət aktları geri alınaraq Şəki rayonu Aqrar islahat komissiyasının 29 avqust 2000-ci il tarixli 8 saylı qərarı əsasında yenidən bölünmüş pay torpaq sahələrinə dair yeni tərtib edilmiş dövlət aktları verilsə də, X17 və 4 nəfər ailə üzvünə təkrar aqrar islahat zamanı ayrılmış pay torpaq sahəsinə dair dövlət aktı olmadığından, eyni zamanda ərizəyə əlavə olunmuş 10 avqust 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 2000-ci ildə keçirilmiş təkrar aqrar islahat zamanı ayrılmış pay torpaq sahəsinin koordinatları və ölçüləri barədə heç bir məlumat aşkar olunmadığından ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-580/2023 Ne-li imtina məktubu verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Şəki rayonu Şirinbulaq kənd sakini İddiaçı5 və ailə üzvlərinin adına 10 avqust 1998-ci il tarixdə verilmiş JN-133 KOD 40403038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının tərtib edilməsinə əsas olmuş Şəki rayonu Aqrar islahat komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ləğv edilərək 29 avqust 2000-ci il tarixli 8 saylı yeni qərar qəbul edildiyindən öz hüquqi qüvvəsini itirmiş həmin dövlət aktında 4 nöqtədə olmaqla ümumi ölçüsü 6.41 ha göstərilən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı1, İddiaçı3. İddiaçı2 faktiki istifadələrində olan 5,79 ha hissəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın və texniki pasportun verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X17, İddiaçı4, X14, X15, X6 aid torpaq sahəsinin döngə nöqtələri, koordinatları və sahəsi, tərtib edilmiş yerquruluşu planı №1-də №2-də və №3-də göstərilmişdir. Mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsində göstərilən törpaq sahəsi 0,60 hektardı, faktiki olaraq TEKUİS-də (X12 İnformasiya Sistemi) isə 2.0 hektar göstərilmişdir. Yerləşmə vəzyəti №1 yerquruluşu planında göstərilmişdir. Mülkiyyətə verilmiş torpaqların kompleks yerqurluşu layihəsində göstərilən torpaq sahəsi 0.41 hektardı, faktiki olaraq TEKUİS-də (X12 informasiya Sistemi) isə 0,57 hektar göstərilmişdir. Yerləşmə vəzyəti №2 yerquruluşu planında göstərilmişdir. Mülkiyyətə verilmiş torpaqların kompleks yerqurluşu layihəsində göstərilən törpaq sahəsi 3.97 hektardı, faktiki olaraq TEKUİS-də (X12 informasiya Sistemi) isə 3.97 hektar göstərilmişdir. Yerləşmə vəzyəti №3 yerquruluşu planında göstərilmişdir. Torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası əkin olmaqla xüsusi mülkiyyətə aiddir. Torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün ayrılmışdır ki, X17 və ailə üzvülərinin mülkiyyətindədir. - JN-133 kod 40403038 nömrəli “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə X9 və ailə üzvləri ilə birlikdə (İddiaçı4, İddiaçı1, İddiaçı3 Fərhad oğlu, X13) 6,41 ha torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı iclas protokolundan çıxarışdan görünür ki,

1. Rayonun keçmiş Şirinbulaq UİEM-nin, Əlyar istehsal kooperativinin, Aşağı Göynük və Biləcik kolxozlarının istifadəsində olan torpaqlarda islahatların düzgün aparılmaması səbəbli dörd təsərrüfatın hər birində aparılan birinci bölgünün nəticələri ləğv edilmiş,

2. Rayonun keçmiş Şirinbulaq UİEM-nin, Əlyar istehsal kooperativinin, Aşağı Göynük və Biləcik kolxozlarının istifadəsində olan torpaqlarda islahatın yenidən aparılması ilə əlaqədar Şirinbulaq UİEM-si YAİK-nın xx.xx.2000-ci il tarixli iclasının 02 saylı, Aydınbulaq kolxozu YAİK-nın xx.xx.2000-ci il tarixli 19 saylı, Aşağı Göynük kolxozu YAİKnın xx.xx.2000-ci il tarixli iclasının 4 saylı və Biləcik kolxozu YAİK-nın xx.xx.2000-ci il tarixli iclasının 3 saylı qərarları təsdiq edilmiş,

3. Hər təsərrüfatda tərtib olunmuş sənədlər əsasında torpaq bölgüsünün yenidən aparılaraq torpaqdan istifadəyə mülkiyyət hüququna dair Dövlət aktlarının hazırlanmasına köməklik göstərilməsi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir. - Həmin məktuba əlavə olunmuş JN-0017, kod 40403038 nömrəli, JN-0101 kod 40403038 nömrəli, JN-0158 kod 40403038 nömrəli “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktlarından görünür ki, sözügedən sənədlər Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı qərarı əsasında tərtib edilmişdir. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1445/2023 nömrəli məktubuna əlavə olunmuş, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 46 nömrəli protokolu ilə təsdiq edilmiş Şəki rayonunun Şirinbulaq kəndi üzrə torpaq sahəsinə dair subyektlər siyahısından görünür ki, X10 və ailə üzvlərinin (X7, X8, X11, X18, X19, X23, X20, X16 və X21) adlarının qarşısında “həyətyanı torpaq sahəsi”- 0,12 ha, “zəbt olunan torpaq sahəsi”- 0,5 ha, “faktiki torpaq sahəsi”- A-0,8407 ha, B-0,1898 ha, BY-0,0085 ha, BN- 0,0031 ha, “ümumi torpaq sahəsi”-1,0422 ha, “bələdiyyənin ehtiyat fondu”- 0,4222 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasının qarşısında- 0,6200 ha qeyd olunmuşdur.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı faktiki istifadələrində olan 5,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddiaçılar, tələblərini sözügedən torpaq sahəsinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən ayrılması və JN:133, KOD 40403038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsi ilə əsaslandırırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Şirinbulaq kəndində ilkin olaraq torpaq islahatı keçirilərkən torpaq payı alacaq subyektlərin siyahısı və ayrılmış torpaq sahələrinin kompleks yeruquruluşu layihələri Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə təsdiq edilərək müvafiq Dövlət Aktları (o cümlədən JN133 nömrəli Dövlət Aktı) tərtib edilsə də, sonradan Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı qərarı ilə keçmiş Şirinbulaq UİEM-nin istifadəsində olan torpaqlarda islahatların düzgün aparılmaması səbəbindən həmin təsərrüfatda aparılan birinci bölgünün nəticələri ləğv edilmiş, keçmiş Şirinbulaq UİEM-nin istifadəsində olan torpaqlarda islahatın yenidən aparılması ilə əlaqədar Şirinbulaq UİEM-si YAİK-nın xx.xx.2000-ci il tarixli iclasının 02 saylı qərarı təsdiq edilmiş, həmin təsərrüfatda tərtib olunmuş sənədlər əsasında torpaq bölgüsünün yenidən aparılaraq torpaqdan istifadəyə mülkiyyət hüququna dair Dövlət aktlarının hazırlanmasına köməklik göstərilməsi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir. Bununla da JN:133, KOD 40403038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının verilməsinə əsas olmuş Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarı qüvvədən düşmüşdür. Odur ki, həmin qərar qüvvədə olmadığından onun əsasında verilmiş sənədlərin də heç bir hüquqi qüvvəsi yoxdur. İş materiallarında olan, cavabdeh orqan tərəfindən Şirinbulaq kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış digər subyektlərə məxsus torpaq sahələrinə dair tərtib edilmiş Dövlət Aktlarından görünür ki, ilkin islahatın nəticələri ləğv edildiyindən artıq yeni tərtib edilmiş X27 rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı qərarına istinad olunmuşdur. Bununla belə iddiaçının və ailə üzvlərinin adına Dövlət Aktı tərtib edilməmişdir. Odur ki, iddia olunan torpaq sahəsinin məhz Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı qərarı əsasında aparılmış yeni bölgüyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulan torpaq sahəsi olması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Beləliklə, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı qərarı əsasında iddiaçılara kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, habelə iddia olunan torpaq sahəsinə dair iddiaçının istinad etdiyi JN 133 nömrəli Dövlət Aktı hazırda qüvvədə olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçılar X17, İddiaçı4, İddiaçı1, İddiaçı3 Fərhad oğlu və İddiaçı2 Fərhad oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayonu Şirinbulaq kəndinin müxtəlif yerlərində yerləşən 5,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar