Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1674/2022 29.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X7, üçüncü şəxslərin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Zaqatala rayonu Gözbarax kəndində yerləşən A seriyalı 432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı adına işlənmiş 4299 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən verilmiş A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Zaqatala rayonu Gözbarax kəndində yerləşən A seriyalı 432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı adına işlənmiş 4299 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-1674/2022 nömrəli qərardadı ilə X4, X6 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdirlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, A № 432355 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edərək faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsi üzərində ********** qeydiyyat nömrəli çıxarış əsasında üçüncü şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı üçüncü şəxslərin adına tərtib edilmiş çıxarışın və plan ölçü sənədinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan sözügedən sənədlərin ləğv edilməsi səlahiyyətinin olmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,7799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı X3 və ailə üzvlərinin (cəmi 3 nəfərin) mülkiyyətinə verilməsi, həmin qərara əsasən sözügedən torpaq sahəsinə müvafiq olaraq ləğv edilmiş DTXK tərəfindən AN 432515 nömrəli plan-ölçü sənədinin tərtib edilməsi ilə əsaslandırmışdır. İddiaçı, məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxslərin vəkili məhkəmə iclasında izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - A № 432355 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənədin iddiaçının adına hazırlanmasına əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı saylı qərarı olmuş, torpağın sahəsi 4299 kv.m göstərilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli g-96 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu Gözbarax kəndi ərazisində yerləşən Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 110 saylı qərarı ilə 0,7799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Zaqatala rayon şöbəsi tərəfindən X4, X6 və X1 adına tərtib edilmiş A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən qeyd olunan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində 231 saylı reyestr kitabının 81-ci səhifəsində ümumbirgə mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın xx.xx.2021-ci il tarixli **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 0,7799 ha torpaq sahəsi X4, X6 və X1 ümumibirgə mülkiyyətinə verilmişdir. - A № 432315 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənədin X3 adına hazırlanmasına əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı saylı qərarı olmuş, torpağın sahəsi 7799 kv.m göstərilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4299 kv.m torpaq sahəsi A432515 nömrəli plan-ölçüdə qeyd edilmiş 7799 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. A432555 nömrəli torpaq sahəsi, plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi A680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. A 680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4299 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi A432355 nömrəli planölçüdə qeyd edilmiş 4299 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. X4, X6 və X1 faktiki istifadələrində olan torpaq sahəsi A432515 nömrəli və A680085 nömrəli plan-ölçü sənədlərində qeyd edilən torpaq sahələri ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı, A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın faktiki istifadəsində olan torpaq sahəsinə tərtib edildiyini bildirir və buna görə də həmin sənədin ləğvini tələb edir. Buna baxmayaraq, faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd və ya torpaq sahəsinin ona ayrılmasını, təhkim edilməsini təsdiq edən ilkin yerquruluşu sənədi təqdim edə bilmir. İş materiallarından göründüyü kimi iddiaçı A432355 nömrəli plan-ölçüdə qeyd edilmiş 4299 kv.m torpaq sahəsindən faktiki olaraq istifadə etmir və həmin plan və ölçü sənədindən başqa iddiaçının adına qonşu torpaq sahəsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, üçüncü şəxsin adına hazırlanmış A432515 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi A680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. A 680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi iddiaçının adına tərtib edilmiş A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4299 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Yəni, üçüncü şəxsin adına hazırlanmış çıxarışın plan-ölçü sənədi, ilkin plan-ölçü sənədinə uyğun hazırlanmışdır və həmin sənədlərdə qeyd edilmiş torpaq sahəsinin koordinatları iddiaçıya məxsus plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatları ilə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, hər hansı hüquqmüəyyənedici sənəd olmadan, A432515 nömrəli nömrəli plan-ölçü sənədi ilə üçüncü şəxsin istifadəsində olan torpaq sahəsindən iddiaçının faktiki istifadə və sahiblik etməsi onun tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir. Yəni, iddiaçı A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsini sənəddə göstərilən qaydada deyil, ona ayrılmamış qonşu torpaq sahəsini də faktiki olaraq zəbt edərək istifadə və sahiblik edir. Nəzərə alınmalıdır ki, "X5 Uçotu informasiya Sistemi" proqramına torpaq sahələri ilə bağlı məlumatlar subyektlərin faktiki istifadəsinə uyğun olaraq daxil edilsə də, bu zaman Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndinin tələbləri mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X5 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın 2.3.3-cü bəndinin tələbləri baxımından iddiaçının hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq istifadə etdiyi zəbt olunmuş sahənin xüsusiyyətlərinin düzgün müəyyən edilərək uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən plan-ölçünün ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı həmin plan-ölçünün ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş A432515 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, Zaqatala rayonu Gözbarax kəndində yerləşən A seriyalı 432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı adına işlənmiş 4299 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №e-2-1(116)-1674/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1674/2022
29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver