Məhkəmə qərarları › İş №e-2-1(116)-1675/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(116)-1675/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № e-2-1(116)-1675/2023 25.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2087,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 2576 manat məbləğdə siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2087,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə (Ağdaş rayonunun Qaradağlı kəndində yerləşən mağazada dəyəri 1200 manat olan 48 ədəd “Rosneft Maximum” 10/40 yağları, dəyəri 256 manat olan 16 ədəd “Felix”, dəyəri 600 manat olan 6 ədəd vaz üçün “Vis” radiator, dəyəri 120 manat olan 1 ədəd Niva 2114 üçün “Vis” radiator, dəyəri 130 manat olan Chevrolet üçün “Vis” radiator, dəyəri 150 manat olan Priora 2172 üçün 1 ədəd “Vis” radiator və dəyəri 120 manat olan Vaz 21073 üçün “Vis” radiator) 2576 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 2087,45 manat borcuna görə 2576 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********04 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 2087,45 manat ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-1675/2023 nömrəli sərəncamı cavabdehin iddia ərizəsində göstərilən ünvanına göndərilmiş və iddia ərizəsində qeyd olunanlarla bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və cavabdeh iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İş materiallarında olan: İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********04 nömrəli qərar qəbul edilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan **********04 nömrəli görünür ki, cavabdehə məxsus vahidinin qiyməti 25 manat olan 48 ədəd, Rusiya istehsalı, “Rosneft Maximum” 10/40, vahidinin qiyməti 16 manat olan 16 ədəd, Rusiya istehsalı, “Felix”, vahidinin qiyməti 100 manat olan 6 ədəd, “Vis” radiatorlar 21213, 2170, 2106-2, 2107-2, vahidinin qiyməti 120 manat olan 1 ədəd, Niva 2114 üçün “Vis” radiator, qiyməti 130 manat olan 1 ədəd Chevrolet-Niva 2123 üçün “Vis” radiator, qiyməti 150 manat olan 1 ədəd Priora 2172 üçün “Vis” radiator və qiyməti 120 manat olan 1 ədəd vaz 21073 üçün “Vis” radiator iddiaçı tərəfindən siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir. “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. VM-nin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarilxi 393 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 1.40-1-ci bəndinə görə həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı qanunvericiliyin tələblərinə müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 2087,45 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 2576 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Siyahıya alınmış əmlaklar cavabdehə məxsus vahidinin qiyməti 25 manat olan 48 ədəd, Rusiya istehsalı, “Rosneft Maximum” 10/40, vahidinin qiyməti 16 manat olan 16 ədəd, Rusiya istehsalı, “Felix”, vahidinin qiyməti 100 manat olan 6 ədəd, “Vis” radiatorlar 21213, 2170, 2106-2, 2107-2, qiyməti 120 manat olan 1 ədəd, Niva 2114 üçün “Vis” radiator, qiyməti 130 manat olan 1 ədəd Chevrolet-Niva 2123 üçün “Vis” radiator, qiyməti 150 manat olan 1 ədəd Priora 2172 üçün “Vis” radiator və qiyməti 120 manat olan 1 ədəd vaz 21073 üçün “Vis” radiatordan ibarətdir. Məhkəmə hesab edir ki, vahidinin qiyməti 25 manat olan 48 ədəd (cəmi 1200 manat), Rusiya istehsalı, “Rosneft Maximum” 10/40 yağları, vahidinin qiyməti 16 manat olan 16 ədəd (cəmi 256 manat), Rusiya istehsalı, “Felix”, vahidinin qiyməti 100 manat olan 6 ədəd (cəmi 600 manat), “Vis” radiatorlar 21213, 2170, 2106-2, 2107-2 və qiyməti 120 manat olan 1 ədəd, Niva 2114 üçün “Vis” radiatorun satılması 2087,45 manat məbləğində borcun ödənilməsinin təmin olunmasına kifayət etdiyindən iddia qismən təmin edilməlidir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-nin 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2087,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli protokol əsasında siyahıya alınmış cavabdehə məxsus vahidinin qiyməti 25 manat olan 48 ədəd, Rusiya istehsalı, “Rosneft Maximum” 10/40 yağları, vahidinin qiyməti 16 manat olan 16 ədəd, Rusiya istehsalı, “Felix”, vahidinin qiyməti 100 manat olan 6 ədəd, “Vis” radiatorlar 21213, 2170, 2106-2, 2107-2 və qiyməti 120 manat olan 1 ədəd, Niva 2114 üçün “Vis” radiatorun ticarət şəbəkələrində satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar